HÜSEYNKƏND – Dmanisi rayonunda kənd adı. Rayon mərkəzindən 25 km qərbdə yerləşir. “Hüseyn” antroponimi və “kənd” coğrafi termini əsasında formalaşmışdır. XVIII əsrin əvvəllərinə aid sənədlərdə bu kəndin adı çəkilir. Kəndin bünövrəsini vaxtilə Hüseyn adlı şəxs qoyduğuna görə onun şərəfinə belə adlandırılmışdır.
HASANALILAR – Kaspi rayonunda kənd adı. Mürəkkəb quruluşa malik bu etnotoponimin əsasında “Hasan” və “Alı” şəxs adları dayanır. Kəndi vaxtilə “Hasanalı” nəsli saldığına görə belə ad almışdır. Burada -lar şəkilçisi mənsubluq, aidlik bildirir. 1992-ci ildə kəndin adı dəyişdirilərək gürcü dilində “Canqilori” adlandırılmışdır.
HUNLAR – Borçalıda kənd adı. Gürcü mənbələrində Qunaneti və ya Qunduşi formalarında qeydə alınmışdır. Etnotoponim qədim türkdilli “hun” tayfa adı ilə bağlı olaraq yaranmışdır. Hunlar etnooykonimi “hunların kəndi” mənasındadır. Çin mənbələrində eramızdan əvvəl 1764-cü ildə Xun (hun) tayfasının adı çəkilir.