AZGƏYLİYƏN – Dmanisi rayonunda kənd adı. Rayon mərkəzindən 14 km qərbdə yerləşir. Bu etnonim Azqanlı etnoniminin gürcü dilinə transkripsiya edilmiş formasıdır. Bu kəndin adı uzun illər gürcü sənədlərində Azqaniani//Azkakliani formalarında qeydə alınmışdır. Azqanlı etnoniminin türkdilli “az” və “qanlı” tayfa adlarının birləşməsindən əmələ gəlmişdir. “Az” etnonimi əsasında düzəlmiş yer-yurd adlarına demək olar ki, türk xalqları yaşayan ərazilərdə, o cümlədən, Altaydan tutmuş Orta Asiyaya, Krıma və Balkan yarımadasına qədər hər yerdə rast gəlininr. Qanlı etnotoponiminin də arealları genişdir. Azərbaycanın Kəlbəcər, Tovuz və Ermənistanın Basarkeçər, Axuryan rayonlarında Qanlı adlı yaşayış məntəqələri mövcuddur.