A BARİ – Amrolaur rayonunda kənd adı. Qədimdə hunların tərkibində Gürcüstan ərazisinə gəlmiş avar tayfa adı əsasında formalaşmış etnotoponimdir. Avar etnonimi qədim türk kitabələrində “apar”, rus salnamələrində “abr” kimi göstərilmişdir. Avarlar Asiyadan hərəkət edərək VI əsrdə Mərkəzi Avropada Avar xanlığını yaratmış, onun süqutundan sonra Qara dənizin qərb sahili və Dunayboyu xalqları ilə qaynayıb qarışmışlar. Azərbaycanın Qusar rayonunda qeydə alınmış Avaran və Avaranqışlaq etnooykonimlərinin əsasında “avar/apar” tayfa adı dayanır.
AZQUR – Axalsıx rayonunda kənd adı. Mənbələrdə gürcü transkripsiyası ilə Azquri şəklində də qeydə alınmışdır. Orta əsr Gürcüstan tarixində “az/as” tayfasının VII-XIII əsrlərdə Altaydan Orta Asiyaya, oradan da Qafqaza miqrasiya olunması haqqında məlumatlar verilir. Azlar hun-bulqar tayfalarının tərkibində Qafqaza gəlmiş və burada məskunlaşmışlar. Azlar erkən orta əsrlərdə Gürcüstanın Mesxetiya ərazisində məskunlaşmış, bu tayfa adı Azqur və Azqyuda yaşayış məntəqələrinin adlarında iz buraxmışlar. Etnotoponimin ikinci komponentində işlənən “qur” sözü qədim türk dillərində çoxmənalı leksemlərdən olub, “tayfa, xalq” deməkdir.