GÜNEY MƏSCİDI
( Hacı Novruz məscidi)
Güney məscidi – Şahverənlər tirəsi ilə Hacı Novruz dərəsi arasında, Horadiz – Füzuli şosse yolunun üst kənarında yerləşir.
Kənd ağsaqqalı - Hacı Novruz(Alı oğlu Məhərrəmin babası) “Həccə” ziyarət edəndən sonra, xeyriyyəçiliklə məşğul olmuş, adamların xeyir-şərində bacardığı köməyi əsirgəməzmiş.
K
Molla Cəlil Mehdiyev
ənddə Molla Abdulla məscidi tikildikdən sonra Hacı Novruz və onun qonşuları ilə birgə namaz ibadətindən sonra Məşədi Abdulla bunlara tənəli olaraq müraciət edib deyir: “Hacı Novruz, siz uzaq yol gəlib bu məsciddə namaz qılırsınız, olmaz ki, elə güney məhəllədə birləşib bir məscid tikəsiniz və sizin də bu get-gəldən canınız qurtarsın”. Bu söz Hacını bərk tutur və sabahısı günü 3 oğlalarına tapşırır ki, öküzləri arabalara qoşun gedək Düldülə dağından daş gətirək, bunu eşidən güney qonşular da, öz arabaları ilə daş gətirməyə gedirlər. Beləliklə, 64 araba daş gətirilir və məscidin tikintisinə başlanır. Üstünə uzun tir kənddə olmadığına görə gedib Cəbrayılın Maralyan kəndindən uzunluğu 6 metr ağaclar, 10 pəncərə, qapı və digər materiallar alıb gətirilir.
Bu məscidi tikmək üçün gedib Qaradağlı kəndindən tanınmış bənna usta Fərhadı bu tikintiyə dəvət edirlər.
Güney məscidi 1900-cü ildə şəxsən Hacı Novruzun və birdə güney kənd camaatından könüllü köməyilə və yığılan ianələrin hesabına inşa edilmişdir.
Güney məscidin uzunluğu 12 metr, eni isə 6 metrdir. Hər iki tərəfindən 4 pəncərə, arxada isə iki pəncərə var idi. Geniş qapısı şərq tərəfdə və içərisində böyük zal vardı.
Sonralar Sovet dövründə, 1930-53 cü illərə qədər bu məscid kolxozun taxıl anbarı kimi istifadə edilirdi. Lakin 1953-ci ildən
Sovet hökumətin başçısı İ.V.Stalin vəfat etdikdən sonra N.S.Xruşşovun hakimiyyəti dövründə sərt qanunlar yumşaldı və bu məscid kənd möminlərin ixtiyarına verildi. Yaşlı kişilər tez-tez bura ibadətə gəlib, namazlarını bu məsciddə qılardılar.
B
Molla Xanlar İbişov
undan başqa burada “Aşura” mərasimləri keçirilirdi. Aşura yığışardılar və mollalar İmam Hüseynin başına gətirilən müsibətlərdən danışar, həm də “Qurani Kərimin” ayələrini və mərsiyə oxuyardılar.
O
Molla Süleyman İbişov
zaman baş molla – Oruc Abdinov, mollalardan – Hüseynqulu Allacov, Cəlil Mehdiyev, Həsən Məmmədov, Süleyman İbişov, Xanlar İbişov və Cabbar Hacıyev fəallıq göstərərdilər. Məsciddə dini ayinləri – Alı Şirinov, Bayramalı Ağayev və Əvdil Ələkbərov çox gözəl səslə oxuyardılar. Hər axşam Molla Oruc İmam Hüseynin başına gələn müsibətlərdən söylədikcə qadınlar “şaxsey-vaxsey” deyərək ağlardılar, kişilər isə sinə vurardılar. “Aşura günü” kənd camaatı və ətraf kəndlərdən də İmam Pirinin qarşısındakı geniş meydana gələrək bu mərasimdə iştirak etməyi hər kəs özünə borc bilərdi.
K
ənd qadınları isə evlərindən bir böyük qazan bişmiş xörək gətirib ehsan verərdilər. Mərasim böyük izdihamla, “Qasım otağı”-nı əllərində gəzdirərdilər. Sonra bir atlı əlindəki şallaqla “Müslüm uşaqları”-nı vura-vura meydana gətirərdi. Sonra molla Oruc hündür təpəyə çıxıb, günorta vaxtı İmam Hüseynin və onun 72 nəfər silahdaşlarının qətl günü başlarına gələn hadisələri olduğu kimi geniş danışardı, adamlar ağlaşardı, cavanlar özlərini zəncirlə vurardılar, qadınlar və kişilər sinə vuraraq “Həsən-Hüseyn” deyərək “şaxsey-vaxsey” edərdilər. Bundan başqa analar öz uşaqlarından da, xüsusi dəlləyin ülgücü ilə başın alın hissəsindən çərtib, İmam Hüseynin yolunda qan çıxarmaqla qurban verərdilər. Mənim anam atamdan qorxaraq alnımdan yox, kürəyimdən ülgüclə üç dəfə kəsməklə qan çıxarardı. Bu izdihamlı mərasimi görmək və orda iştirak etmək, hər bir insana qəlb ağrısı ilə yanaşı, insanlara yaxınlıq, mehribançılıq və mənəvi ruh verirdi.
GÜNEY YATAQ YERİ
Güney yataq yeri – Horadiz kəndinin aşağısında, kolxoz bağının qurtaracağından şərqə tərəf, Ocaq dərəsinin altında yerləşən, qoyunların saxlanan yeridir. Burada çobanların gecələməsi üçün yatacaq yerləri və qoyunlar üçün ağıllar vardı.
Güney yataqda kolxozun 2500 qoyunu saxlanılırdı və bu yatağın müdiri – Arif Ağamalı oğlu Namazalıyev idi.
ƏSƏD OCAĞI
Əsəd ocağı – Horadiz kəndində oroqrafik obyektlərdən biri sayılır. Məlumdur ki, ocaq sözü “müqəddəs tapınaq yeri” kimi mənalandırılır. Əsəd ocağı işğala qədər kənd adamların ziyarətgah yeri olmuşdur. Əsəd ocağı – Fərəcanlı dərəsi ilə Bayalı dərəsi arasında yaşayan Mirzalı oğlu Əsəd kişinin evinin arxasında olduğu üçün kəndlilər bu ocağa “Əsəd ocağı” adı vermişdilər. Əsəd kişi Seyid Şuşinski ilə bir oxumuş və dostluq etmişdi.
Əsəd kişi bu ocağı daşla hörüb və abadlaşdırıb. Bu ocaq müqəddəs yer hesab edilir.
HORADİZ KƏND QƏBİRİSTANLIĞI
Horadiz qəbiristanlığı – kəndin qərb tərəfində, Cəbrayıl rayonunun Nüzgar kəndinə gedən torpaq yolun cənubunda, Abışlı bağın üstündə yerləşən tarixi qəbiristanlıqdır. Qəbiristanlıq yurdun ən əvvəl yaddaşıdır, deyənlər yanılmamışlar. Kimlər gəldi, kimlər keçdi? Bu sualın ən düzgün cavabı qəbiristanlıqdadır.
Qəbiristanlıq Abışlı bağı tərəfdən başlayaraq 4 hissəyə bölünür;
1-ci hissə: - Bu aiddir İmam Pirindən sonra, Horadiz kəndinin ilk yaranma dövrünə, yəni, qəbirlərin yeri təqribi bilinir ki, burada qəbirlər var imiş.
2-ci hissə: - Bu yəqin ki, mədəniyyətin və güzəranın nisbətən kənddə inkişaf dövrünə aiddir, yəni burada qəbirlərin baş daşlarının hündürlüyü 1,5 və 2 metr idi, eləcədə baş daşların üzərindəki kitabələr ərəb əlifbası ilə yazılardı. Orada daşla hörülmüş sərdabəli qəbirlər də vardı.
Kənd ağsaqqalı 80 yaşlı Fərman Yadigarov deyirdi ki, mən və Molla Möhsün oğlu Həsən 1980-cı ildə bu qəbir baş daşlarında olan yazı kitabələrini oxuduqdan sonra bildik ki, 2-ci hissə daş kitabələrin üzərində olan yazılarda mərhumların ölüm tarixi 400-500 yaşı var.
Deməli, əgər 2-ci hissə qəbiristanlığın 400-500 yaş tarixinə malikdirsə, üstə gəl mərhumların yaşı və 1-ci hissə qəbiristanlıq, onda belə çıxır ki, Horadiz kəndimizin 700-800 yaşı var, birdə üstə gəl “İmam Piri”-nin yanındakı yaşayışını IX əsrdən hesablasaq, Horadiz kəndinin 1100 illik yaşı təsdiq olunur. Bəlkə də çox...
3-cü hissə: - Bu məzarlıqlar I və II – Dünya Müharibələrinin ağır dövrlərini əhatə edir. Belə ki, bu qəbirlər kəndin çətin günlərini, camaatımızın maddi cəhətcə ağır, kasıbçılıq dövrünü göstərir. Bu qəbirlərin baş daşı əvəzi ancaq tut ağaclarından ibarətdir.
4-cü hissə: - Bu isə 1950-ci illərdən sonrakı dövrləri əhatə edir.
Belə ki, qəbirlərin baş daşları adi daşlardan, sonralar yonulmuş daşdan və üzərinə mərhumun adı, soy adı, ölüm tarixi yazılırdı. Daha sonralar isə cilalanmış ağ daşlardan və baş daşlarda mərhumun şəkli, həm də adı, atasının adı, soy adı, doğum və ölüm tarixi yazılardı.
Mürşüd Əmirovun qəbri qarşısında Əhliman İsmayılov
1970-ci illərdən sonralar iri qara mərmərdən baş daşı və sinə daşı qoyulmağa başladılar. Bu mərmərdən olan baş daşına mərhumun şəkli həkk olunmaqla onun adı, atasının adı və soyadı, doğum və ölüm tarixi yazılırdı. Döş daşına da mərhumun özünə və sənətinə uyğun şerlər yazmağa başladılar.
Qurban Namazalıyev Ceyhun Namazalıyev
“Fəxri Xiyaban”da “Şəhidlər Xiyabanı”
Bunlar kənd adamlarının əmin-amanlıqla yaşadıqları, maddi cəhətcə nisbətən yaxşılaşma, varlanma dövrünü əks etdirirdi.
3 sentyabr 1993-cü il erməni işğalından sonra, köçkünlük dövründə vəfat edənlərimizi Azərbaycanın müxtəlif yerlərində pulla qəbir yeri alaraq dəfn edirdilər. Mərhumlarımız Bakının qəsəbələri olan, Biləcəridə, Sulu təpədə, Keşlədə, Binədə, Binəqədidə, Qalada, Rəsulzadə qəsəbəsində, Mərdəkanda, Hövsanda, Xırdalanda, Lökbatanda, Zabratda, Bakıxanovda, Suraxanıda, Böyük Şorda, Sabunçuda, Müşfiqabadda, Türkanda, Zığda, Sahil qəsəbəsində, Ələtdə bundan başqa Sumqayıtda, Saatlıda, Sabirabadda, Biləsuvarda, Ağsuda, Kürdəmirdə, Hacıqabulda, Şirvanda, İmişlidə, Beylaqanda, Bərdədə, Füzulinin kəndləri Əhmədbəylidə, Bala və Böyük Bəhmənlidə, Babıda və nəhayət imkanı olanlar Horadiz qəsəbəsinin üstündə qəbiristanlıqda aparıb öz torpağımızda torpağa tapşırırlar. Qarabağ şəhidlərimiz əksəriyyəti Horadiz kəndimizdə, bəziləri Beyləqanda, İmişlidə, Şəhidlər Xiyabanında, Qurban Namazalıyev isə “Fəxri Xiyaban”da dəfn edilmişdir.
Əmin-amanlıq dövründə Horadiz kəndimizdə bir ildə 10 nəfər vəfat edəndə deyərdilər ki, bu il bizimki gətirmədi, ancaq indi 18 il qaçqınlıq müddətində 500 – dən çox ölənlərimiz vardır.
Bütün kənd əhlinin ən ümdə və böyük arzusu budur ki, doğma Horadiz kəndimizə tezliklə qayıdaq və əzizlərimizin qəbirlərini ziyarət edək ki, onların ruhu da rahat olsun.
Allah doğma torpağımızdan aralı vəfat edən bütün ölənlərimizin hamısına qəni-qəni rəhmət eləsin və qəbirləri nurla dolsun! Amin!..
KƏND HAMAMI
Kənd hamamı yandan görünüşü
Kənd hamamı – Namazalı kəhrizi ilə kənd dəyirmanı arasında, Aralıq yolda tikilən iaşə obyektidir.
Bu hamam 1956-cı ildə, Horadizdə kolxoz sədri Vəli Rzayev Gəncə Kənd Təsərrüfatı İnstitutunda qiyabi oxuyan zaman onunla görüşən həmyerlimiz o vaxt Gəncə şəhərində XDS-nin İcraiyyə Komitəsinin MİK-in sədri işləyən – Xələfov Allahverdi Hüseyn oğlunun təmənnasız köməyilə bu hamamın texniki təchizatını tam təmin etmiş və bənna – Xələfov Əziz İbad oğlunun əməyi ilə tikilmişdir. Hamam Namazalı kəhrizin suyu ilə təchiz edilirdi.
Hamamda gözləmə zalı, 4 xüsusi, 1 ümumi nömrəli, isti suyu daima vardı.
Həftənin 3-cü və 5-ci günləri qadınlar üçün, qalan günlər isə kişilər üçün nəzərdə tutulmuşdu. Hamamın ilk müdiri Bəylərov Hüseyn, işlədən İsmayılov Xanalı və kisəçi Vəliyev Bayrış olmuşdu.
MAZUTLA İŞLƏYƏN DƏYİRMANI
Kənd dəyirmanı – Namazalı kəhrizindən 50 metr aşağıda, Aralıq yolda, Kənd hamamından sonrakı binada yerləşirdi. XIX-əsrin əvvəlində tikilən, mazutla işləyən ilk dəyirman olsa da, bunun iki funksiyası var idi, gündüzlər un dəyirmanı kimi işləyərdi, axşamlar isə kənd evlərinə elektrik enerjisi verərdi.
Bu dəyirmanı inşa etdirən, kəndimizin ən varlı adamı, sahibkar Nəriman Məmmədov öz şəxsi hesabına dəyirman üçün aqreqatları və dəzgahları Rusiyadan alıb gətirmişdi, həm də inşa etdirmisdi.
Xatırladım ki, Nəriman kişinin adı Fransa Ensiklopediyasında varlı adam kimi çəkilir. Belə ki, Nəriman kişi özü Fransaya gedərək, oradan barama çəkən maşın gətirib və burda qurdurub. Qabaqlar kənd baramaçıları əziyyətlə öz yetişdirdikləri məhsulu aparıb rayon mərkəzində dəyər-dəyməzə verirdilərsə, indi isə rahatca öz kəndimizdə yüksək növlə Nəriman kişi alırdı, özü istehsal edirdi və pulunu nəğd, yerindəcə ödəyirdi. Bax elə bu səbəblərdən Nəriman kişinin Qarabağ ərazisində böyük nüfuzu var idi.
1950-ci illər yadımdadır, biz qonşuluqda yaşadığımıza görə, hər səhər dəyirmanı işə salanda xeyli adam yığışardı ki, onun böyük mühərrikini hərəkətə gətirsinlər. Mühərriki çöldə açıq havada olsa da, un üyüdən və elektrik enerjisi verən aqreqatları böyük otağın içində idi. Deməli çöldəki mühərrik öz gücünü 30 sm. enində uzun remenlə(qayışla) bu aqreqatlara ötürülürdü. Səhər-səhər işə salinan mühərrikin 2 metr hündürliyində böyük çarxı vardı. İşə salmaq üçün dörd adam yapışardı onun çarxından, qalan adamlar isə yapışardı uzun remendən, hamı bir işarə ilə, Ya Allah deyərək, zor gücünə bir təhər işə salardılar və gecə saat 24-də söndürülərdi.
Bu dəyirmanı 1950-ci illər Şəmil Novruzov və Yunus Əmirov işlədirdilər.
Dostları ilə paylaş: |