Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən



Yüklə 2,44 Mb.
səhifə112/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   108   109   110   111   112   113   114   115   ...   195
QARAVƏLLİLƏR
XORUZLA PADŞAH
Günlərin bir günündə xoruz küllükdə eşinə-eşinə bir bisti tapdı. O sevincək hər tərəfə səs saldı:

– Quqqulu qu, bir dana bisti tapmışam, quqqulu qu, bir dana bisti tapmışam.

Xoruzun vəktsiz banlaması şahı acıqlandırdı. O, qulamla­rına dedi:

– Gedin, o həramzadənin bistisini alın, səsini batırın.

Qulamlar gedib bistini aldılar, lakin xoruzun səsi nə ki batmadı, bəlkə bir daha ucaldı:

– Quqqulu qu, padşah məndən yoxsul imiş.

Şah öz işindən peşman olub dedi:

– Aparın onun bistisini verin özünə, bəlkə səsin kəsə.

Lakin xoruzun səsi genə hər tərəfə yayıldı:

– Quqqulu qu, padşah məndən qorxarmış.

Bu söz şahı yerindən oynatdı. O dedi:

– Gedin o həramzadəni tutun gətirin, başını kəsin.

Xoruzu tutub gətirdilər, aşpaz piçağı onun boğazına qoyan­da genə səsləndi:

– Quqqulu qu, nə iti piçaq imiş.

Şah dedi:

– Onu bu gün naharda dügü üstə qoyun, hüzura gətirin.

Xoruzun tüklərini ütüb basdılar qazana. Qaynar qazanın içindən xoruzun genə səsi gəldi:

– Quqqulu qu, nə isti hamam imiş.

Nahar çağı onu pilov üstə qoyub gətirdilər. Xoruz genə banladı:

– Quqqulu qu, nə ucaca dağ imiş, qar kimi ağappaq imiş.

Şah qolların çirmayıb xoruzu yeməgə başladı. Xoruz şahın boğazından keçəndə genə səsləndi:

– Quqqulu qu, nə darca küçə imiş. (sonradan səs dərindən eşidildi: “Nə poxlu pəyə imiş”).

O qədər çəkmədi şahın qarnı quruldamağa başladı. Şah çəkildi xəlvətə, iş döndü qiyamətə.


QARI İLƏ BİZOVİ
Biri var imiş, biri yoxuymyş, günlərin bir günündə bir qarı nənənin ceyran baxışlı, maral duruşli, quyruği saçaq, alnı qaşqa bir bizovi var imiş. Amma heyif ki, pəyədə onun yeri darmış. Qarı nənə genə günlərin bir günündə şaxtalı bir qış günündə bizovini suvarmağa apardı. Bizov buzun üstün çıxar-çıxmaz ayağı sürüşdi, yerə yıxıldı. Qarı nənə çox çalışdı, çox əlləşdi, bizovi bir təhər yerdən qovzadı. Amma doğrusu yoruldi, hirsli-hirsli üzün buza tutub dedi:

– Ay buz, sən nə yamansan!

Buz dedi: “Mən yaman olseydim, gün məni əritməzdi”.

Qarı nənə üzüni Günə tutub dedi:

– Ay Gün, sən nə yamansan!

Gün dedi: “Mən yaman olseydim, bulud qabağımı kəsməzdi”.

Qarı nənə üzüni buluda tutub dedi:

– Ay bulud, sən nə yamansan!

Bulud dedi: “Mən yaman olseydim, yel məni dağıtmazdı”.

Qarı nənə üzüni yelə tutub dedi:

– Yel sən nə yamansan!

Yel dedi: “Mən yaman olseydim, yağış məni yatırtmazdı”.

Qarı nənə üzüni yağışa tutub dedi:

– Ay yağış, sən nə yamansan!

Yağış dedi: “Yaman olseydim, göy məndən bitməzdi”.

Qarı nənə üzüni qoyuna tutub dedi:

Ay qoyun, sən nə yamansan.

Qoyun dedi: “Yaman olseydim, qurd məni yeməzdi”.

Qarı nənə üzüni qurda tutub dedi:

– Ay qurd, sən nə yamansan.

Qurd dedi: “Mən yaman olseydim köpək məni boğmazdı”.


Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin