Ərzaq – yuxuda çoxlu ərzaq aldığını və topladığını görənin qarınqululuqdan və boğaz otarmaqdan çəkinməsi gərəkdir.
Ətir – yuxuda ətir görmək evlilər üçün uğur və xoşbəxtlik, subaylar üçün evlənmək kimi yozulur. Özünə ətir səpmək (vurmaq) yaxında bir aydınlığa çatmaq deməkdir.
Ərə – yuxuda əlində ərə olduğunu, ya birindən ərə aldığını görmək – varın və övladın artması deməkdir. Ərə ilə bir şeyi kəsən – muradına çatır. Ərə ilə odun kəsən düşməninə üstün gəlir.
Əriştə – yuxuda əriştə kəsmək acgözlülük və qarınqululuğa işarədir. Əriştə şorbası, ya əriştə aşı içmək – mədənin sağlamlığına dəlalət edir.
Ət – yuxuda ət bişirdiyini görən – məqsədə çatmaqda çox çalışmalıdır, ət satdığını görən – çalışmayınca qazana bilməyəcək. Ət kəsdiyini və doğradığını görən – ağır və kədərli işlərə uğrar. Quzu əti görən – fikirlərini dəyişdirməli, keçi əti görən – düşməndən çəkinməməli, quş əti – uzun ömür, donuz əti – gizli bir işin üzə çıxması, balıq əti – şadlıq və səadətdir.
Falçı – yuxuda falçı – yalançı, hiyləgər bir adamla yozulur. Falçıya getmək, kitaba baxdırmaq, dua yazdırmaq bir kələkbazın yalanlarına aldanmaq, fal açdırmaq, fala baxmaq – xəyal və uydurmaya qatılmaq deməkdi.
Fanus (fanar) – yuxuda gündüz və aydınlıqda fanus görmək – puç və faydasız işlərlə uğraşmağa işarədir. Gecə qaranlıqda görülən fanus – qazanc və fayda deməkdi. Fanus yandırmaq – xeyirli bir işə başlamaq, fanusu söndürmək – yaxşı bir işi öz əlilə dağıtmaqdır. Gecə zamanı çoxlu fanusların küçə-bazarda yandığını, hər tərəfi işıqlandırdığını görmək ölkənin abadlaşma və rifaha çatmasına işarədi. Yanan fanusların birdən-birə sönməsi – o ölkənin səfalətinə, orada böyük bir adamın aradan getməsinə işarədir.
Fəqir – yuxuda özünü fəqir (yoxsul) görmək – varlanmaq nişanəsidi. Fəqirə yardım etmək – bir fəlakətdən qurtarmaq, fəqirdən bir şeyi almaq – varlı bir adamdan xeyir görmək, fəqirin səndən bir zad dilədiyini görmək – şad bir xəbər almaq deməkdi.