Çırpıntı – yuxuda özünü çırpıntıda görən adam yaşayışda sıxıntı çəkəcəkdir.
Çinar – çinar yuxuda zənginlik və var-dövlətin artması deməkdir. Uca çinar iqbal və sağlamlıq, sınmış çinar bir günahsızın cəzalanması, qurumuş çinar qorxulu bir qovuş, çinara çıxmaq məqamın artması, çinara su vermək fikir və ürək rahatlığı, çinardan düşmək iflasa uğramaq kimi yozulur.
Çiçək – çiçək (gül) yuxuda sağlamlıq və səadət nişanəsidir. Çiçək alıb-vermək sevindirici xəbər eşitmək, gül-çiçək ilə örtülü bir bağça ümidlərin güllənməsi və parlaq bir gələcəyin qarşıda olması deməkdir.
Çörək – çörək yuxuda xeyrə yozulur. Çörək yemək uzaqdakı istəkliyə çatmaq, süfrədə çörək çox qazanclı bir işə, çörək bolluğu var-dövlət, çörəkçi ilə dalaşmaq şərəf deməkdir.
Daban – yuxuda başmaq dabanı görmək övladla bağlı olur. Sağ daban oğlan uşağı, sol daban qız uşağına yozulur. Yuxuda dabansız başmaq görənin uşağı olmayacaq, olsa da qalmayacaq.
Daş – yuxuda yerdə daş yığını görən səfərə çıxır, çöldən (ya dağdan) daş daşıdığınıı görən kələk ilə pul qazanır, xırda daşları gizlicə cibinə qoyan özgələrin malını çalar, daşı ayrı daş üstə qoyan malını istəmədən özgəsinə verər. Özgəsinin özünə daş atdığını görən iftiraya düşər, birinə daş atmaq ona iftira atmaqdır, daşla quş vurduğunu görən istəyinə müvəffəq olur. Göydən yağan daş ölkəni fəlakətə salar.