Tariximizin çoxlu araşdırılmamış sahələri var. Səfəvilər haqqında isə çoxlu kitablar, tarixi araşdırmalar var. Nə üçün siz fərqli baxış ortaya qoymağa çalışdınız?
Tariximizin çoxlu araşdırılmamış sahələri var. Səfəvilər haqqında isə çoxlu kitablar, tarixi araşdırmalar var. Nə üçün siz fərqli baxış ortaya qoymağa çalışdınız? Səfəvilər haqqında çoxlu kitab yoxdur məncə. Səfəvilər haqqında mədhiyələr var. Bunlara kitab deyilməz. Bunların hamısı yalan və iftira. Bir tək elmi və tənqidi əsər yazılmamış Səfəvilər haqqında. Azərbaycanda Səfəvilər haqqında yazılan tarix kitabları, hətta Səfəvi qaynaqlarının verdiyi məlumatı da təhrif etmiş. Örnəyin ”Tarixi-aləm arayi abbasi”, ”Əhsən-üt təvarix”, ”Rövzət-üs Səfəviyə”, ”Şərəf namə” kimi Səfəvilərin özlərinin yazdığı qaynaqlar Şah İsmayılın öz anasını öldürdüyünü, Şah İsmayılın 12 imam adına 12 nəfərdən ibarət adam yeyən ”çegin” adlı dəstələr təşkil etdiyini yazarlar. Bunların heç birisinə Azərbaycanda yazılan kitablarda işarə edilməmişdir. Nədən? Belə tarixçilikmi olar? Gerçəkləri gizlətmək tarixçilikdirmi? Şah İsmayılın təşkil etdiyi ”təbərra” dəstələrinin Təbrizdə necə soyqırım törətdiyini Səfəvi qaynaqları özləri yazır. Bunları Sovet Azərbaycan tarixçiləri xalqdan gizlin saxlamışlar. İndi xalq da yalançı Şah İsmayıl adında bir qəhrəman surətə elə inanmış və inandırılmış ki, ona deyəndə ki, Şah İsmayıl anasını öldürmüş, soyqırım etmiş, kimsə inanmır. Ancaq həqiqəti biri çıxıb söyləməli idi. Bu üzdən də mənə görə Azərbaycanda Səfəviləri Moskvanın istəyi üzərinə mədh etmişlər, tarix yazmamışlar. Mənsə heç bir iqtidar üçün yalan bilgi toplamayan azad Türk insanı olduğumdan bu yolda araşadırmalarımı kitablaşdırdım. Yalnız kitabı xəstə halımla yazdım. Birdən xəstəlik məni ayaqdan salar və bu düşüncə tariximizə girməz deyə kitabı doğru-dürüst redaktə etmədən çap etdirdim. Bu üzdən kitabda bəzi qüsurlar var. İkinci nəşrdə bu əksikliklər olmayacaq.