MƏLİK CƏMİLİN NAĞILI
Biri var idi, biri yox idi, bir padşahın üç oğlu var idi. Böyük oğlunun adı Məlik Məmməd, ortancılın adı Məlik Cəmşid, kiçik oğlunun adı isə Məlik Cəmil idi. Bir gün padşah xəstələndi. Öləcəyi ayan oldu, oğlanlarını cəm elətdirib onlara vəsiyyət elədi, dedi:
– Mən öləndən sonra üç gecə mənim qəbrimin üstündə keşik çəkərsiniz.
Padşah vəsiyyət eləyib canını oğlanlarına bağışladı. Oğlanları onu kəfən-dəfn elədilər, matəm saxladılar. Bəli, gecə araya gələndə, Məlik Cəmil atalarının vəsiyyətini qardaşlarının yadına saldı. Heç biri qarovul çəkmək istəmədi. Məlik Cəmil özü oxunu, yayını, qılıncını götürüb gəldi atasının qəbrinin üstünə. Başladı qarovul çəkməyə. Gecənin bir vaxtında gördü ki, bir qaraltı, qaradonlu budu nərə çəkə- çəkə gəlib dedi:
– Ey padşah, taxtın tarac olsun, yəhərin qanlı olsun, bu saat gəlib, qəbrində sənə cəza verəcəyəm.
Məlik Cəmil bu sözü eşitcək, bir ox kamana qoyub bunu nişan aldı. Ox kamandan çıxanda atlının sinəsindən dəydi, onu atdan yerə saldı. Məlik Cəmil yüyürüb onun başını kəsdi, paltarlarını soyundurdu, paltarları götürdü. Atını minib evinə qayıtdı. Atı mehtərə tapşırıb dedi:
– Bunu elə bir yerdə saxla ki, qardaşlarımın bu atdan xəbəri olmasın.
Mehtər atı aparıb, xəlvət yerdə saxlamaqda olsun, ikinci gün oğlan yenə atasının qəbri üstündə qarovul çəkməyə getdi. Yenə həmin sözləri deyə-deyə ağ geyinmiş ağ atlı bir adam gəldi. Məlik Cəmil onu da öldürdü. Paltarlarını, atını götürdü. Atı gətirib mehtərə tapşırdı, dedi:
– Bunu da o atın yanında saxlarsan.
Məlik Cəmil üçüncü gecə qarovul çəkməyə gedəndə gördü bir qırmızı geyinmiş, qırmızı ata minmiş bir atlı gəldi. Məlik Cəmil bunu da öldürdü. Paltarını soyundurub götürdü, atını da aparıb mehtərə verdi ki, saxlasın.
Ataları öləndə bir vəsiyyət də eləmişdi:
– Mən öləndən qırx gün sonra üç dərviş gələcək. Qızla- rımın hər birini dərvişlərin birinə verərsiniz.
Qırx gün tamam olanda atalarının söylədiyi dərvişlər gəldilər. Böyük qardaşla ortancıl qardaş heç dərvişlərin üzünə də baxmadılar. Məlik Cəmil atalarının vəsiyyətlərinə əməl eləyib bacılarını dərvişlərə verdi. Dərvişlər qızları götürüb öz vilayətlərinə qayıtmaqda olsunlar, sizə kimdən xəbər verim?
Qonşu padşahın üç gözəl qızı var idi. Padşah qırx arşın enində, beş arşın dərinliyində bir xəndək qazdırıb hər yerə xəbər göndərmişdi ki, hər kəsin atı bu xəndəkdən tullansa, qızlarımın birini ona verəcəyəm.
Vədə günündə padşah xəndəyin yanında taxtını qurdurdu, vəzir, vəkil, qızları da yanında əyləşdilər. Hər şəhərdən cavan oğlanlar, şahzadələr atlarını buraya topladılar. Məlik Məmməd ilə Məlik Cəmşid də atlarına minib burada hazır dayanmışdılar. Məlik Cəmil isə qardaşlarından xahiş eləmişdi onu da aparsınlar. Amma qardaşları onu aparmadılar. Qardaşları gedəndən sonra Məlik Cəmil paltarını dəyişib, atasının birinci düşmənindən soyundurduğu qara libası geyib, qara ata minib həmin mərəkəyə gəldi.
Toplaşanlar atlarını nə qədər çapırdılarsa, biri də xəndəkdən sıçraya bilmirdi. Hamısı xəndəyin ortasına düşürdü. Bir də baxıb gördülər ki, qara libas geymiş, qara ata minmiş bir oğlan, budur, yel kimi gəlir. Qara libas geyinmiş oğlan ata bir mahmız vurub xəndəyi quş kimi sıçradı. Xəndəyin o tayında atını padşahın qızlarının yanına sürdü. Qızların birini tərkinə çəkdi, atı qovub gözdən itdi. Bunun kim olduğunu heç kim bilmədi.
Ertəsi gün yenə padşah əyan, əşrəfi topladı, qızları da yanında. Şahzadələr ha atlarını çapdılar, heç birinin atı xəndəkdən sıçraya bilmədi. Məlik Cəmil atasının qəbri üstündə qarovul çəkəndə ələ keçirdiyi ağ libası geyindi, ağ ata minib meydana gəldi. Atı covlana gətirib, quş kimi xəndəkdən sıçratdı, qızın birini də götürüb getdi.
Üçüncü gün yenə padşah dəstəsilə xəndəyin ətrafına gəldi. O istəyirdi ki, qızlarını aparanları bilsin. Yenə də şahzadələrdən heç biri atını xəndəkdən tullada bilmədi. Məlik Cəmil qırmızı paltarı geyindi, qırmızı ata minib gəldi, atı xəndəkdən yel kimi tullatdı, padşahın üçüncü qızını götürüb getdi. Bunun kim olduğunu heç kəs bilmədi. O biri qardaşları isə əliboş, kor-peşiman evlərinə qayıtdılar.
Gecə araya gələndə Məlik Cəmil qardaşlarına dedi:
– Siz atamızın vəsiyyətinə əməl etmədiniz, mən əməl elədim, getdim üç gecə keşik çəkdim, atamın düşmənlərini öldürüb libasını, atlarını gətirdim, bacılarımı dərvişlərə verdim. Mənə uşaq deyib xəndəkdən sıçratmağa özünüzlə aparmadınız. Mən də atamın qəbri üstündə qarovul çəkəndə ələ keçirtdiyim atların hər gün birini mindim, gedib xəndəkdən sıçratdım, şahın qızlarını gətirdim.
Məlik Cəmil böyük qızı böyük qardaşına, ortancıl qızı ortancıl qardaşına verdi, kiçik qızı da özü aldı. Yeddi gün, yeddi gecə toy elədi.
Hər qardaş qızların birini aldığını padşaha xəbər verdi, padşah narazı olmadı. Bir gün padşah qızlarını, damadlarını bağa qonaq çağırdı. Bunlar yığışıf bağa qonağlığa getdilər. Bunlar bağda eyş-işrətdə ikən bir də gördülər göydən bir əl uzandı, Məlik Cəmilin sevgilisini havaya çəkib yox oldu.
Məlik Cəmilin arvadını üç tüklü kosa aparandan sonra hamı məyus oldu. Adamlar dağılıb getdilər. Arvadlar da evlərinə qayıtdılar. Məlik Cəmil mehtərin yanına gəldi. Atlardan birini yəhərlədi, yarığını götürdü, pəhlivan paltarlarını geyindi, ata suvar olub, yola düşdü. Böyük səhra ilə bir müddət yol gedəndən sonra bir bağa çıxdı. Bağa girəndə gördü ki, üç tüklü kosa başını onun arvadının dizi üstə qoyub, yeddi günlük yuxuya getmişdilər. Qızdan xəbər aldı:
– Onun canı hardadır?
Qız cavab verdi:
– O şüşənin içindədir.
Məlik Cəmil cəld şüşəni aldı, yerə çırpdı. Şüşənin içindən göy göyərçin çıxıb qaçmaq istəyəndə, Məlik Cəmil sıçrayıb göyərçini tutub öldürdü. Üç tüklü kosa nərə çəkib cəhənnəmə vasil oldu. Məlik Cəmil qızı götürüb evlərinə gəldi. Qardaşları ilə yeyib-içib dövran keçirdilər.
Dostları ilə paylaş: |