Həb – yuxuda həb görmək – hər şəkildə olursa-olsun, yalan, fırıldaq, aldanmaq, aldatmaq kimi yozulur.
Həcamət (Qanalma) – yuxuda həcamət etdiyini görən naxoş olsa toxtar, sıxıntıda olsa – rahatlığa çıxar, həbsdə olsa – qurtulur, işdən çıxarılıbsa – işə çağırılar.
Həsir – yuxuda həsir üstə oturduğunu görən peşimanlıq doğuran bir işə əl atar, həsirə büründüyünü görən – təkcə özünü düşünər. Təzə həsir aldığını görən evlənir, həsirin oğurlandığını görən işini əldən verir.
Həvəngdəstə– yuxuda biri-birindən ayrılmaz iki şərik deməkdir. Həvəngdəstəni birlikdə görən – qazanca çatacaq, onları tək-tək görən – gözlənilən qazancın ələ gəlmiyacağına işarədir.
Hörümçək (toratan) – yuxuda hörümçək (toratan) bir dəcəl və azar verən adama tuş gəlmək deməkdi. Hörümçəyi öldürən hiyləgər bir düşməndən qurtarır. Hörümçək toru evdə yoxsulluq nişanəsidi. Onu evdən süpürüb atan yoxsulluqdan qurtarır.
Xərmən – yuxuda xərmən görmək – zəhmətlə mal artırmaq deməkdi. Xərmənin yandığını, sel apardığını, ya hər surətdə olur-olsun aradan getdiyini görənin varı əlindən çıxar və fəlakətə uğrar.