Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən



Yüklə 2,44 Mb.
səhifə111/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   107   108   109   110   111   112   113   114   ...   195
DÜZGÜLƏR
HAVALAN, HA HAVALAN


Havalan, ha havalan,

Havalandıq uçmağa

Həqq qapısın açmağa.

Qanadımız üzüldi,

El yaylağa düzüldi.

El yaylaqdan gəlincə,

Buğdaları dərincə,

Qocabaşi kəsdilər.

Qıntırğadan qılınc yaği,

İçində qurd-quş yaği.

Qurd-quş yağı dərmandı,

Canım sənə qurbandı.

Yoldaşlar hami getdi,

Oyunlar burda bitdi.




YAĞIŞ YAĞAR


Yağış yağar yağa-yağa,

Guşad düşər bizim bağa.

Gəlin gedək oynamağa,

Oynamağın vəqti dəgil,

Qızılgülün təxti dəgil.

Qızılgülü əkərlər,

Misqalinan çəkərlər,

Gəlmə bizim Dərbəndə,

Mənlə səni görərlər.



TÜLKİ, TÜLKİ


Tülki, tülki, tünbəki,

Quyruq üstə lümbəki.

Ala aslan ağamız,

Qara qaplan qağamız.

Xoruz bizim mollamız,

Çaqqal bizim çavuşumuz,

Ala qarğa carçımız,

Sağsağan xəbərçimiz,

Toyuq bizim çərçimiz,

Durun gedax bazara,

Qorxan düşsün azara.

Tülki, tülki, tülki səni,

Öldürəllər bil ki məni.


USTU BUDİ


Ustu budi ha, ustubudi,

O kişi mənim dostum idi.

Getdi bazara (Gilana),

gəlmədi,


Yaylığım aldi, vermədi.
Yaylığımın ucu qərə,

Yollandım İmamyarə.

İmamyarı öldürdülər,

Ağ şala geydirdilər.


Ağ şalın saçaqları,

Düm qara bucaqları.


Vurdum, sandıq açıldı,

İnci, mərcan saçıldı.


İnci, mərcan fil-fili,

Gəl, oxi bizim dili.

Bizim dil Urmi dili,

Urmudan gələn atlar,

Ağzında yüyən çatlar.
Heyvanın ağacları,

Baş gətirməz başları.

Vurdum başı üzüldi,

El yaylağa düzüldi,

Yarın canı üzüldi.



ƏLİMİ BIÇAQ KƏSİBDİ


Əlimi bıçaq kəsibdi,

O yana qaçdım, tütün idi,

Bu yana qaçdım, tütün idi.

Sarı köynəyun bütün idi,

Sarı köynəyun saçağı,

Qırağında bıçağı,

Əlimi bıçaq kəsibdi,

Dəstə bıçaq kəsibdi.

Yağ gətirin yağlayaq,

Dəsmal gətirin bağlayaq.

Dəsmal dəvə boynunda,

Dəvə Şirvan yolunda,

Şirvan yolu sərbəsər,

İçində güllər əsər,

O güldən birin üzeydim,

Tellərimə düzeydim,

Qərdəşimin toyunda,

Oturub, durub süzeydim,

Şirvan yoli buz bağlar,

Dövrəsi yarpız bağlar.

Boyunbağı düzeydim,

Xan dayımın toyunda,

Dureydim, oyniyeydim.



ÜŞÜDÜM, HA ÜŞÜDÜM


Üşüdüm, ha üşüdüm,

Dağdan alma daşıdım,

Almacığım aldılar,

Mənə zülüm saldılar.

Mən zülmdən bezaram,

Dərin quyu beş keçi,

Hanı bunun ərkəci?

Ərkəc qazanda qaynar,

Qənbər yanımda oynar.

Qənbər getdi oduna,

Qarğı batdı buduna.

Qarğı dəgil, qəmişdi,

Beş barmağım gümüşdi.

Gümüşi verdim tata,

Tat mənə darı verdi.

Qanadlandım uçmağa,

Həqq qapısın açmağa.

Həqq qapısı kiliddi.

Kilid dəvə boynunda,

Dəvə Gilan yolunda.

Gilan yolu sərbəsər,

İçində meymun gəzər,

Məni gördi, ağladi,

Tumanına qığladı.

Tumani dəlik-dəlik,

Qurbağa bölük-bölük,

Balaları haxladım,

Həsənxana saxladım,

Həsənxanın nəyi var?

Çaqqır-çuqqur çayı var,

Evində bir lüti var.

Üşüdüm ha, üşüdüm,

Dağdan alma daşıdım,

İlxı çıxdı yoluma,

Bir baxdım sağ-soluma,

Atlar gələr sürü ilə,

Boğuşar bir-birilə.

Kəhər, Qəmər, boz atlar,

Otların başı otlar.

Mindim Bozun boynuna,

Sürdüm Xalxal yoluna.

Quş kimi qanad açdım,

Dağlar, kədiklər aşdım.

Xalxal yolu daşlıca,

Usta qələm qaşlıca.

Usta məni oxitdi.

Qara saçımı toxitdi.

Qara saçımın şəvəsi,

Qızıldandı düyməsi.

Düşündüm mən iş nədi,

Atım burda kişnədi,

Atım niyə kişnədi?

Arpa-saman istisən?

Arpanı kimdən alım?

Xan qızı, xandan alım,

Xan qızı xalı toxur,

İçində bülbül oxur.
Mamani ha, mamani,

Balam kimi gül hani?

Gül hani, bülbül hani?

Balam gül tək açacaq,

Yurda ətir saçacaq,

Oxuyacaq, yazacaq,

Obasında, elində,

Anasının dilində

Şirin sözlər yazacaq,

Adlım٭ şair olacaq.


Mamani ha, mamani,

Balamı yaxşı tani.

Balam gecələr yatar,

Səhər tezdən oyani.

O mənə yoldaş olar,

Göylümə sirdaş olar.

Balam mənim qucaqda,

İşim, gücüm bucaqda,

Qazan qaynar ocaqda,

Gözüm qalıb ocaqda.


Mamani ha, mamani,

Tanrı saxla balami.

Balam söyür anami,

Anani, həm atani.

Xırdaca körpə ağlayar,

Ürəgimi dağlayar.


Allah, buna ver yoldaş,

Bir qumral telli qardaş.

Qardaşilə oynasın,

Mən də baxım öyünüm,

Lap ürəkdən söyünüm.
Qavalı çala-çala getdim

bağa,


Bağdakı qızlariynan

oynamağa.

Əl atdım böyük qızın

məməsinə,

Kiçik qız harayladı

nənəsinə.

Nənəsi çıxdı dama,

Bir daş vurdu qabırğama.

Qabırğamı tuta-tuta,

Getdim xana.

Xan dedi:

– Qaşı qərə, gözi qərə,

Nə düşmüsən bu çöllərə?

Verrəm səni

İgidlərə.

Bağlatdırram söyütlərə.

Yügütdürrəm ağ itlərə.

Bilcək mənim dərdim,

odum,

Əmr elədi:



Uzun-uzun uzatdılar,

Qabırğamı sazatdılar.

Xan dedi:

“Altına həsir salın,

Şeh keşməsin.

Üstünə çadır çəkin,

Gün düşməsin.

Atına arpa verin

Kişnəməsin.

İtinə sümük tökün

Hürməsin”.

________________________

٭ adlım- məşhur

ACITMALAR
HƏSƏN AĞA


Həsən ağa,

Doldi yarağa,

Mindi ulağa,

Yollandı bağa,

Bir quş vurdi,

O da qurbağa.

Başını kəsdi,

Özi yemədi,

Verdi qonağa.

Qonaq yemədi,

Saldı yağa,

Özi təllədi*,

Düşdi yatağa.



NƏYİMƏ GƏRƏK?


Bizə üç ad bəllidi,

Şəkərlidi, ballıdı.

Fatmə, Tükəzban,

Zübeydə bir can.


Fatmə, Tükəzban,

Qarışdı hər yan.

Kişnədi göylər,

Dağıldı yerlər.

Fatmə, Zübeydə,

İkisi bir boyda.

Fatmə savaşdi,

Zübeydə qaşdi.

Divardan aşdi,

Başmağa düşdi,

Zığa bulaşdi,

Təndirə düşdi.

Fatmə təndirdə,

Ayağı kəndirdə

Fatmə biçində,

Qan-tər içində,

Cırığdı doni.

Neyniyir oni.

Tükəzban yatır,

Qız demə qatır,

Ayağı kəndirdə,

Nəfəsi kəndirdə.

Ömri axırdi,

Yeri naxırdi.


_____________________




SINIQ QOL HA, SINIQ QOL


Sınıq qol ha, sınıq qol,

Suya gedər sınıq qol,

Sudan gələr sınıq qol.

Evdə çox iş olanda,

Sallanıb qalar sınıq qol.

İp atmağa gedəndə,

Su çəkmağa gedəndə,

Ot dərmağa gedəndə,

Sallanıb qalar sınıq qol.

Yağlı çörək görəndə,

Düm-düz durar sınıq qol.



MƏN DƏ SƏNLƏ


Gəl, gedax bağa

Mən də sənlə.

Çıxaq budağa

Mən də sənlə.

Şaftalı dərək

Mən də sənlə.

Cibi doldurax

Mən də sənlə.

Bağban gələndə

Mən də sənlə.

Qaçıb gizlənək

Mən də sənlə.

O bizi görsə

Mən də sənlə.

Tutmaq istəsə

Mən də sənlə.

İti küşgürtsə

Mən də sənlə.

Divardan aşaq

Mən də sənlə.

Qaçaq qurtulaq

Mən də sənlə.




KEÇƏL


Keçəl, keçəl, bamiyə,

Getdi həkimxaniyə.

Həkimxana bağlıdı,

Keçəlin başı yağlıdı.


Keçəl, keçəl, daz keçəl,

Tayı tapılmaz keçəl.

Qış çıxıb qurtarıbdı,

Budu gəlir yaz, keçəl.

Keçəl, aşın bişibdi,

Noxudları şişibdi.

On iki keçəl bir yerdə,

Xarta-xarta düşübdi.


Keçəl deyər: “Vay başım,

Qazanda qaynar aşım.

Aşımı içən öleydi,

Başıma siçan oleydi”.

Keçəl, keçəl, mərəndi,

Yaxası düymələndi.

Eşitdi saçlı gəlir,

Başına gül ələndi.


Keçəlin xundi başi,

Eşşəyə mindi başi.

O yanda dava düşdi,

Bu yanda sındı başi.




SANAMALAR


İynə, iynəcə,

Uci düyməcə,

Bal ballıca,

Ballı keçi,

Şam ağacı,

Şatır keçi.

Qoz ağacı,

Qotur keçi.

Happan, huppan,

Yarıl, yırtıl,

Su iç, qurtul.



BARMAQLAR
Bura bir xrmən idi,

İçi doli dərman idi.

Bura bircə quş qondi,

Bu vurdi, bu tutdi,

Bu bişirdi, bu düşdi.
Bu deyər: “Gəlin, gedək oğurluğa”,

Bu deyər: “Hani nərdivan?”

Bu deyər: “Məndən uca nərdivan?”

Bu deyər: “Axı Allah var, peyğəmbər var”.

Sən də ki kül qalasan, böyümiyəsən.

YANILTMACLAR (ÇAŞDIRMALAR)
Bizim küçənin döngəsi, qoşqa inəyin cöngəsi, quqqulu qu, bir dana bisti* tapmışam.
Boz atın boz torbasın boş as başından, apar islat, gətir yaş as başından.
Bu ev mənim babamın imiş.
Gəl gedək qonum-qonşuyla bayramlaşaq, qonum-qonşu bayramlaşsa da bayramlaşaq, bayramlaşmasa da bayramlaşaq.
Girdim təndirə, sildim, süpürdüm, silkindim çıxdım.
Gəl gedək bu çəltiki toxmaqlayaq, toxmaqlasan da mən toxmaqlayacağam, toxmaqlamasan da toxmaqlayacağam.
Kəsilməlini kəsmək istəsən də kəsməlisən, kəsmək istəməsən də kəsməlisən.
Qırx gün, qırxının da qulpu qırıq gün.
Qalayçi Qasım qara qazanı qalaylaya-qalaylaya qovzayır, qoyur.
Qatığı sarmisaqlasan da yemək olar, sarmisaqlamasan da.
Ocağı sən alovlandırma, alovlandırsan da alovlanacaq, alovlandırmasan da alovlanacaq.
Şəhərə girdi on beş boz eşşək, beşinin yüki bez-buz eş­şək, beşinin yükü duz-buz eşşək, beşinin yüki qoz-buz eşşək.
Tək-tək dükcə, cüt-cüt dükcə, üç cüt dükcə.
Yüyürüb yüyürəni yürüdə-yürüdə yükümü yerinə yetirdim.

_________________________

٭bisti – xırda qara pul


Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin