QARAMANLI – Tiflis əyalətinin Ağcaqala, Dəmirçi Həsənli, Baydarlı nahiyələrində kənd adı olub. Kəndlərin adı türk xalqlarının etnogenezində yaxından iştirak etmiş təkəli tayfasının qaraman qolu ilə əlaqədardır. Mənbələrdə göstərilir ki, 2000 çadırdan ibarət qaramanlar Səlcuq sultanı Toğrul bəy dövründə (1038-1063) əvvəlcə Anadoluya gəlmiş və buradan da başqa yerlərə, o cümlədən Azərbaycana yayılmışlar. Qaramanların şimaldan XII əsrdə Azərbaycana gəlməsi və buradan müəyyən hissəsinin Ön Asiyaya keçməsi fikri də mövcuddur. Qaramanlar XV əsrdə qızılbaş tayfalarının tərkibində olmuş və onların bir hissəsinə Gürcüstan ərazisində də Səfəvi şahları tərəfindən torpaq mülkləri vermişdir.