Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən



Yüklə 2,44 Mb.
səhifə147/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   143   144   145   146   147   148   149   150   ...   195
KEÇƏLİN XƏZİNƏ TAPMASI
Birinin arsız keçəl bir oğlu vardı. Əlini ağdan-qaraya vur­mazdı. Elə deyərdi ver yeyim, ört yatım, gözlə canım çıxmasın. Bi­çarə kişi gecə-gündüz cüt sürüb, bel vurub, əkin edərdi, anası yazıq da paltar yumaqdan, çörək yapmaqdan əl-ayaxdan düşmüşdü. O ikisi qazanıb, gətirərdilər, keçəl rahatcasına oturub yeyərdi.

Bir gün keçəlin anası dedi: – Oğul, yarım saat get, o cütü atanın əlindən al, sür, qoy o gəlib naharını yesin.

Keçəl dedi: – Mən gedə bilmərəm, cütü qoysun, gəlsin. İstəyirsiz bu yolla məni yavaş-yavaş işə çəkəsiz?

Anası dedi: – Yox, oğlum, bu dəfə elə əvvəl axırdı, daha bundan sonra sənə heç iş tapşırmaram!

Keçəl dedi: – Bu dəfə gedirəm, amma bundan sonra mənə iş desəz dünyanı dağıdaram.

Anası dedi: – Olsun.

Keçəl gedib cütü atasından alıb sürməyə başladı. Atası nahar yemək üçün evə gəldi. Amma yorğun olduğuna görə nahar yeyəndən sonra yuxusu tutub yatdı. Keçəl yarım saat cüt sürdükdən sonra gördü dədəsi gəlmədi. Öz-özünə dedi:

– Bunlar məni bu yol ilə işə çəkmək istəyirlər. Yaxşısı budu cütü şuma salıb sındırım, daha bunlar tövbə eləsinlər, mənə iş deməsinlər.

Bu xəyal ilə bir böyük daşı nəzərə alıb, cütü ilişdirdi ona, öküzlərə bir iki ağac vurdu. Öküzlər güc verdilər, amma keçəlin şansından cüt sınmaq əvəzinə, o yekəlikdə daş yerindən qovzanıb bir tərəfə dığırlandı, altından bir quyu açıldı. Keçəl gördü quyunun içi doludu böyük-böyük qızıl xumları ilə. Xumların birinin ağzını açdı, gördü ləl cəvahir ilə doludu. Keçəl fikrə düşdü, dedi əgər mən bu qəziyyəni dədə-nənəmə desəm, onlar məni işlədəcəklər. Yaxşısı budu ki, bu yoldan keçənlərdən birini çağırım, xəzinəni ona verim, ta özüm rahat olum. Bu xəyal ilə yoldan keçən iki atlını səsləyib dedi:

– Ey ağalar, gəlin bura, sizə bir yaxşı sözüm var.

Atlılar atlarının başını keçələ sarı döndərdilər. Amma keçəl birdən peşman olub öz-özünə dedi: – Ey dili-qafil, sənin atan-anan gecə-gündüz mal kimi işləyib, axşamadək tər tökürlər, arpa çörəyini doyunca tapıb yeyə bilmirlər. İndi insaf deyil, mən bir belə qızılı müftəsinə verim, özgələr aparsın. Bu zaman atlılar yetişdilər. Keçəl daha bir söz tapıb deyə bilməyib, gülərək dedi:

– Hey... ağalar, mən istəyirəm sizdən soruşam ki, bu qırmızı öküz bu qara öküzün nəmənəsidi?

Atlılar baxıb gözlərini ağardaraq, atlarını döndərib getdilər. Keçəl dediyi sözlərdən peşman oldu, dedi, ey kaş verəydim, aparaydılar, yoxsa dədə-nənəm bunları daşıyanda məni də işə çəkəcəklər. Odur ki, dubarə atlıları səsləyib dedi:

– Ağalar, gəlin bu dəfə düzünü deyəcəm.

Atlılar dedilər bu keçəl sözsüz deyil, gedək görək nə demək istəyir. Dubarə keçəlin yanına gəldilər. Onlar gəlincə keçəl genə də ata-anasının kasıblığını yadına salıb peşman oldu ki, niyə bir halda ki, ata-anası bu çətinliklə rüzgar keçirdirlər, bir belə xəzinəni verim özgə adam aparsın? Odu ki, genə onları ələ salaraq dedi:

– Axı mənim dədəm deyir ki, bu qırmızı öküz bu qara öküzün əmisi oğludu. Mən istəyirəm görüm ki, sizin başız çıxar, görəsiz ki, bunlar doğurdan da bir-birləri ilə qohumdurlar, ya yox?

Atlıların biri hirslənib qamçı ilə beş-altı dənə keçəlin kəl­ləsinə vurannan sonra yola düşdülər.

Keçəl genə işləməyin qorxusundan dedi qoy çağırım qızıl­ları verim aparsınlar rahat olum. Ata-anam cəhənnəm, mən ki, işləmirəm. Onlar qazanırlar, mən yeyirəm, mənə nə var ki, onlar çox zəhmət çəkirlər. Odu ki, atlıları bir də səsləyib dedi:

– Gəlin, bu dəfə lap doğrusun deyəcəyəm.

Atlıların biri dedi: – Gəl gedək işimizə, bu keçəl bizi ələ sa­lar. O biri dedi, yox, bu keçəldə bir söz var, amma qorxur ki, bi­zə desin. Bu dəfə hətmən deyəcəkdi. Bir də atlarını döndərib ke­çələ tərəf gəldilər, amma keçəl genə də ata-anasının bədbəxt­liyini yadına salıb peşman oldu. Atlılar gəlib keçəli dilə tutdular ki, qorxmasın, hər nə bilir, desin.

Keçəl dedi:

–Axı, mən sizdən qorxuram. And için ki, məni vurmaya­caqsız, düzünü deyim.

Atlılar ikisi də and içdilər ki, işləri olmayacaq. Keçəl dedi ki, sözün düzü budu ki, mən sizi ələ salmışam, lap sadəsi sizi sərmişəm.

Atlılar and içdiklərinə görə bir zad deməyib atlarını qovub uzaqlaşdılar. Keçəl fikir-xəyal içində evlərinə gəldi. Ata-anası dedilər ki, keçəl, bəs niyə öküzləri özbaşına buraxıb gəldin?

Keçəl dedi ki, gəlmişəm sizə bir mənfəətli söz deyəm, amma bir şərt ilə ki, məni işlətməyəsiz.

Dedilər: – Yaxşı, işlətmərik, de görək nə var?

Keçəl dedi: – Bir dənə qızıl xəzinəsi tapmışam, amma gərək özünüz daşıyasız, mən əlimi vuran deyiləm.

Dedilər: – Eybi yoxdu, sən get yorğanı çək başına yat, heç kəsə də bir söz demə, biz gecə ilə qızılları evə daşıyarıq. Keçəl xəzinənin yerini deyib, yorğanı başına çəkib yatdı.

Hava qaranlıqlaşandan sonra ər-arvad çuval, kisə götürüb, qızılları evə daşımağa başladılar. Amma səhərə az qalmış gördülər ki, hava işıqlanır, hələ qızıllar qurtarmayıbdı. Anası gəlib keçəli oyadıb, dedi:

– Bala, qızılları daşıyıb qurtarmışıq. Amma bir azca qalır, indi hava işıqlanır, hamı görər, qızıllar əlimizdən çıxar. Dur, bir-iki ayaq da sən kömək elə. Daha söz veririk ki, bundan sonra heç vaxt sənə iş tapşırmayaq.

Keçəl deyinə-deyinə durub bir balaca torba götürərək qızıl daşımağa başladı. Hava işıqlanınca işlərini qurtardılar. Amma keçəlin canı acımışdı. Öz-özünə dedi, eybi yoxdu, mən bunun əvəzini çıxaram. Bilirdim ki, bu işin axırı mənə ziyan yetirə­cəkdir. Odu ki, bu xəyal ilə bir dənə xum qapağı, hər xumdan da bir-iki qızıl götürüb, dağarcığına doldurub başının altına qoyub yatdı ki, səhər aparıb, padşaha görsədib qəziyyəti desin. Amma anası keçəli yaxşı tanıyırdı. Gördü ki, keçəl çox oyan-buyana vırnıxır, bildi ki, bir əməli var. Keçəli yuxu aparandan sonra gəlib dağarcığı yavaşca başının altından çəkib çıxartdı. Gördü hamısı qızıldı. Onları boşaldıb, yerinə saxsı sınığı doldurub, xum qapağının əvəzinə də bir sınıq kasa qoyub, dağarcığın ağ­zını bağlayıb keçəlin başının altına qoydu. Səhər keçəl yuxudan durub dağarcığı götürüb, birbaş şahın sarayına yollandı. Qara­vullar qabağını kəsdilər, keçəl hay-küy saldı:

– Baba, qoyun gedim içəriyə. Mən bir xəzinə tapmışam.

Şah səs-küy eşitdikdə, xəbər aldı ki, nə olubdu?

Dedilər, bir keçəl oğlan gəlib, deyir xəzinə tapmışam. Şah dedi:

– Qoyun gəlsin.

Keçəli saraya ötürdülər. Padşah soruşdu ki, nə var?

Keçəl dedi: – Qurban, mən bir xəzinə tapmışdım, gecə atamla, anam daşıyıb evə apardılar.

Şah dedi: – Hardan məlum ki, sən düz deyirsən?

Keçəl dedi: – Qurban, nümunələrini gətirmişəm.

Şah dedi: – Çıxart görüm.

Keçəl dağarcığın ağızını açıb yerə boşaltdı. Gördü ki, hamısı saxsı sınığıdı.

Şah dedi: – Tapdığın xəzinə budu?

Keçəl gördü ki, börk başına keçibdi. Genə axmaqcasına gülərək dedi:

– He, he, he, qurban, düzü budu ki, sizin xanım bu saxsı sınıqlarının sayıca bizdən on şahılıq pul, bu sınıq kasa dolusu da un borc alıb, nə vaxtdı ki, gətirib vermir, məni də dərbara qoy­murlar, odu ki, xəzinəni bəhanə eləyib gəlmişəm ki, borclarımı xanımdan alım.

Şah acıqlanıb dedi: – Aparın bu axmağa yüz şallaq vurun.

Keçəl şallaqları yedikdə harayı göyə çıxdı. Dedi:

– Şaha deyin düzünü demək istəyirəm.

Şah əmr etdi ki, vurmasınlar, görək nə demək istəyir.

Keçəli dubarə şahın yanına gətirdilər. Şah dedi:

– Keçəl, nə demək istəyirsən?

Keçəl dedi: – Qurban, istəyirəm deyim ki, bu şallaqlar məni incidir. Tələbimizi vermirsiz, verməyin. Özümü barı ötürün, qoyun gedim.

Şah vəzirə baxıb dedi: – Elə bil bu bədbəxt divanədi.



Vəzir dedi: – Qurban, bu adam zahirdə sözlü adama bənzəyir.

Şah dedi: – Bir meydanda böyük bir təpə saman tökün, keçəli onun arasına qoyun, samana od vurun. Əmri yerinə yetir­dilər. Samanın acı tüstüsü keçəlin boğazına doldu. O az qaldı ki, boğulsun. Çığırıb dedi:

– Qurban, bu dəfə düzünü deyəcəm.

Keçəli genə də şahın yanına apardılar.

Şah dedi: – De görüm, nə var?

Keçəl dedi: – Qurban, çox hirslisiz, mənə əziyyət verirsiz. And için ki, əziyyət verməyəcəksiz, deyim.

Şah and içdi ki, əziyyət verməyəcək.

Keçəl dedi:



– Lap düzü budu ki, qurban, istədim gəlib səni yaxından görəm.

Şah and içdiyinə görə bir söz deməyib, əmr elədi keçəli eşiyə çıxartsınlar. Keçəl dağarcığını götürüb, evlərinə gəldi, gördü evləri yerində yoxdu. Bir də baxıb gördü anası qəşəng libas geyib, ləl-cavahir ilə özünü bəzəyib.

Keçəl dedi: – Ana, bəs evimiz hanı?

Anası dedi: – Oğul, şəhərin o tərəfində iki imarət almışıq, biri dədən ilə mənimki, biri də səninkidi. Kəniz, nökər tutmuşuq ki, sənə xidmət eləsinlər. Sən fəqət ye, yat, ayrı işin olmasın. İndi gəl, get hamama, təzə libaslarını göndərim, geyin, get öz qəsrivə.


Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin