SƏBR EDƏNLƏRƏ BEHİŞT VƏDƏSİ VERİLMİŞDİ
Molla bir gün söhbət arasında arvadına deyir: – Arvad, bilirsən, biz bu dünyada bir ağ gün görmədik, amma bilirəm ki, o dünyada kef çəkəcəyik. Çünki ikimiz də dinməz-söyləməz behiştə gedəcəyik.
Arvad soruşur: – A kişi, de görüm, bunu kim sənə deyib?
Molla deyir: – Heç kəs mənə deməyib. Bunu özüm başa düşmüşəm. Biz ikimiz də ömür boyu biri-birimizin kifir sir-sifətinə baxıb səbir eləmişik. Odur ki, yerimiz behiştdü.
EŞŞƏK İLƏ İNƏGİN FƏRQİ
Mollanın bir eşşəgi, bir inəgi, bir də xırdaca töyləsi var idi. Töylə elə balaca idi ki, eşşək orda yatanda inək ayaq üstə qalardı. İnək yatanda eşşək yatmağa yer tapmazdı.
Molla eşşəgini çox istədigi üçün bir gün Allaha yalvarar ki, “Allah, bu inəgi öldür, bəlkə eşşək rahatlığa çıxa”.
İki gün sonra səhər töyləyə gələndə görür ki, eşşək ayaqlarını dirəyib ölüb.
Molla bu hadisədən çox mütəəssir olub üzünü göyə tutub deyər: “Ağzıma daş-torpaq, min ildi Allahlıq edirsən, hələ inək ilə eşşəgi bir-birindən ayırd edə bilmirsən?”.
Dostları ilə paylaş: |