İlahi, xəsmin olsun ruzi-məhşərdə Ömər, vaiz.”
Bu misralarda Seyid Əzim Şirvani minbərdə Hz.Əlini alqışlayıb, Hz. Öməri sürəkli lənətləyən Səfəvi molla tayfasına üz tutaraq deyir ki, sən Ömərdən daha yaxşı işmi görürsən ey Öməri lənətləyən molla, umarım ki, o dünyada Ömərlə qarşılaşarsan.
Hüseyn Cavid səfəviliyi “ipsiz dəlilik” adlandırmış. Bugün Azərbaycan bayrağındakı İslamlaşma da antisəfəvi və dürüst bir İslam anlayışını çağrışdırmaqdadır. Səfəvilər tərəfindən fars milliyətçiliyi ilə iç-içə girən İslam anlayışı deyildir. Müsavatçılıq Azərbaycanda yenildikdən sonra Səfəvi heyranlığı oluşdurulmuş. 70 il Səfəvi heyranlığı və tarixi gerçəklərlə bağlılığı olmayan yalan və iftiralar xalqımıza milli tarix kimi təqdim edilmiş. Bu yalanların ifşası millət olaraq inkişafımıza səbəb ola bilər. Çünkü yalanların və iftiraların mühasirəsində bulunan milli şüur heç bir zaman çağdaşlaşa bilməz. Zatən çağdaşlaşmanın əsas amaclarından biri də tarixin qaranlıqlarını elmin, bilginin, fəlsəfənin işığı ilə aydınlatmaqdır. Uluslaşmaq istəyirsək, öz tariximizlə “Türkləşmək, çağdaşlaşmaq və İslamlaşmaq” məntiqi ilə üz-üzə gəlməliyik. Bu, özəlliklə İran-Səfəvi mühitində sürətlə asimilə edilən türklüyün qaranlığa gömülmüş düşüncəsini aydınlada bilər. Çünkü indiki İran İslam Rejiminin təməlini Şah İsmayıl atmışdır. Bugünkü dini qurumların strukturu Səfəvilər dönəmində qurulmuşdu.
“Səfəvilər” kitabı metafizik sistemləşdirmədən uzaq durmağa çalışan bir yöntəm gəlişdirmişdir. Çünkü biz “Şah İsmayıl haqq idi, içində imamların ruhunu daşıyırdı” dediyimizdə, artıq ağlın sual soruşma haqqını və düşüncəni susdurmuş oluruq. Tarix fəlsəfəsi bunu qəbul etməz. 13 yaşlı İsmayıl adında bir çocuq ortadadır. Bir insan nə qədər dahi olsa da, 13 yaşında üstün tarix bilgisinə sahib ola bilməzdi. Burada ya gerçəkdən də Şah İsmayılın imam olduğuna və metafizik güclər tərəfindən ona yardım edildiyinə inanmalıyıq, ya da tarixi olquları ağlın ışığında dəyərləndirməliyik. Birinci durumu tarix fəlsəfəsi qəbul etməz. Belə inanacaq olarsaq, artıq sual soruşmaq da yasaqlanar. Şah İsmayılın özü belə, Çaldıran savaşında məğlub olduqdan sonra yenilməz imam olmadığına, ruhunda Allah iradəsini daşımadığına inandı. Uşaq ruhuna təlqin edilən yenilməzlik duyğusunu tamamən itirdi. Allah tərəfindən yönləndirilmədiyinə inandı. Çaldıran savaşından sonra ruhən öldü və onda fövqəladə təbiətüstü gücün olmadığına inandı. Ayrıca, tarix fəlsəfəsi bu növ yanaşmanı qəbul etməz, bunu xürafat sayar. Çünkü metafizik sistemləşdirmə düşüncəni və ağlı susdurmaqdır. Sual sormağı yasaqlamaqdır. O zaman bir tək gerçək ortada qalır: Şah İsmayıl adında 13 yaşlı çocuq pərdə arxasındakı güclər tərəfindən idarə edilmişdir. Onun çocuq ruhuna doldurulan fövqəladəliyə və mütləq haqlı olmağa Şah İsmayılı inandırmışlar. Bu yolda hər növ cinayət törətməyə, hətta anasını belə öldürməyə qədər ona səlahiyyətlər tanımışlar. Ona mütləq haq yolunda bütün əngəlləri ortadan qaldırmağı ilahi missiya kimi təlqin etmişlər. Ancaq bu mütləq haq, əslində yüzillər boyunca təcrübə qazanmış, ədəbiyat oluşdurmuş şuubiyyənin irançı mənafeyindən başqa bir şey olmamışdı. Bu kitabda pərdə arxasında Şah İsmayılı hazırlayan şuubiyyə amili üzərində durulmuşdur. Şuubiyyə, dağlarda yaşayan və öndər arayan, aşırı dərəcədə lider mərkzli davranan Anadolu qızılbaşları vasitəsi ilə İran-fars kimliyini qurmaq istəmişdi. Bu haqda kitabda ayrıntılı bilgi verilmiş. Şuubiyyənin istəkləri Səfəvilərin sonrakı tətbiqatında əməldə özünü göstərir.
Sosial bir hərəkətdə toplumun yüksələn həyəcanının tarixi önəmi olmaz. Bu həyəcanlar qısa sürədən sonra sönər. Necə ki, İran inqilabında, sovet inqilabında kütləvi həyəcanlar söndü və qalarğı olan həyəcanların arxasındakı ideyalar oldu. Necə ki, qızılbaşlardan bir qismi varsaqlar kimi peşman olub geri döndülər. Sosial bir hərəkətdə o hərəkətin məğzi olan ideya incələnməlidir, çünkü qalarğı olan ideyadır. Səfəvi ideyası İranda türk tarixini işğal etdikdən sonra ərənlik, oğuz kimliyi türklük şüurunu tərk etdi və bunun yerini şaxsey-vaxsey tutdu. Kütləni saxta vədlərlə həyəcana gətirmək mümkündür. Şuubiyyənin uyduruq ideyasına yazıb-oxuması olmayan, sosial varlığı köçəriliyə dayanan və lidermərkəzli davranan qızılbaş kütləsi inanmışdı. Bu inanışın cəzasını sadəcə özləri çəkmədi. Bizlər də çəkməkdəyik. Şuubiyyə oyuncağı olan qızılbaş kütlənin qalxınması gələcək soyların da yazqısını çıxılmaz quyuya soxdu. Qızılbaşların Şah İsmayıla qarşı çıxıb onun təyin etdiyi fars valiləri terror etmələri göstərdi ki, onlar xəta etdiklərini anlamışlar. Ancaq artıq iş-işdən keçmiş və qızılbaşlar şuubiyyə ideyasının əsiri olmuş, tələyə düşmüşdülər. Qızılbaşların duyğuları, arzuları şuubiyyə məmuru olan Şah İsmayıl tərəfindən əsir alınmışdı. Fars-şuubiyə məmuru Şah İsmayıl qızılbaşlar vasitəsi ilə farslar üçün bir ölkə təsis etməli idi və əsas plan da bu idi. Türk tarixində bütün dövlətlər bir boyun əsasında qurulmuşdur. Səlcuqlar Qınıq boyu, Osmanlılar Qayı boyu, Ağqoyunlular Bayındırlı boyu və... əsasında qurulmuşdur. Səfəvilər bu arada istisna təşkil etməkdədir. Yalnız Səfəvi dövlətinin qurucuları soylarını türklərə bağlamamış, ərəbə-farsa bağlamış və özlərini 7-ci imam Musa Kazım soyundan bilmişlər. Bu, əslində özünü Sasani soyuna bağlamaqdan başqa bir şey deyildi. Çünkü şüubiyə inancında Əlioğlu Hüseynin güya Sasani padşahının qızı olan Şəhrbanu adında qadını olmuş və imamət də bu qadından olan soydan törəmişdir! Şiə-şüubiyə məzhəbində sasani və peyqəmbər soyu “mehdi” varlığında davam edər.
Kitabda olay fenomenoloji bir yöntəmlə incələnmişdir. Şüura görünən şeyi incələməyə çalışan fenomenoloji metodun üç prinsipi vardır: 1- Olayı bilgilərinə görə incələr. 2- Olayı davranışlarına görə incələr. 3- Olayı ülküsünə (ideyasına, amacına) görə incələr. Səfəvilər kitabında səfəviliyin bilgiləri tarixi ayrıntıları ilə incələnmişdir. Bu istiqamətdə nə qədər başarılı olunmuşdur məsələsi başqa mövzudur. Şah İsmayılın din üzərinə bilgiləri sapıq bilgilərdi. Nifrət və kin çağrışdırırdı. Bu bilgiləri 900 il zaman ərzində şuubiyyə uydurmuşdu. “Səfəvilər” kitabında şuubiyyənin ideyası incələnir. Nədir bu ideya? Gerçəkləşən bu ideyanın “təbərra” (əhli-beyti sevməyənləri sevməmək və fürst olduğunda öldürüb Hz. Hüseynin intiqamını almaq. Sanki sünnilər əhli-beyti sevməmişlər) və “təvəlla” (Əhli-beyti sevənləri sevmək) anlayışları nələr olmuş? Şah İsmayıl Lahicanda yetişmişdi. Özünü Sasani kimliyinə mənsub bilən kiçik bir dövlətin kontrolunda olan mühitdə yetişmişdi. Yəni şüubi mühitdə. Bu inanc və ideyalarla yetişdirilir. Onun üçün tək düşmən sünnilər idi və qətl edilmələri vacib idi. Bu nifrət duyğuları ilə yetişdirilər. Müsəlman türkləri qətl edərək türksüz bir Sasani İranı oluşdumağı bir inanc kimi Şah İsmayıla aşılamışdılar. Şah İsmayılın əzbər bildiyi Şahnamə misraları da bu görüşü ona təlqin etmişdi. Şahnamə tam olaraq bir şüubi kitabıdır. Çünkü türksüz bir İran təşkil etmək şuubiyyənin əsas hədəfi olmuşdu. Türksüz İranı təşkil etmək üçün Anadoluda Osmanlı ilə sorunlu olaraq yaşayan və şüubi Şeyx Heydərin təşəbbüsü ilə özünü qızılbaş olaraq tanımlayan türkləri də istifadə etmək olardı və belə də oldu. Fars tarixçiləri Şah İsmayılı möhtəşəm Sasani dövlətini yenidən quran dövlət adamı kimi görürlər və haqlıdırlar. Hətta İslam da Sasaniləşdirildi. Davranış, bilginin və ideyanın ortasında yer alar. Şah İsmayıl bu bilgilərə və onun ruhuna doldurulmuş ideyaya görə davranmışdı. Onun Təbrizdə, Şirvanda və digər türk yurdlarında törətdiyi soyqırımlar sırf bu üzdən olmuşdur.
İstər Azərbaycanda olsun, istərsə Türkiyədə olsun bəzi araşdırmaçılar İslam öncəsi türk gələnəyinin daha çox qızılbaş hərəkətində etkili olduğunu yazarlar və milli duyğulardan yola çıxaraq şuubiyyə-fars amilini görməyərək qızlbaşlığı möhtəşəm türk tarixi kimi təqdim edərlər. İslam öncəsi türk tarixini araşdırmanın metodu ilə İslam sonrası tarixi araşdırmanın metodu kökündən fərqli olmalıdır. Bu insanlar öncə İslam öncəsi türk gələnəyini ideallaşdırırlar. Yəni öz xəyallarındakıları tarixdə varmış kimi göstərərirlər. Əslində isə, belə deyildir. Türk milləti Ziya Göyalpın da təsbitinə görə İslamın qəbulu ilə Şərq mədəniyyətinin bir parçası olmuşdu. Ayrıca, Ələvilik və qızılbaşlıq eyni olay deyildir. Qızılbaşlıq siyasiləşmiş və içi boşaldılmış ələvilikdir. Zatən ələvilərin hamısı da qızılbaşlaşmadılar. Bu gün də Anadoluda qızılbaşlıq yox dərəcəsindədir, ancaq ələvilik yayqın bir həyat şəklidir. Türk dilində mövcud olan dərin ədəbiyatın oluşmasında qızılbaşlığın heç bir təsiri olmamışdır. Heç bir ədəbi ürün ortaya qoymamış. Kaşqarlı Mahmud, Kitabi-Dədə Qorqud, Füzuli, Nəvai, Yunis Emrə və digərlərinin qızılbaşlıqla heç bir əlaqəsi olmamışdı. Qızlıbaşlıqdan bir ovuç şüarlardan başqa heç bir estetik dərinliyi olan ədəbiyyat miras qalmamışdı. Qızılbaş ədəbi mirasında bir tür aşırı dərəcədə irqçilikdə var. Bənihaşim soyu (imamların) dərindən dərinə övülər. Bir soy lənətlənər (Bəniüməyyə), digər soy alqışlanar. Bu baxımdan bu ədəbi mirasın hümanizmlə uzaqdan-yaxından əlaqəsi yoxdur. Islamiyətlə də əlaqəsi yoxdur. Çünkü İslamda irqçilik yoxdur.
Bir acı gerçəklə qarşı-qarşıyayıq. İranda türklüyün onurqasının qırılması və farsa təslim olması Səfəvilərlə başlamışdı. Bu sürəc davam edərsə İranda türk deyə bir varlıq qalmayacaq. Səfəvilərdən sonra bir tək ədəbi örnək ortaya çıxmamışdır. Bir Dədə Qorqud səviyəsində ədəbi və milli örnək, ya da Bayındırlı zamanında türkçəmizə tərcümə edilmiş Quran kimi bir örnək olmamışdır. Bayındırlı dövləti tərəfindən Quran türk dilinə tərcümə edilir, Kitabi-Dədə Qorqud kimi əsərlər Bayındılrı mədəniyyətinin məhsuludur. Şah İsmayılın sünni ədəbiyatı yandırdığı sıralarda bunların çoxu yox olmuş.
“Səfəvilər” kitabında tarixi sənədlər eynidir. Tarixi bəlgələri başqa kitablarda da görə bilərik. Ancaq bu bəlgələrdən yola çıxaraq ortaya qoyulan açıqlamalar modern yöntəmlə edilməyə çalışılmışdır. Bizim tarixçiliyimiz üçün də önəmli olan budur. Tarixin hermenevtiyi necə edilməlidir? Bu, çox önəmli bir sualdır və bu haqda bizim tarix bilgilərimiz modernliyə dayanmalıdır. Nədən yalnız səfəvizədə türklər milli kimlik və milli dövlətdən məhrum durumdalar? Bugünkü Azərbaycan Respublikasının milli dövlət olması da bir təsadüfün nəticəsi. Səfəvi mühitində qalsaydı bu da olmayacaqdı. Bunu Rəsulzadə açıqca etiraf edər. Ancaq tarix və zamanların axışı doğruları ortaya çıxaracaq. Kitabda bu acı gerçəyi isbat etməyə çalışmışam: Səfəvilərdən sonrakı dönəmdə ayağımızı basdığımız mənəvi məkan möhkəm olmamış, bu məkan fars duyğu və düşüncələri ilə eləsinə doldurulmuş ki, Səttar Xanlar, Xiyabanilər və digər Azərbaycan türkünün tanınmış adamları fars milliyətçliyinin yolunda canfəşanlıq etmişlər. Ancaq bu gün sadəcə İran-səfəvi mühitində Azərbaycan türkləri fars milliyyətçiliyinə yem edilmirlər. Azərbaycan Respublikasında da səfəviyət dövlətçiliyimiz üçün bir təhdid oluşdurmaqdadır. İran, Azərbaycan Respublikasında təhlükə törədə bilməsi üçün şiə-şuubi-səfəvi geopolitikasını qullanmaqdadır. Bu, yalnızca indiki durum deyil. 1918-ci ildə Azərbaycan adında dövlət qurulduğunda Səfəvi varisi İran dövləti və hətta Səfəvi mollası Şeyx Məhəmməd Xiyabani də buna qarşı çıxdı. Bu mövzular üzərinə düşünmək “uzman” tarixçilərin işi deyildir. Bu, milli bir savaşın intellektual oluşumudur. Tarixin modern düşüncə süzgəcindən keçərək dəyərləndirilməsi modern millətləşmənin zərurətlərindən biridir. Iranda türklük şüurunun doğması və Türk Dünyası ilə inteqrasiyaya girə bilməsi üçün Səfəvi problemi çözülməlidir. Önəmli olan düşüncəmizi öz əsarətində saxlayan tabuları qırmaqdır və bu kitab sırf bu amacla yazılmışdır.
07.06.2012
”Səfəvilər” kitabı üzərinə söyləşi
Dostları ilə paylaş: |