DİLƏNÇİLİK ÇÖRƏYİ YEYƏN ÖKÜZ CÜTƏ GETMƏZ
Əkinçi şum qurtarandan sonra öküzü özbaşına buraxıb, bir tərəfdə dincəlməyə başladı. Öküz otlaya-otlaya kölgəliyə gəlib çıxdı. Kölgəlikdə bir nəfər dilənçi torbası yanında yatmış idi. Öküz yaxınlaşıb torbada hər nə ki var idi yedi. Çox keçmədən dilənçi ayıldı, gördü öküz torbasında olanları yeyib. O, öküzün yiyəsinin yanına gəlib dedi:
– Sənin öküzün mənim torbamda hər nə var idi yeyib, sən görək onun ya özünü, ya pulunu mənə verəsən. Öküz yiyəsi dedi:
– Bu arada əgər bir nəfər verəcaqlı olsa, o da sənsən.
Dilənçi dedi:
– Hələ mən niyə?
– Çünki sən mənim öküzümə dilənçilik çörəyi yedirtmisən, dilənçilik çörəyi yeyən öküz də cütə getməz!
Dostları ilə paylaş: |