2.4.1. I növ ismi söz birləşməsi şəklində olan etnotoponimlər Bu qəbildən olan etnotoponimlərin formalaşmasında I növ ismi birləşmə və adlıq hallı feili birləşmə xüsusi rol ounayır. Belə ki, həmin birləşmələrin tərəflərinə daxil olan leksik vahidlər bir leksik vahidə, o cümlədən etnotoponimik vahidə çevrilə bilər. Başqa sözlə desək, I növ ismi birləşmə modelində formalaşan etnotoponimlərin yaranmasında heç bir qrammatik-morfoloji göstəricidən istifadə edilmir. Belə birləşmələr sözlərin yanaşmasından əmələ gəlir, birinci tərəf atributiv, ikinci tərəf isə həmişə substantiv xüsusiyyət daşıyır. Birinci növ ismi söz birləşmələrinin ikinci tərəfi, bir qayda olaraq, isimlə və ya substantivləşmiş hər hansı bir sözlə, birinci tərəfi isə isimlə, sifətlə, sayla, əvəzliklə və feili sifətlə ifadə olunur. Gürcüstan ərazisində qeydə aldığımız birinci növ ismi birləşmə modelində formalaşan etnotoponimlərə Ağqula, Hüseynkənd, Ağsak, Qanqçay, Qarasavir, Ağ Təhlə, Qara Təhlə, Urmeşən, Qırxbulaq və s. oykonim, oronim, hidronimləri göstərə bilərik.