Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP)
İcraiyyə Heyətinin təklif etdiyi
Nizamnamə
Müqəddimə:
Bugünkü İran adını daşıyan ölkə uzaq tarixdən bəri türklərin yaşayış yeri və mədəniyyət ocağı olmuşdur. Ariyan dillilərin bu yerlərə gəlmələrindən əvvəl Sümerlilərdən başlamış İlam, Qütti, Orartu və s. bu yerlərin sakini və sahibi olublar. Bu gün Azərbaycan türklərinin bir qismi son min ildə bura gəlsələr də, amma əsas hissəsi Sümer türklərinin təbii varisləridirlər.
Neçə min ildən bəri bu torpaqları öz qanları ilə qoruyub, öz əlləri və əməyi ilə abadlaşdıran türklər, bu gün öz doğma torpaqlarında mühacir və biganə adı ilə tapdalanmaqdadırlar. Uydurma tarix və yalan iddialarla özlərini bu yerlərin sahibi adlandıran fars şovinistləri baxmayaraq ki neçə min il türklərdən sonra (İlam dövrü) bu torpaqlara mühacir gəlmişlər, indi həmən ev sahiblərinin vərəsələrini mühacir və ya mütəcavüz adlandırırlar.
Uzun tarixi əsərləri ört-basdır edən və bizə saxta kimlik düzəldən fars şovinistləri, Az Ər (Az qəhrəmanı) və az ər-i (i-sonralar əlavə olunmuş mənsubiyyət işarəsi) tarixçilər tərəfindən türkdilli millət olduqlarınin təkid olunmasına baxmayaraq, Pəhləvi dilinə bağlayıb Azərbaycanlıların qədim dilinin Pəhləvi olduğunu iddia edib, türk dilinin sonralar Azərbaycana təhmil olduğunu davamlı təkrar edirlər.
Fars şovinistləri iddia edirlər ki, “Çingiz Xan azərbaycanlıların dilini dəyişdirdi”, eyni halda təbliğ edirlər ki, “Şah İsmayıl Səfəvi azərbaycanlıları türk edib”, və yaxud yazırlar ki, “Osmanlı İmperatorluğu 2 həftə Təbrizi işğal edib və Azərbaycanın dilini dəyişdirib türkcə etmişdir”.
Şovinistlərin bu tarixi topuq vurmaları öz iddialarının yalan olduğunu isbat etsə də, amma farslaşdırma prosesini axsatmamışdır. Şuubiyyə dövründən türk və ərəblərin əleyhinə aparılan mənfi təbliğat pəhləvilərlə modern və sistematik formada təbliğ və təzyiqini davam etmişdir. Həmən dövrdən qeyri fars millətlər açıq surətdə təhqir olunublar. Türklər çoxunluğu təşkil etdikləri üçün daha artıq hücuma məruzdurlar. Türk dili, məktəb, ordu, idarə, məhkəmə və bütün rəsmi dövlət iclaslarında yasaqlanıb, türk şəhərləri və tarixi yerlərinin adı dəyişdirilib, türk adları, kitabları və ... yasaqlanıb, güclü əritmə (assimilasiya) siyasəti tətbiq olunub və olunur.
İran ərazi bütövlüyü adına aparılan bu əritmə siyasəti, qeyri fars millətlərini qılınc və top tüfəng vasitəsiylə məcburi kölə durumuna gətirmişdir. Bu köləlik siyasətinə bir dəfəlik və həmişəlik son qoyulması ancaq bu millətlərin istiqlalı ilə gərçəkləşə bilər. Bu zərurətdən doğan Guney Azərbaycan İstiqlal Partiyası (GAİP), Güney Azərbaycanının tam bağımsız və demokratik cumhuriyyətinin yaranması uğrunda döyüşən partiyadir.
Bağımsızlığın (istiqlaliyyətin) zərurəti:
Tarix geriyə deyil, bəlkə irəliyə doğru gedir. İstiqlal düşüncəsi uzun zamandan bəri Azərbaycan türklərində dövlət, təşkilat və hətta fərdi formada özünü göstərir. 200 il bundan əvvəl Məhəmməd Quluxan Əfşar rəhbərliyi ilə bağımsız Azərbaycan Federasiyası –hansı ki ilk dəfə olaraq modern ordu yaratdı, 17 il hakimiyyətdən sonra Fətəli Şah tərəfindən kontrola alınıb, Qacar İmperatorluğuna tabe edildi.
Məşrutə dövründə Təbriz əncüməni Tehrana göndərdiyi teleqramda təkid edir ki, əgər məşrutə qəbul olunmasa Azərbaycan İrandan ayrılacaq.
Azərbaycanda Xiyabanının yaratdığı Azadıstan ölkəsi dövründə “Yaşasın istiqlalımız” millətin ümumi şüarı idi.
1324-25 (1945-46) Milli Hökumətimiz dövründə ulu rəhbərimiz şəhid Pişəvəri deyirdi ki, “biz əvvəl əyalət şurasını istəyirdik, Tehran rədd etdikdə bir addım önə qoyub və milli məclisimizi yaratdıq”. Yenə də şəhid Pişəvəri “İki yol ayrımı” adlı çıxışında deyir: “Əgər Tehran irticası bizim istəkləri qəbul etməzsə, o zaman biz Tehransız öz yolumuzu davam edəcəyik”.
Bunlar açıqca Azərbaycanın bağımsızlıq düşüncəsini dəyişik tarixi dövrlərdə ortaya qoyur. Bunlara baxmayaraq Milli hərəkatımızı təmsil edən rəhbərlərimiz Tehranla müzakirəyə girib və hətta bəzi hallarda rəsmi anlaşmalar da imzalmışlar. Amma bir yandan tam istiqlaliyyətimizin əldə edilmədiyi, başqa yandan isə rəhbərlərimizin Tehranın vədələrinə inandıqları üçün bu hərəkatlar hamısı qanda boğulub və minlər insanımızın qətli ilə sonuclandı.
1357-ci il (1979) inqilabında Ayətullah Şəriyətmədarının rəhbərliyi ilə Xalqı Müsəlman hərəkatı da milli haqlarımızı, həm də vilayət şuraları formasında istədiyi üçün qanda boğuldu.
Keçmiş 100 il ərzində, Məşrutə inqilabı (Qacar dövründə qanun və demokrasiya üçün mübarizə), Cəngəl hökuməti (Qacar dövləti çərçivəsində ədalətsevərlik), Azadıstan hökuməti (Qacar İmperatorluğu çərçivəsində milli haqların istəyi), Azərbaycan milli hökuməti (İran çərçivəsində milli muxtariyyət) və bunlara bənzər İran çərçivəsində inqilablar məğlub olduğu kimi 1357-ci il (1979) inqilabı da yenildi. Yenə də Azərbaycan millətinin istəkləri süngü, güllə, top, tank, işgəncə və zindanla qarşılaşib boğuldu. Məhəmmədrza Şah rejimi, Azərbaycan milli dövlətini rəsmiyyətə tanıdığına baxmayaraq, arxadan xəncər vurdu. İran İslam Cumhuriyyətinin ana yasasında milli azadlıq, fərdi azadlıq, düşüncə azadlığı adına qanunlar inqilabın təsiri altında qeydə alınsa da bu günədək həyata keçməyib və keçməyəcəkdir. Nə bu rejim, nə də başqa bir rejim bu haqları heç zaman verməyəcəklər. Çünki, İran totaliter rejiminin möhtəvasında demokratiya potensialı yoxdur. İran adı və onun coğrafi hüdudları qılınc, top, tank, zindan gücü ilə zülm altında yaşayan millətlərə təhmil olunub və bu millətlərin zindanına çevrilibdir.
Bir gün bu qılınc millətlərin boğazından qaldırılarsa, bu millətlər öz azadlıqları uğrunda üsyan edib təhmil edilən İran zindanından azad olacaqlar. Buna görə də heç vaxt “İran bütövlüyü” adına və ya “İran dövlətçiliyi” adına demokratiya verilməsinə heç bir ümid yoxdur. Əgər hər hansı bir totaliter hökumət belə bir azadlıqları konstitusiyasında və ya vədələrində qeyd edirsə, o da İran islam rejimi ana yasası kimi kağız üzərində qalıb və heç zaman həyata keçməyəcəkdir.
Yuxarıda qeyd etdiyimiz səbəblərə əsasən, İrandakı millətlərin öz milli və insani haqlarını əldə etməyin təkcə bir yolu var, o da bu millətlərin istiqlalıdır. Biz bütün İran adı altında əsarətə məhkum olan millətlərin öz müqəddəratını təyin etməkləri üçün müstəqil dövlətlərinin yaranmasını yeganə yol bilirik və bu millətləri fars şovinizminə qarşı müttəhid cəbhəyə dəvət edib, birlikdə fars şovinizmini yenildib öz müstəqil dövlətlərimizi qurmağı təklif edirik. Ona görə də, Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) Güney Azərbaycanın istiqlalı ücün mücadilə edir.
Müddəalar:
-
Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) heç bir dövlət, məmləkət və qüdrətə bağlı deyil.
-
GAİP müəssis qrupu Güney Azərbaycan aktivistləri tərəfindən, yaradılıb və Azərbaycan millətinin iradəsinə dayanaraq Güney Azərbaycanın istiqlaliyyəti uğrunda döyüşür .
-
GAİP -ın mərkəzi orqanı “ Bağımsız Güney Azərbaycan” adlanır.
-
GAİP-ın fəaliyyəti təkcə Güneylə məhdudlaşmır, dünyanın hər yerində Azərbaycanın milli mənafeyinin keşiyində dayanır.
-
Azərbaycanlıların milli vətəni Azərbaycandır. Bütün azad millətlərin övladları kimi biz də öz milli vətənimizin azadlığa və istiqlaliyyətə qovuşmasını istəyir və bu yolda mücadilə aparırıq.
-
İstiqlalçı olmaq və öz milli vətəninə istiqlal istəmək hər bir fərdin insani, mədəni və demokratik haqqıdır. Necə ki, liberal olmaq, feminist olmaq, islamçı olmaq, kominist olmaq və s. insanların demokratik haqlarıdır, istiqlalçı olmaq da hər bir şəxsin insanı haqqıdır. Bu haqq “söz azadlığı” və “öz müqəddəratını təyin etmə haqqı” kimi geniş demokratik prinsiplər əsasında anlaşılmalıdır.
-
GAİP, millətin iradəsini hər şeydən üstün tutur.
-
GAİP, sinfi fərq qoymadan, ümum millətin mənafeyini müdafiə edir.
-
GAİP, zaman, şərait və yerinə uyğun olaraq açıq və ya gizli fəaliyyət edir.
-
GAİP-in mübarizə metodu, zaman və zərurətdən əmələ gələn demokratik, diplomatik və ya inqilabi yollardır.
-
GAİP, Şah rejimi və İran islam cumhuriyyətini məhkum edərək, onların xəfiyyə idarələri ilə əməkdaşlıq edən şəxs ya qruplar ilə heç bir əməkdaşlıq etmir.
-
GAİP, milli vicdan, milli əxlaq, siyasi-ictimai əxlaq və düzgünlüyə yüksək əhəmiyyət verir. Cinayət işləmiş, əxlaqsız və opportunist şəxs ya qrupları öz sıralarına yol vermir.
-
GAİP, Azərbaycan millətinin hüquqlarından müdafiə edən bütün sağlam şəxs və ya qruplardan himayət edib, onlarla əməkdaşlıq edir.
-
GAİP, Qarabağı işğal edən erməni təcavüzkarlarını məhkum edib və Azərbaycan torpaqlarından müdafiəni öz milli borcu hesab edir.
-
GAİP Azərbaycanıların bir millət iki siyasi statüs gərçəkliyini nəzərə alaraq Quzey Azərbaycan Cumhuriyyətini birinci və əbədi müttəhidi bilir və dövlətçiliyindən müdafiə edir.
-
GAİP baxımından Azərbaycanın birləşmə prosesi zamanın gedişi və millətin iradəsindən asılıdır.
-
Azərbaycan birləşdikdən sonra Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) adı Bütöv Azərbaycan Istiqlal Partiyasına (BAİP) dəyişəcək.
-
GAİP, qonşu millətlərə hörmətlə yanaşır.
-
GAİP, İran mərkəzçilik dövlətini heç bir ad və mahiyyətdə qəbul etmir.
-
GAİP, fars şovinizminə qarşı və insan hüquqları uğrunda döyüşən millət və təşkilatlarla əməkdaşlıq edir.
-
GAİP, İran adı altında əsarətdə saxlanmış millətlərin mərkəzçi fars şovinist dövləti əleyhinə mübarizələrində yardım edib və mübarizənin effektiv olması üçün bu millətlərin mərkəzə qarşı öz istiqlal cəbhələrinin yaranmasını təklif edir.
-
Fars şovinizmi dedikdə fars milləti mənasında deyildir, bəlkə fars şovinizmindən məqsəd İran mərkəzçi dövlət sistemini farsçılıq (İran = fars) əsasında təşkil edən siyasətdən ibarətdir ki, qeyri fars millətlərin istiqlalını tapdalayaraq, milli varlıqlarını danıb, dillərini yasaqlandırıb, tarixlərini saxtalaşdırıb, fars üstünlüyünü və fars dilini bu millətlətə təhmil edərək, onları əritmə siyasəti ilə farslaşdırmaqdadır. Bu siyasi dövlətçilik sisteminə rəhbərlik edən və siyasəti tətbiq edən şəxs, qüvvə ya qrup hətta qeyri fars olsa da heç bir şey dəyişməyib, bəlkə mahiyyətcə fars şovinizminin amili və qulluqçuları sayılır. Ona görə də GAİP fars millətinə hörmətlə yanaşdığı halda fars şovinizmi və onun amilləri ilə kəskin mübarizə edir.
Hədəflər:
-
GAİP, Güney Azərbaycanın tarixi torpaqlarında öz bağımsız cumhuriyyətini qurmaq üçün döyüşür. Keçid dövrunu GAİP öhdəsinə alıb müvəqqəti hökumət vasitəsilə dövləti intiqal edir.
-
Azərbaycanın torpaqları dedikdə, Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəngan, Qəzvin, Həmədan, Mərkəzi, Ənzəli, Astara bölgələri nəzərdə tutulur.
-
GAİP, hüdudlarımızın tam təyinləşməsi üçün qonşu Kürd milləti ilə elmi və demokratik dialoqun tərəfdarıdır.
-
Bağımsız Azərbaycan cumhuriyyətində vətəndaş cins, din, dil, məqam və düşüncəsindən asılı olmayaraq bərabər hüquqludur.
-
Bağımsız Güney Azərbaycanın rəsmi dövlət dili Azərbaycan türkcəsidir, yəni həmin bu yazıların getdiyi dil ki, bir çoxlu sənədlərdə Azərbaycan dili, azəri türkcəsi və yaxud azəri kimi məşhurlaşıbdır.
-
Bağımsız Güney Azərbaycan Cumhuriyyətində yaşayan etnik azlıqlar Azərbaycan türkcəsindən əlavə olaraq öz ana dillərində təhsil alma hüququna malikdirlər və bu azlıqların sayına görə onların milli inkişafı üçün büdcə ayrılması nəzərdə alınır.
-
Geriçi (irticai) düşüncə Şah rejimi ya İran islam cumhuriyyətində qadınların hüququnu vəhşicəsinə tapdalayıb və ictimai-siyasi arenadan məhrum etmişdir. Bu dəhşətli xəsarəti cubran etmək üçün bağımsız Azərbaycan məsulları xüsusi şərait yaratmaqla qadınlarin hərtərəfli inkişafını təmin edib və qadın kişi bərabərliyini bütün sahələrdə təzmin edəcəkdir.
-
Qadınların bütün sahələrdə, o cümlədən hərbi, idarə, dövlət, ədliyyə, elmi siyasi işlər və s. heç bir maneçilik olmadan fəaliyyətlərinə şərait yaradılacaqdır.
-
Ədalətli iş qanunu tənzim edib, işçinin, əkinçinin və yoxsul təbəqənin hüququ layiqincə mudafiə ediləcəkdir.
-
İşsizliyə son qoymaqla bərabər işsizlərə işsizlik dövrü maaş ödəniləcəkdir.
-
Bağımsız Güney Azərbaycan cumhuriyyəti azad kapital iqtisadı ilə idarə olub və sərmayənin əmniyyəti təmin ediləcəkdir.
-
Yetimlər və kimsəsizlərdən himayə üçün yetimxanalar yaradıb, dövlətin büdcəsi ilə layiqli yaşayış və təhsil şəraiti yaradılacaqdır.
-
Əlillər üçün xüsusi mərkəz, məktəb və yaşayış yeri dövlətin büdcəsi ilə təmin olunacaqdır.
-
Yaşlılar üçün xüsusi yaşayış yerləri yaradılacaqdır.
-
Bütün xəstəxanalar dövlətin büdcəsi ilə idarə olunub, vətəndaşın sağlamlığı pulsuz təmin ediləcəkdir.
-
Ümum vətəndaşların orta məktəb diplomu almağı pulsuz və məcburi olacaqdır.
-
Bağımsız Güney Azərbaycan cumhuriyyətində edam və işgəncə qətiyyən qadağan olacaqdır.
-
Inanc və düşüncə azadlığı tam mənasında təmin edilib və siyasi dustaqlığa son qoyulacaqdır.
-
Azərbaycanın bütün təbii sərvətləri milli elan edilib, dövlətin nəzarəti ilə idarə olunacaqdır.
-
Hakimiyyət orqanları demokratik yollarla seçiləcəkdir.
-
GAİP-in nöqtei-nəzərindən Azərbaycan bağımsız cumhuriyyəti laik bir cumhuriyyət olmalıdır.
Müvəqqəti hökümət:
-
GAİP, İran mərkəzi rejimini yenildib və müvəqqət höküməti yaradır.
-
Müvəqqəti hökümət, milli ordunu yaratmalıdir.
-
Müvəqqəti hökümət hüquqşünas və mütəxəsislər məclisi vasitəsilə ana yasanı ən uzaq 3 ay ərzində tənzim edib və təsvib üçün referandoma qoymalıdır.
-
Konstitusiya referandom yolu ilə təsvib olandan 3 ay sonra milli məclis və prezident seçkiləri ümum millətin iştiraki ilə demokratik şəraitdə keçirilməlidir.
-
Prezident və məclis birlikdə dövlət kabinetini təşkil etdikdə Güney Azərbaycan İstiqlal Partiyası dövləti təhvil verməlidir.
Azərbaycandan kənarda yaşayan azərbaycanlılar haqqında:
1. Tehran və onun ətrafı müstəqil ikidilli (fars və türk dilli) cumhuriyyət olmalıdır.
2. Azərbaycandan kənarda (bu günkü İranın başqa bölgələrində) yaşayan Azərbaycan türklərinin hüququnun təmin edilməsinə uyğun, Güney Azərbaycan bağımsız Cumhuriyyəti əlaqədar dövlətlərlə diplomatik və iqtisadi əlaqələrini tənzimləşdirir.
3. GAİP, Qaşqayı türklərinin muxtar dövlətləri olmasını tələb edir.
4. GAİP, Türkmən cumhuriyyətinin yaradılmasının tərəfdarıdır.
Üzvlük şərtləri:
1. Platformanı qəbul edən şəxslər bu partiyaya üyə olmaq üçün ərizələrini yazılı olaraq göndərə bilərlər.
1.a) Şah rejimi və İran islam cumhuriyyətinin sərkub orqanları ilə əməkdaşlıq edən
şəxslər bu partiyada üyə ola bilməzlər.
1.b) Cinayət işləmiş, əxlaqsız və opportunist şəxslər bu partiyada üyə ola bilməzlər.
1.c) Başqa siyasi təşkilatlarda üzv olanlar yalnız o təşkilatlardan ayrilmaq şərtilə GAİP-
da üzv ola bilərlər.
2. Ərizədə ad, soy ad, ata adı, doğum yeri, doğum tarixi, şəkil və bioqrafiya qeyd olunmalıdır.
3. Təftiş Komitəsinin rəyi nəticəsində üyəlik qəbul və ya rədd oluna bilər.
4. Güney Azərbaycan İstiqlal Partiyası, ancaq Güneylilərdən üye qəbul edir.
4.a) Azərbaycanın torpaqlarından kənarda yaşayan Güneylilər dünyanın harasında
olmalarından asılı olmayaraq GAİP -ın üyəsi ola bilərlər.
4. b). Güneyli olmayan Azərbaycanlılar ancaq fəxri üyə ola bilərlər.
4. c). Fəxri üyələrin səs vermə hüququ yoxdur.
Üzvlərin hüquqları:
-
Üyələr müzakirə, təklif və səsvermə vasitəsilə partiyaya rəhbərlik edirlər.
-
Üyələrin hamısının seçib və seçilmə hüquqları var.
Üzvlərin vəzifələri:
-
Üyəlik haqqı vermək.
-
Partiyanın istəklərini gərçəkləşdirmək üçün fəaliyyət.
-
Partiyanın nizamnamə və disiplininə tabe olmaq.
-
Verilən məsuliyyəti layiqcəsinə yerinə yetirmək.
Disiplin:
-
GAİP -ın nizamnaməsini pozan üyələr disiplin komitəsi tərəfindən araşdırılır və barələrində qərar çıxardılır.
-
Disiplin komitəsinin qərarları, üzviyyətin müvəqqəti dondurulması və ixracdan
ibarətdir.
Qurultay:
-
Güney Azərbaycan İstiqlal Partiyasının ən yüksək qərarverici orqanı, qurultayıdır.
-
Qurultay, üzvlərin və ya üzvlərin qurultay üçün seçdiyi nümayəndələrin 2/3 iştirakı ilə rəsmiyyət tapır.
-
Qurultayın qərarları iştirakçıların 2/3 müsbət səsi ilə rəsmiləşir.
-
Qurultay her 2 ildən bir keçirilir.
-
Fövqəladə qurultay üçün 2/3 idarə heyətinin müsbət səsi ilə çağrılış verilir.
GAIP Icariyyə Heyətinin tərəfindən:
GAİP Sözçüsü: Saleh İldırım 05.12.2004.
gaip@gaip.org
ildirim.azer@videotron.ca
www.gaip.org
Post adresi:
Guney Azerbaycan Istiqlal partisi
C.P. 1202. Maison de la post. Montreal. Quebec. H3B 3K9. Canada
Dostları ilə paylaş: |