Ölmək – yuxuda öldüyünü görən – çox yaşayar. Öləndən sonra dirildiyini görən – əldən çıxan mal və işinə təzədən yiyələnər.
Önlük – yuxuda cırıq bir önlük görmək – yaxın günlərdə təzə paltar geyinməyə işarədi.
Paça – yuxuda qoyun, ya inək kimi əti yeyilən heyvan paçası almaq, ya yemək, qüvvət və qazanca yozulur. Paçanı satmaq, özgəsinə bağışlamaq, ya atmaq – qüvvətdən düşmək və qazancın azalması deməkdi.
Pambıq– yuxuda pambıq yığdığını görənin əlinə halal mal toxtar, yatağa – yasdığa pambıq döşədiyini görən evlənir, pambıq atdığını, ya satdığını görən biri ilə dalaşır.
Pərdə – yuxuda pərdə – qəm-qüssə deməkdi. Pərdə köhnə və yırtıq olursa – qəm-qüssə tez ötüşür, təzə olursa uzun sürər. Pəncərə pərdəsi sirr anlamındadı, onu açmaq sirrin üstünü açmaq, onu çəkmək (örtmək) sirri gizli saxlamaq nişanəsidi.