Ramazan ayında işlənən adətlər
Ev qadınları orucluq ayına on gün qalandan hazırlıq görməyə başlayarlar. Düyü unu, firni, baləng mürəbbəsi, püstəgülü mürəbbəsi, ziriş mürəbbəsi düzəldirlər. Bunları iftar üçün hazırlayırdılar.
Camaat gecələr məscidə gedərdi. Orada qəza namazı qılardılar, dua oxuyub, rövzəyə, movizəyə quluq asardılar. Camaat obaşdana bir saat qalana kimi məsciddə olardı. Sonra da obaşdanlıq yeyərdilər. O zaman obaşdanlıq zamanının qurtarmağını elan etmək üçün top atəşindən istifadə edərdilər. Camaat obaşdandan sonra oyaq qalardı. Sübh azanına kimi dua oxuyardılar. Azan vaxtı namazlarını qılıb yatardılar. Sabah axşama dörd saat qalanda yuxudan oyanıb, genə də məscidə gedərdilər. İftaracan məsciddə namaz qılıb dua eləyərdilər.
Evlərdə iftara yarım saat qalanda süfrə döşənərdi. Süfrəyə çoxlu yemək düzərdilər. Gildik aşı, firni, yəxdərbehişt, mürəbbəcat, küftərizə, kotlet, kükü, abguşt, çilo kabab, fətir, quymaq, pendir, stakanlarda isti su qoyardılar. Orucu su ilə açardılar. Dalısıncan şirin çay içərdilər. İftardan əvvəl evin böyüyü iftar duası oxuyar, yanındakılar da yavaş-yavaş təkrar edərdilər.
Orucu açmaq zamanını elan etmək üçün top atardılar. Hər kəsin ölüsü orucluqdan əvvələ düşsəydi gərək on beş gün qapılarını gecədən keçənə kimi açıq qoyardılar. Bir neçə məcməyi iftarlıq hazır eləyərdilər. Ölüsü ölənin yaxın qohumları iftardan qabaq gələrdilər. Uzaq qohumlar iftardan sonra orucluğun axır günü əvvəl fitrəni ayırırdılar. Sonra iftar açardılar. Axırıncı gecə əlvan şişə ilə aya baxardılar. Əgər ayı görsəydilər sabahı bayram tutardılar. Əgər görə bilməsəydilər Qum şəhərindən müctəhidlərin teleqrafını gözləyərdilər. Teleqraf gələndən sonra bayram tutardılar. Bayramı elan eləmək üçün də topdan istifadə edərdilər. Hamı bilərdi ki, bayram olub, sübh tezdən bayram namazına gedərdilər. Namazdan sonra alimlərin görüşünə gedərdilər. Bir-birinə “Namazın qəbul olsun” deyirdilər.
Dostları ilə paylaş: |