BU GƏLƏN YAR OLAYDI!
Bu gələn yar olaydı,
Qoynunda nar olaydı,
İkimiz bir köynəkdə,
Yaxası dar olaydı.
Bu gələn yar olaydı,
Gözü ceyran gözüdü,
Bir keçdi tanımadım,
Bir baxdım, yar özüdü.
Bu gələn yara bənzər,
Boyu çinara bənzər,
Nə gözəl nazənindi,
Sevgilim yara bənzər.
BU DƏRƏ UZUN DƏRƏ
Bu dərə uzun dərə, getdikcə uzun dərə,
Burda bir bağ saldırram, yar gələ, üzüm dərə.
Bu dərənin uzunu, çoban qaytar quzunu,
Çoxdandı görməmişəm şux yarımın üzünü.
Durma qapı dalında, gözüm qaldı yolunda,
Gedim anama deyim, gəlim qalım yanında.
Su gəlir lülə-lülə, yar gəlir gülə-gülə,
Əlində ipək dəsmal, tərini silə-silə.
EVLƏRİNİN DALI YONCA
Evlərinin dalı yonca,
Yonca qalxıb yar boyunca,
Boyu uzun, beli incə.
Üç telli, dörd telli, beş telli durna,
Sən haralısan, haralı durna!
Sən getmisən dağlar saralı durna!
Ovçu əlindən yaralı durna!
Yaralı, yaralı, yaralı durna!
Evlərinin dalı təpə,
Yağış gəlir səpə-səpə,
Oyadıram öpə-öpə.
Nəqərat
Evlərinin dalı qaya,
Qayadan baxarlar aya,
Mənim dərdim gəlməz saya!
Nəqərat
Evlərinin dalı hasar,
Gün gələr kölgəni basar,
Oxuram, yar qulaq asar!
Nəqərat
Corabının üstü buta,
Mənim ahım səni tuta,
Məni saldın yaman oda.
SAMAVAR ALMIŞAM
Samavar almışam, silənim yoxdu,
Bir dərdə düşmüşəm, bilənim yoxdu,
Göz yola tikmişəm, gələnim yoxdu,
Ay Allah, bu ceyran niyə gəlməz oldu,
Aşdı bu uca dağları, görünməz oldu.
Samavar almışam, silə bilmirəm,
Bir dərdə düşmüşəm, deyə bilmirəm,
Bu acı dərmanı yeyə bilmirəm.
Nəqərat
Samavar almışam, rəngi sarıdı,
Soruşun bu ceyran kimin yarıdı,
Məni yara qovuşduran tarıdı.
Nəqərat
Samavar almışam dörd yanı yarpız,
Soruşun bu ceyran kimin yarıdı,
Məni yara qovuşduran tarıdı.
Nəqərat
Samavar almışam dörd yanı yarpız,
Sənə qurban olum xırdaca baldız,
Qardaşın gedəli qalmışam yalqız.
Dostları ilə paylaş: |