BUNDAN SONRA NAHARI BURDA YE,
ŞƏTƏL ATMAĞI SAXLA ÖZ EVİZƏ
Bir evdə nahar yeyirdilər. Birisi də içəri girib bir tərəfdə oturdu. Nahar yeməkdə olanlar ona süfrəyə yaxınlaşmağı təklif etdilər. Adam dedi:
– Mən evdə nahar yemişəm, indi ki, israr edirsiz, bir balaca şətəl ataram (əl dolaşdıraram).
O, bunu deməklə süfrəyə çəkildi, o birilərə macal vermədən yeməyə başladı.
Süfrə başındakılardan biri dedi:
– Xahiş edirik bundan sonra naharı burda ye, şətəl atmağı (əl dolandırmağı) saxla öz evizə.
AÇIQ AĞIZ AC QALMAZ
Vaiz minbərdə qiyamət günündə mömünlərə veriləcək böyük-böyük əcrlərdən danışırdı. Vaiz qurtarandan sonra oradakı arvadlardan biri ona deyir:
Həzrəti-ağa, Siz tamam yaxşı əcrləri mömünlərə (kişilərə) bağışladız, buyurun görək axirətdə arvadlara nə çatacaq?
Vaiz deyir:
– Həmşirə, nigəran olma, açıq ağız ac qalmaz.
AL BU QƏDƏYİ, GEDİM KƏLLƏ QƏNDİNİ DƏ
GÖNDƏRİM GƏLSİN
Birisi dərziyə iki arşın yarım qədək gətirdi ki, bir don tiksin. Dərzi qədəyi ölçüb bir tərəfə qoydu. Adam işin əl muzdusun soruşdu. Dərzi bir para təvrüfdən sonra dedi:
– Sizin rəhmətlik abu bu cürə işlərə həmişə iki arşın yarım qədək, bir kəllə qənd verərdi. Siz də hər nə versəz, öz başızın ucalığıdı.
Cavan adam dedi:
– Mən ki rəhmətlik abudan qabağa keçənmərəm, al bu qədəyi, gedim kəllə qəndini də göndərim gəlsin.
Dostları ilə paylaş: |