Əşayirin Ərdəbil hücumu
Qədim bir dövrdə Ərdəbil həndəvərində olan Əşayirlər şəhərə hücum edib bütün bazarları, evləri çalıb çapırmışlar. Bu dövranın adına “Atlıq” deyiblər. Onlar küçəbəküçə, evbəev gedib, tamam ev hacatlarını, ələ gələn vəsaili aparırdılar. Onlar fəqət seyidlərə ehtiram qoyarmışlar. Əgər bir nəfər seyid küçə qabağında dayanıb, onlara desəymiş o küçəyə girməsinlər, onlar tez bu təklifi qəbul eyləyib deyirdilər: – Ağa, cəddinə qurban.
Bundan sonra yoldan qayıdarmıslar, o günlər çox qorxulu, əmniyyətsiz günlər imiş. Camaat hamısı qorxu içində yaşayarmış.
Mərhum ağayi Fərəc Pənabadi rus rəiyyəti imiş. Onun bir böyük həyəti var imiş. Bazar əhli, tacirlər çadır qurub, ara sakitləşənə kimi orada yaşayırmışlar. Əşayirin haqqı yoxuymuş oraya getsin, çünki rus rəiyyəti sayılırmış. Camaatın bəzisi qiymətli vəsaillərini qorumaq ücün quyu qazıb onu quyuya tökərmişlər. Amma bütün bu işlər çox zaman qaydasız olarmış.
O zaman pul az imiş, cins çox. Pullular barəsində müxtəlif zərb-ül-məsəllər işlədirdilər. Məs: “Pulun oldu əlli, adın oldu bəlli”, “Pulun oldu yüz, gir içində üz”, “Pulun oldu min, kəhər atı min”. O zaman bir şahı pulla üç cürə şey almaq olardı. Neçə illər bundan qabaq bir ev uçulmuşdu. Onun damından bir üstü yazılı taxta düşmüşdü. Onun üstündə yazılmışdı: “Ey camaat yumurtanın onun bir şahıya aldıq, amma arvad boşamadıq.”
Dostları ilə paylaş: |