İp atlanma oyunu: Bir neçə metr ipi götürərdilər. İki nəfər ipin o baş, bu başından tutardı. Bir neçə uşaq da arada qalardı. Ipin ucu əllərində olan uşaqlar ipi tullayırdılar. Aradakı uşaqlar gərək öz hərəkətlərini ipin hərəkəti ilə həmahəng eyləyəydilər. Onlar atlanırdılar ki, ip başlarından gəlib, ayaqlarının altından sovuşurdu.
İp atlanma oyununu uşaqlar təklikdə də oynayırdılar. Yenə də bir iki metrlik ipi götürərdilər. İpin hər ucunu bir əllərilə tutardılar. İpi başları üstündən fırladıb atlanardılar. Burada da gərək ip başlarının üstündən keçib ayaqlarının altından keçəydi. Bu oyunda uşaqlar çox sürətli olmalı idilər. Hər kəs yüz dəfə atdansaydı o, qalib sayılardı.
* * *
Bir ayrı oyun da vardı ki, bu oyun üçün əvvəl qardondan bir uca börk düzəldərdilər. O börkü bəzəyəndən sonra bir uşağın başına qoyardılar. Uşaqlar çox sayda onun ətrafında dairə vurardı. Uşaqların hamısı əl çalırdı. Sonra biri deyirdi: bir başı var şuxar, bir börkü var şuxartana, qələndər, hay qələndər. Bir bığı var şuxartana, qələndər, hay qələndər. Bir gözü var şuxartana, qələndər, hay qələndər. Bir burnu var şuxartana, qələndər, hay qələndər.
O börklü, bağlı uşaq özü də başqa uşaqlarla birlikdə çalıb oynayırdı. Sonra uşaqlardan biri yavaşca gəlir, əllərin daldan gətirib onun gözlərini bağlayardı, qalan uşaqlar “gözüyü tutan kimdi?” Əgər adını dürüst deyə bilsəydi, azad olardı, amma əgər deyə bilməsəydi, yenə oyun onun idi.
Amma əgər tapa bilsə gərək börkü gözlərini tutan uşağa verəydi. O, oyunu başlayırdı.
Dostları ilə paylaş: |