Bulanmaq – yuxuda istər suyun, ya havanın bulanmasını görmək kədər, darlıq və öz əlilə özünə zərər toxundurmaq kimi yozulur.
Buzov – yuxuda buzov görən səfərə çıxar; buzovu boğazlayan görən səfərdən yarımçıq qayıdır. Buzovu tutmaq ümidvarlıq və təsəlli; buzov əti yemək varlanmaq deməkdir.
Buz – yuxuda buz yemək keçici bir xoşluq; buz satın almaq, buzu əriməkdə görmək – dostlarını itirmək deməkdir.
Bulud – bulud yuxuda bolluq və bərəkət nişanəsi olduğu halda, işlərin qatma-qarışıqlığına da nişanə ola bilir.
Bülbül – yuxuda bülbül görmək dalaşma və qovğaya düşmək deməkdir. Yuxuda bülbül tutmaq – eşq və məhəbbət ilqarı bağlamaq; bülbül nəğməsini dinləmək – sevincək xəbər eşitməyə işarədir.
Cam (pəncərə şüşəsi) – yuxuda pəncərəyə cam saldırmaq subay üçün nişanlanmaq, evli üçün övlad, işçi camaat üçün bəhrəli iş deməkdir. Pəncərə camının sınması yuxarıdakının əksi kimi yozulur. Camın silinib təmizlənməsi məhəbbətin daha da artması, gəlirin çoxalması, şırtanaqlı cam bunun əksi kimi yozulur.
Canavar (qurd) – yuxuda canavar görmək sevinc və şad xəbər kimi yozulur. Canavarı yaralamaq, ya öldürmək karlı bir işə əl qoyub, ad-san qazanmaq; canavarın həmləsinə tuş olmaq– zərər və ziyana düşmək; canavar balası səmərəsiz evlilik deməkdir.
Ceyran – yuxuda ceyran ovlamaq ixtiyarı olmadan bir qadının toruna düşmək, ceyranın qaçmasını görmək çox ağır bir eşq macərası keçirmək (sevdiyi halda sevilməmək), ceyranın buynuzlarını görmək, ummadığı yerdən mirasa çatmaq və düşmənlərə qələbə çalmaq kimi yozulur.
Cənazə – yuxuda cənazə görmək həm xeyrə, həm də şərə yozula bilər. Cənazədə izdiham, cənazə sahibinin böyük məqama çatmasına, cənazənin havada uçması o yerlərdə dəyərli bir adamın dünyadan getməsi, cənazənin özü-özünə yeriməsini görən qız, ya ərsiz qadının evlənməsinə, cənazəni yalqız görmək cənazə sahibinin etibardan düşməsinə işarədir.
Cənnət (behişt) – yuxuda özünü cənnətdə görən, ya onun meyvələrindən dadan, ömrü şən və şadman yaşar. Cənnətdən qovulmaq naxoşluq və səfalət, cənnətdə mələklərin ortasında olmaq bir gözəl ilə evlənmək və böyük bir mirasa, ya sərvətə malik olmaq deməkdir.
Cəhənnəm – cəhənnəm yuxuda yoxsulluq, fəlakət, kədər və cəfa kimi yozulur. Cəhənnəmə getmək həbsə alınmaq, fəlakətə uğramaq, cəhənnəm odunda yanmaq oğru, yolkəsən və qanlı qatil bir uşağın olacağına işarədir. Cəhənnəmdən çıxmaq işlərin yaxşılığa yönəldiyinə işarədir.
Cəvahir – yuxuda cəvahir görən dövlətlənmək arzusunda olduğu halda səfalət və yoxsulluğa düşür. Cəvahir toplamaq bir şeyi itirmək və ondan kədərlənmək deməkdir. Cəvahir satmaq həmişəlik kədərdən qurtarmaqdır.
Cəşn (şadyanalıq, qonaqlıq) – yuxusunda cəşn görən ağır bir sıxıntı keçirir, ancaq bunun sonu salamatlıqdır. Cəşnə dəvət olmaq – düşmənlər sənə tələ qururlar, sayıq ol, aldanmayasan. Cəşndən qayıtmaq sıxıntıdan qurtarmaq deməkdir.