X. UŞAQ FOLKLORU
LAYLALAR
Bir gül əkdim boyunca,
Əyilmədim doyunca.
Ömrüm, günüm uzansın,
Öz balamın toyunca.
Balam laylay, a laylay,
Quzum laylay, a laylay.
Laylay dedim yatınca,
Gözlərəm ay batınca.
Zara-zinhara gəldim,
Sən hasilə çatınca.
Balam laylay, a laylay,
Nazım laylay, a laylay.
Quşlar uçur havada,
Balası var yuvada.
Gözüm boy atmağında.
Dilim sənə duada.
Balam laylay, a laylay,
Gözüm laylay, a laylay.
Balam gəlir yatmağa,
Böyüyüb boy atmağa.
Səhər yuxusu şirin,
Qıymıram oyatmağa.
Balam laylay, a laylay,
Gözüm laylay, a laylay.
Laylay, əməyim bala,
Duzum, çörəyim bala.
Tanrıdan əhdim budu,
Görüm köməyin, bala.
Laylası dərin bala,
Yuxusu şirin bala.
Tanrıdan əhdim budu,
Toyunu görüm, bala.
Laylay quzum ağlama,
Ürəyimi dağlama.
Böyü bir qoç igid ol,
Mənə ümid bağlama.
Laylay dedim adına,
Həqq yetişsin dadına.
Boya-başa çatanda,
Məni də sal yadına.
Dağların laylasına,
Gözlərin qarasına.
Atalar qurban olsun,
Öz körpə balasına.
Qalalar, ay qalalar,
Laçın orda balalar.
Ana balasın verməz,
Məgər zorla alalar.
Şan bağlayan arılar,
Qonar gülə sarılar.
Balama qurban olsun,
Yaşı ötmüş qarılar.
Qapımızda var çinar,
Yarpağı dinar-dinar.
Mənim bir tək balamı,
Saxlasın pərvərdigar.
Dağ başında qalam var,
Ürəyimdə nalam var.
Xəlqin dövləti, malı,
Mənim də bir balam var.
İgid qalasın istər,
Dağın lalasın istər.
Mən balamı istərəm,
Balam balasın istər.
Bağda bülbül oxuyur,
Saça sünbül toxuyur.
Balamı iyləyirəm,
Elə bil gül qoxuyur.
Ətiri güldən gəlir,
Güldən, sünbüldən gəlir.
Balamın gül beşikdə,
Yuxusu birdən gəlir.
Boya, buxuna dol, gəz,
Boynuma dola qol, gəz.
Cavanlar sırasında,
Sən də bir igid ol, gəz.
Mənim gül-butam, oğlum,
Ətrinə batam, oğlum.
Bir arzum var ürəkdə,
Toyunu tutam, oğlum.
Laylay balam, can balam,
Mən sənə qurban balam.
Ağlayıban göylümi,
Gəl, eləmə qan, balam.
Uyu balam, yat balam,
Qızılgülə bat, balam.
Qundağını bağlayım,
Şirin-şirin yat, balam.
Laylay balam, gül balam,
Gül balam, sünbül balam.
Laylayımla yatgilən,
Oyatsın bülbül balam.
Yaylığı kirli balam,
Qəlbi fikirli balam.
Tay-tuşların içində,
Mənim şəkilli balam.
Yol üstə bulaq ollam,
Yatmaram oyaq ollam.
Sən mənim öz balamsan,
Özüm göz-qullaq ollam.
Balam, bir söyün, görüm,
Sərv təki boyun görüm.
Tanrıdan arzum budu,
Balamın toyun görum.
Balama can demişəm,
Ağlasa can demişəm.
Balam dil açan gündə,
Quzu qurban demişəm.
Laylay dedim, yat dedim,
Yastığa baş at dedim.
Bala nazın mən çəkim,
Boya-başa çat dedim.
Laylay mənim bəbəyim,
Həm arzum, həm diləyim.
Dar gündə, dar ayaqda,
Sənsən mənim köməyim.
Mən aşiq quzu qurban,
Qoç qurban, quzu qurban.
Hər səhər boyun görsəm,
Kəsərəm quzu qurban.
Laylayım, sözüm qurban,
Ağlasın gözüm qurban.
Böyü, boya-başa çat,
Boyuna özüm qurban.
Laylay dedim ucadan,
Səsim çıxmır bacadan.
Allah səni saxlasın,
Çiçəkdən, qızılcadan.
Laylay dedim yatasan,
Qızılgülə batasan.
Qızılgülün içində,
Şirin yuxu tapasan.
Laylay dedim yatasan,
Dərdi, qəmi atasan.
Qzılgül bağın olsun,
Gül-çiçəyə batasan.
Oğul sən yarağımsan,
Güzgüsən, darağımsan.
Hər gün lazım olmasan,
Dar gündə dayağımsan.
Bir səs gəlir ellərdən,
Şirin-şirin dillərdən.
Tanrı, balamı saxla,
Ağır aylar, illərdən.
Dağlarda lalam sənsən,
Alınmaz qalam sənsən.
Kimim, kimsənəm yox,
Bir şirin balam sənsən.
Məni oyaq qoyan sən,
Qızılgülə boyan sən.
Öpüm şəhla gözündən,
Yatdın bəsdir, oyan sən.
Balamsan sən, nəyim sən,
Arxamsan, köməyimsən.
Mən sənin əziz anan,
Sən mənim diləyimsən.
Xırdacasan, məzəsən,
Sən hər güldən təzəsən.
Qurban olum o günə,
Ayaq tutub gəzəsən.
Laylay dedim biləsən,
Düşməyəsən dilə sən.
Boya-buxuna çatıb,
Oynayasan, güləsən.
Balamı tanıram mən,
Hər sözün qanıram mən.
Yuxuda ah çəkəndə,
Od tutub yanıram mən.
Laylay dedim gündə mən,
Kölgədə sən, gündə mən.
İldə qurban bir olsa,
Sənə qurban gündə mən.
Bala, ömrün çox olsun,
Göylün gözün tox olsun.
Sənə laylay çağırım,
Düşmanların yox olsun.
Bağçamızda bar olsun,
Heyva olsun, nar olsun.
Sən ayaq aç, gəz dolan,
Düşmanların xar olsun.
Dağlar gül-çiçək olsun,
Yarpağı ləçək olsun.
Bir bala görsədin ki,
Balamdan göyçək olsun.
Qızılgül bağın olsun,
Bağlar oylağın olsun.
Tanrıdan arzum budu,
Sevimli çağın olsun.
Qurbanın quzi olsun,
Quzunun yuzi olsun.
Quzudan qurban olmaz,
Qoy anan özi olsun.
Bağçalar bağa dönsün,
Bağım yaylağa dönsün.
Bircə kəlmə din, danış,
Ürəyim dağa dönsün.
Balam oynur, yatmayın,
Sözünə söz qatmayın.
Laylay çalın balama,
Yatanı oyatmayın.
Balam yatır beşikdə,
Bülbül oxur eşikdə.
Sən yat, yuxun alginən,
Mən durmuşam keşikdə.
Evində, eşigində,
Yat, quzum, beşigində.
Bir mən, bir dan ulduzu,
Durmuşuq beşigində.
Anan tel düzər sənə,
Bacın gül düzər sənə.
Tanrıdan əhdim budu,
Dəgməsin nəzər sənə.
Laylay, a balam laylay,
Alınmaz qalam laylay.
Sənə kəc baxanları,
Yandırsın nalam, laylay.
Laylay, bülbülüm, laylay,
Sarı sünbülüm, laylay.
Bağçalarda gül çoxdu,
Bir qızılgülüm laylay.
A, laylay, quzum laylay,
Ayım, ulduzum laylay.
Sən hasilə çatınca,
Hər dərdə dözüm laylay.
A laylay, gülüm laylay,
Gülüm, bülbülüm laylay.
Böyü, sənin sayəndə,
Mən də bir gülüm, laylay.
Laylay, maralım laylay,
Gəlmir qaralım laylay.
Böyü, bir qoç igid ol,
Sənə yar alım laylay.
Nərgizi üzüm, laylay,
Yaxana düzüm laylay.
Səni övləndirəndə,
Toyunda süzüm, laylay.
A laylay, butam laylay,
Qardaşım, atam laylay.
Gözləyirəm yatasan,
Mən də bir yatam, laylay.
A laylay, nənə laylay,
Can deyim sənə laylay.
Sənə gələn dərd-bəla,
Qoy gəlsin mənə, laylay.
Bala dadi, bal dadi,
Bala adam aldadi.
Yaxşısına can qurban,
Pisi verər bal dadi.
Ay doğdi, yana döndü,
Ulduzlar sana döndü.
Bala dərdi çəkməkdən,
Ürəyim qana döndü.
Laylayın bir quş idi,
Hasara qonmuş idi.
Əl uzatdım tutmağa,
Mələklər tutmuş idi.
Oxşasın dilim səni,
Böyütsün elim səni.
Meydanda at oynadan,
Bir igid bilim səni.
Atıban tutdum səni,
Əcəb ovutdum səni.
Can qoydum, cəfa çəkdim,
Şükür, böyütdüm səni.
Atım, tutum balamı,
Şəkərə qatım balamı.
Atası evə gələndə,
Qabağa tutum balamı.
NAZLAMALAR
Cürü cürülər yarpağı,
Astanalar torpağı.
Balamı sevməyənin
Gözünə bibər yarpağı.
Balama qurban inəklər,
Balam haçan iməklər!
Balama qurban tülkülər,
Balam haçan mürgülər?
Balama qurban yaylaqlar,
Balam haçan oynaqlar?
Bir bölük atlar, çəməndə otlar,
Göyçək arvadlar, bu balama qurban.
Dağın maralı, çölün ceyranı,
Dünyanın malı, bu balama qurban.
Balama qurban sərçələr,
Balam haçan dirçələr?
Balama qurban ilanlar,
Balam haçan dil anlar?
Balama qurban dayçalar,
Balam haçan əl çalar?
Balama qurban ozanlar,
Balam haçan söz anlar?
Ağrıdı başım, yoxdi sirdaşım,
Qohum-qardaşım bu balama qurban.
Çaydakı qazlar tükün tarazlar,
Cehizsiz qızlar bu balama qurban.
Çöldə meşəlik, gül bənövşəlik,
Mən həmişəlik bu balama qurban.
Səndən aralı, rəngim saralı,
Dağlar maralı bu balama qurban.
Bazarda atlar, boynu xamutlar,
Noğul nabatlar, bu balama qurban.
İlxıda atlar, çöldə göy otlar,
Ərsiz arvadlar bu balama qurban.
Dağda darılar, sünbül sarılar,
Qoca qarılar bu balama qurban.
Yaşıl söyüdlər, yekəbaş itlər,
Dağdaki qurdlar bu balama qurban.
Göydə ulduzlar, şaxtalı buzlar,
Nişanlı qızlar bu balama qurban.
Tüstüsüz damlar, sarı badamlar,
Tənbəl adamlar bu balama qurban.
Bazarda qazlar, tükünü tozlar,
Balama qurban küsəyən qızlar.
Çeşmələr, çaylar bir-birin haylar,
Balama qurban ulduzlar, aylar.
Badam badami, alim qadanı,
Balama qurban kəndin adamı.
Bağda xəzəllər yerdə süzəllər,
Balama qurban hami gözəllər.
Ağ əllər, ağ biləklər,
Bağçada qar kürəklər.
Atası evə gələndə,
Gah yerir, gah iməklər.
Çoban-çoban əlləri,
Ağrimasin qollari.
Ağrısa da ağrısın,
Özgələrin qollari.
ARZULAMALAR
Belə balalardan, Allah,
Tök bacalardan, Allah.
Hər evə beş-beş versən,
Bizə ver on beş, Allah.
Allah bundan beş dana ver,
Göydə uçan quşlara ver.
Həsrətdə qalmışlara ver,
Evdə qarımışlara ver.
Atıb tutaram səni,
Şəkərə qataram səni.
Atan evə gələndə,
Qucuna ataram səni.
Dil aç, açsın sünbüllər,
Gülgilən, gülsün güllər.
Quşlar avaza gəlsin,
Durnalar yaza gəlsin.
O gün olsun, maralım,
Sənə gözəl yar alım.
Həna əlimə yaxım,
Qönçə telimə taxım.
Deyək, külək, gülüşək,
Yaradana şükr edək.
Gülüm nay, bülbülüm nay,
Qadani mən alim, nay.
Balam qönçə gülümdi,
Gülümdi, bülbülümdi.
Gülüm nay, bülbülüm nay,
Mənim şirindilim nay.
Qurban deyim, can deyim,
Canımı qurban deyim.
Gülüm nay, bülbülüm nay,
Başına mən dönüm, nay.
Gözəl, gözün qurbani,
Şirin sözün qurbani.
Nə şirin danışırsan?
Danış dilin qurbani.
Gülüm nay, bülbülüm nay,
Qurbanın mən olum nay.
|