3.1.2. Etnonimik oykonimlər
Gürcüstan ərazisində türk mənşəli toponimlər kifayət qədərdir və onların böyük əksəriyyətini etnooykonimlər təşkil edir. Tarixən yaşamış 24 oğuz tayfasının, eləcə də başqa türk tayfalarının adları Gürcüstan ərazisindəki oykonimlərdə də öz əksini tapmışdır. Demək olar ki, Gürcüstanda elə bir bölgə yoxdur ki, orada türk tayfalarının adları əsasında formalaşmış oykonimlər olmasın. Tarixi faktlar sübut edir ki, cənub-şərqi Gürcüstanda bu gün qədim “hun” tayfasının adını əks etdirən Xona, Xoni, Xunan adlı toponimlər ciddi tarixi damğalardır. T.Hacıyev yazır ki, bunlar hun etnoniminin gürcücə tələffüzüdür. Bu, türk sözü deyil ki, deyəsən, Şah Abbasın istilası ilə bağlıdır, Oğuz deyil ki, 8-ci əsrdən sonraya aid edəsən. Məlumdur ki, hun dövrü V əsrdə qurtarır. Deməli, bu toponimlər axısqalıların və ümumiyyətlə, türklərin həmin ərazidəki yaşayışı tarixi dərinliyinə aparır. Məsələn, as//az komponentli etnotoponimlərə nəzər salsaq fikrimizi dolğun bir şəkildə əsaslandıra bilərik. Gürcüstanın Zalqa rayonunda Aşqala adlı kənd var. Mürəkkəb struktura malik bu toponimin birinci komponentində işlənən aş sözü heç şübhəsiz ki, as//az tayfa adının fonetik variantıdır. Gürcü mənbələrində də xatırlanan Azuki, Aziquri kimi toponimlər də bu qəbildəndir. Cənubi Gürcüstanda vaxtilə mövcud olan və deportasiyalar, sürgünlər nəticəsində Axısqa türklər ilə müxtəlif yerlərə aparılan Azqur, Azman, Azora və c. kimi toponimlərin də əsasında tayfa adları dayanır. Deməli, Gürcüstan ərazisində as//az tayfa adını toponimyaratmadakı rolu çox mühüm olmuş və mənbələrdə də göstərildiyi kimi, “bütövlükdə türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin etnoginezində ilk və başlanğıc mənbə olan aslar ümumdünya tarixinin ilk mərhələlərində pozulmaz izləri və həlledici rolu olan xalqdır. Elə bu başdan deyək ki, dünyanın ən böyük və qədim qitəsi olan Asiya qitəsi də asların adı ilə adlandırılmışdır. Strabon onları (yəni asları) Asiya qitəsinin əsl sahib-sakinləri adlandırmışdır. Bir sıra etnotoponimlər, o cümlədən As şəhəri (Peri), Aspadan (İsfahan), Aslanbul (İstanbul), Assam (indi Hindistanda Assam ştatı və Qurd as pur vilayəti vardır) və s. birbaşa as tayfalarının adı ilə bağlıdır. Əlavə edək ki, Azərbaycan, Ayas (man) – Hayastan, Astarxan – Həştərxan və s. çoxsaylı toponim, etnotoponim, antroponimlər də asların adını əks etdirir. Bu isə tarix üçün danılmaz faktdır. Strabon bir sıra qədim tayfaların asların nəsli olduğunu dönə-dönə xatırlamışdır” [25, s. 122-123].
Axısqalıların quzey ərazisində Azqur kəndi var. Bunun az (qədim türk tayfası) və qur (quz//oqur//uqur türk etnonimləri) hissələrindən ibarət olması göz qabağındadır. Axısqalıların Gürcüstanda yaşadıqları ərazilərdə hun-bulqar, qıpçaq tayfalarından olan qul, Çöl, Toba//Tuba (həmçinin Sxaltuba, Xeltubani, Qurutubani toponimlərində tubi, tubani, tuban tərkib hissələrinə diqqət yetirin) yaşayış məntəqələri də öz qədim sakinlərindən xəbər verir [66, s. 394]. Ümumiyyətlə, türkoloji arenada az//as tayfa adı haqqında az yazılmamışdır. F.Cəlilov “Qədim türk etnosları” adlı məqaləsində göstərir ki, aslar qəribə taleli etnos olmuşlar. Eradan öncə ikinci minillikdən başlanmış ta bizim günlərə qədər (azər etnoniminə qədər) onların etnik mənşəyi müəmmalarla doludur. Birinci qəribəlik ondadır ki, az//as etnosunun bir qismi Kiçik Asiya (Troya) – Avropa istiqamətində, hətta İslandiyaya qədər gedib çıxmış, digər qismi isə Şərqə - Orta Asiyaya çəkilmişlər [28, s. 76].
Azqur etnotoponiminin ikinci komponentindəki “qur” arxaikləşmiş leksik vahidini də leksik-semantik istiqamətdə təhlili xüsusi maraq doğurur. Qur leksik vahidini bəzi tədqiqatçılar “təpəlik yer”, “hamar çöl”, “dağ yamacı” mənalarında [93, s. 23], bəziləri “qəbir”, “gor” [95, s.35] anlamında izah edirlər. V.V.Bartold isə bu sözü “xalq”, “tayfa” mənasında götürmüş və bizcə, onun izahı daha ağlabatandır. Deməli, Azqur etnoniminin mənası az//as tayfası, xalqı anlamındadır. Qeyd etməliyik ki, bir sıra qədim türk mənşəli tayfaların adlarında da “qur” sözü səciyyəvi leksik vahid kimi öz əksini tapmışdır: Utiqur, Saraqur, Salqur, Kutuqur, Yazqur və s. [24, s. 77]. C.Cəfərov asqurların//azqurların ulu əcdadlarının boz qurdla (as qurd) əlaqədar olduğunu güman edərək göstərir ki, oğuzlar arasında “as qurd” kimi tanınmış bu möhtəşəm mifik obraz çox böyük siyasi məna kəsb etmişdir. İndi Qurdaspur adı ilə Hindistandakı vilayət və vaxtilə Kür sahilində Askurən və Azqur adı ilə tanınan şəhər, şübhəsiz ki, asqurdla bağlıdır. Azərbaycanda da Qurdlar kəndi (Bərdə, Ağdam) və Qurd təpəsi (Ağcabədi) yəni ki, as qurdun şərəfinə belə adlandırılmışdır [26, s. 80].
Gürcüstan ərazisində as//az komponentli Aspinza (Aspinza rayonu) və Aşqala (Zalqa rayonu) etnotoponimləri də qeydə alınmışdır. As//az tayfa adının müxtəlif leksik vahidlərin həm əvvəlinə, həm də sonuna artırılması halları türkdilli xalqların toponimiyasında daha çox müşahidə olunur: Azər, Asər, Asna, Tobas, Astarkan, Astarak, Askenaz, Aztuba, Askan, Tacas, Qafqaz və s. bunların sayı bəlkə də yüzlərlədir və as//az komponenti müxtəlif leksik vahidlərə müxtəlif minilliklərdə qatılmış, yeni-yeni mənalar bildirməyə xidmət göstərmişdir. Gürcüstan ərazisində Aspindza-Aspinza formalarında qeydə alınmış bu etnotoponimi bizcə, As Penza şəklində oxumaq daha düzgündür. Çünki aseb, astam, askan, asxiku (“as vətəni”, “as torpağı”, “as yurdu”) birləşmələrində ifadə olunduğu kimi, As Penza etnotoponiminin yaranmasında Penza hidronimi də iştirak edə bilər. Beləliklə, aydın olur ki, Aspinza etnonimi vaxtilə Penza çayı hövzələrində yaşamış və müəyyən münaqişələr və ya başqa səbəblər ucbatından Gürcüstan ərazisinə miqrasiya etmişlər. Etnotoponim də bununla əlaqədar olaraq belə adlandırılmışdır.
As xətti və ya az (aş) damğası ilə yaranmış etnotoponimlərdən biri də Aşqaladır. Etnotoponimin “aş” və “qala” komponentlərindən yarandığı göz qabağındadır. X.Əliyev qeyd edir ki, toponimin tərkibindəki “aş” sözü dilimizdə “yemək, “xörək”, “plov”, “qala” sözünün isə “şəhər”, “istinadgah”, “istehkam” və digər mənalar bildirdiyi məlumdur. Toponimdəki “aş” sözünün “yemək”, “xörək”, “plov” mənaları ilə bağlılığı inandırıcı görülmür. Çünki “qala” sözü toponim yaradıcılığında adətən nəsil, tayfa, şəxs, yaxud ərazi adları ilə birgə işlənir. Ona görə də Aşqala toponiminin tərkibindəki “aş” sözündən mənanı axtarmaq lazımdır [50, s. 34]. Vaxtilə V.Tomsenin “mənşəyi məlum olmayan xalq” [137, 42] V.V.Bartoldun “qeyri-türk” [137, s. 42], L.N.Qumilyovun isə “sirli xalq” [151, s. 344] adlandırdığı aslar//azlar//aşlar “əsrlərlə təkcə Qafqazda deyil, dünyanın bir sıra ölkələrində yaxşı tanınmış, hətta Altaydan Urala qədər böyük bir ərazidə də çox məşhur olmuşlar” [164, s. 229]. Çoxlu sayda damğa, işarə, piktoqram, Qobustan və digər ərazilərdəki qayaüstü yazıların kompleks transkripsiyası və oxunuşu asların//azların qeyd-şərtsiz türkdilli xalq olduqlarını bir daha təsdiq edir. A.Bayramov düzgün olaraq Volqa boyunda bulqar dövrünü əhatə edən Aşa, Aş-Buzi, Aşit, Aşit eli toponimlərini türk-xəzər soyları ilə bağlı olduğunu qeyd edir və Cənubi Azərbaycanda, Ermənistanda, Anadolu və Gürcüstanda as//aş tayfalarının adlarını areal toponim (Aşos, Aş Ərəb, Aş-arcan, Aşqala, Aşdağ, Aşxaraba, Aşkala (Tiflis quberniyası) kimi geniş yayıldığını göstərir [16, s. 34]. Deməli, Aşqala etnotoponiminin kökündə as//az//aş tayfasının adını əks etdirən söz dayanır və etnooykonim “asların qalası” mənasını bildirir.
“Az” komponenti Gürcüstanın Dmanisi rayonundakı Azgəyliyən etnonimində də iz buraxmışdır. Aslar Azərbaycanda, o cümlədən Qafqazda özlərinin ilk yazı mədəniyyətlərini eradan əvvəl təxminən X-VIII minilliklərdə yaratmış və bu yazı nümunələrinin Qobustanla bağlılığı tədqiqatçılar tərəfindən dəfələrlə təsdiq edilmişdir. Belə qədim yazı nümunələrinə dünyanın heç bir yerində rast gəlinməyib. Asların yazılarının daş üzərinə köçürülməsini e.ə. III əsrə aid edən alimlər də vardır [169, s. 240]. Bizcə, Azgəyliyən etnotoponiminin ilkin forması “as kan” olmuşdur. Tarixi proseslər nəticəsində müxtəlif fonetik hadisələr baş vermiş, mənsubluq bildirən -li və -an şəkilçiləri də toponimə çox sonralardan əlavə edilmişdir. “Azgəyliyən” toponiminin kökündəki “azgəy” sözünün “askan”, “askən”, “asköy” şəkillərdə oxunuşunu daha məqbul hesab etmək lazımdır, çünki belə səsləndirmə bugünkü Azərbaycan dili baxımından daha münasibdir. Deməli, “askan”, “askən”, “asköy” sözü iki hissədən ibarətdir: “as”-tayfa, xalq adı; “kan”, “kən”, “köy” qədim türk dillərində “torpaq”, “yurd”, “kənd” deməkdir. Toponimin üçüncü və dördüncü hissələrində işlənən -li və -yən şəkilçiləri məkan məzmunu bildirir və beləliklə də etnotoponimin mənası “as tayfasının, as xalqının torpağı, yurdu, kəndi” anlamına uyğun gəlir. Qeyd edək ki, Azərbaycan etnotoponiminin “az//as tayfasının ovluq yeri” mənasında izah edilməsi inandırıcı görünmür [50, s. 35].
Tarixi sənədlərdə qədim aran Borçalısının Dəmirçi Həsənli nahiyəsində, Tiflis və indiki Rustavi şəhərləri arasında Çaxmaqlı adlı yaşayış məntəqəsi qeydə alınıb. Həmin kəndin əhalisi təxminən XIX əsrin birinci yarısında qeyri-müəyyən səbəblərə görə, Dağ Borçalısının Başkeçid bölgəsinə köçürülüb və orada iki kənd salınıb: Böyük Dəmirçi Həsənli (indi Qızılkilsə), kiçik Dəmirçi Həsənli (indi Şindilər) [36, s. 41].
Çaxmaqlı etnotoponimi eyni adlı tayfanın adı ilə əlaqədar olaraq yaranmışdır. “Çaxmaqlılar şahsevən tayfalarından idi. Tayfanın adı tarixçi Məhəmməd Kazımın (XVIII) “Tarixi aləm arayi Nadiri” əsərində çəkilib. Qubalı Fətəli xanın dövründə (1758-89) tayfa başçısı şahsevən Məhəmməd xanın başçılığı ilə Ərdəbil ətrafından köçüb Müşkür və Şabran mahallarında məskunlaşdılar” [14, s. 534]. Çaxmaqlı tayfasının Gürcüstan ərazisinə miqrasiyasını da bu dövrə aid etmək olar.
Dədə Qorqud dünyası ilə səsləşən etnooykonimlərin də biri Qıpçaq adlanır. XIX əsrin sonlarına kimi Borçalı bölgəsində Qıpçaq adlı kənd olub. “Hələ eradan əvvəl 203-cü ilə aid Cin salnaməsində qıpçaqlar haqqında məlumat verilmiş, onların Altayda yaşamaları göstərilimişdir. Qıpçaqlar sonralar qərbə doğru hərəkət edərək Dunay çayı sahillərinədək yayılmışdılar. Orta əsrlərdə ağqıpçaq, qaraqıpçaq və sarıqıpçaq qruplarına bölüşürdülər. Qazax, qırğız, qaraqalpaq, özbək, türkmən, tatar, başqırd, balkar, kumik və azərbaycanlıların etnogenezində iştirak etmişlər” [14, s. 160]. Qıpçaqlar erkən orta əsrlərdən başlayaraq Zaqafqaziyada, o cümlədən Gürcüstan ərazisində məskunlaşmışlar.
Zoonimlərdən törənən etnonimlər də Gürcüstanın türkmənşəli etnotoponimləri arasında kifayət qədərdir. “Heyvan, quş, balıq, həşərat və s. canlıların adları əsasında düzələn toponimlər zoonimlər adlanır. Tarixən xalqımızın iqtisadi həyatının bir hissəsini heyvandarlıq təşkil etmişdir. Bununla əlaqədar olaraq bir sıra yaşayış məntəqələri, yer adları əmələ gəlmişdir” [83, s. 331]. Bu xüsusiyyət Gürcüstanın zoonimtoponimlərinin bir qisminə aiddir və araşdırmalarımız göstərir ki, ev heyvanlarının adları əsasında yaranmış xüsusi adlar çoxluq təşkil edir. Qatırlı, Camışlı, Daylaxlı etnotoponimləri bu qəbildəndir. Qatırlı zooetnotoponimi əsasında “qatır” heyvan adı dayanır. Tarixən türk xalqlarında qatırdan minik və nəqliyyat vasitəsi kimi istifadə edilmişdir. Etnotoponimin mənası “qatır saxlayan, qatırçılıqla məşğul olan el, tayfa” deməkdir.
XIX əsrdə Borçalı qəzasında qeydə alınmış Camışlı zooetnotoponiminin əsasında “camış” heyvan adı dayanır. Vaxtilə bu kəndin əhalisinin əsas məşğuliyyət sahəsi camışçılıq olduğuna görə etnotoponim belə adlandırılmışdır.
Daylaxlı zooetnotoponimi əsasında “daylaq” heyvan adı dayanır. Daylaq 2 yaşlı at balasının adını bildirir. Etnotoponim türkmənşəli “daylaq” (özbək, qaraqalpaq, qazax, qırğız və türklərdən “taylaq”) tayfasının adından və çoxluq bildirən -lı şəkilçisindən ibarət olub, “daylaq çox saxlayan tayfa” mənasındadır. Daylaqlı tayfasının Gürcüstan ərazisinə gəlməşi XVIII əsrin ortalarına təsadüf edir.
Gürcüstanın Adıgün və Axalsix rayonları ərazilərində tub//tubo//tobel//tebel komponentli Toba, Qurutuban, Karatuban, Kortuban, Tobaxçi, Sarbastuban, Abastuban və s. kimi etnotoponimlər qeydə alınmışdır. Müxtəlif ədəbiyyatlarda və xəritələrdə ayrı-ayrı yazılışlarda rast gəlinən bu etnotoponimlərin hər birinin ayrı-ayrılıqda kökündə “tuba” etnonimi dayanır və bunların hər birində müxtəlif fonetik variantlar mövcud olsa da, müxtəlif apelyativlərlə işlənsələr də, bunlar həm etnik varlıq, həm də leksik vahid kimi bir mənşədən törəmişlər. Azərbaycanda Tubikənd (İsmayıllı rayonu), Tuva dağı (Qobustan rayonu) etnooykoniminin kökündə də “tuba” tayfasının adını əks etdirən söz dayanır. Toponimik mənbələrdə də təsdiq olunur ki, tuba komponenti erkən orta əsrlərdə Qərbi Türk xalqının tərkibində olmuş telelərin toba//tuba tayfasının adı ilə əlaqədardır. V əsrdə tele tayfa ittifaqına daxil olan tubalar çox güman ki, qıpçaqların tərkibində Azərbaycanda məskunlaşıblar [14, s. 471]. Tubalıların Gürcüstan ərazisində məskunlaşmalarını da bu dövrə aid etmək olar. Deməli, Gürcüstan ərazisindəki Toba, Sxaltuba, Qurutuban, Qaratuban, Gortuban, Zeduban, Abastuban, Tobaxçi, Xeltubani etnonimlər coğrafi terminlər və müxtəlif morfoloji göstəricilərin iştirakı ilə tuba//tuva etnonimindən yaranmışdır. Tubalıların vaxtilə özlərinin müstəqil dili olmuşdur. Tuba//tuva sözünün lüğəti mənası “insanlar” (monqolca) [23, s. 139] deməkdir. Beləliklə, bu etnotoponimlərin qısaca şəkildə leksik-semantik istiqamətdə təhlilini belə verə bilərik: toba-tova-tuba-tuva tayfasına məxsus ərazi, yer; Sxaltuba - “Sxal” sözü gürcücədir. Azərbaycan dilinə tərcüməsi “kənd, ərazi, məskən” deməkdir, yəni “tuba tayfasından olan insanların məskunlaşdıqları ərazi” anlamındadır; Qurutuban – “tuva tayfasının lantşaft baxımından qurqlıq ərazidə, susuz yerdə məskunlaşması” mənasındadır; Qaratuban – “Böyük tuva tayfasının saldığı kənd” anlamındadır. (“Qara” sözü burada həcm bildirir); Kortuban - əslində bu etnotoponim Qortuban şəklində olmalıdır. “Qor” sözünün qədim türk dillərindəki “güclü, qüvvətli” mənasını nəzərə alsaq, bu etnotoponim “güclü, qüvvətli tubalıların məskəni” anlamında izah edə bilərik; Abastuman – “Tuba tayfasından olan Abbasın saldığı yurd, “kənd” anlamındadır və s.
Gürcüstanın Bolnisi rayonu ərazisindəki Bəytəkər yaşayış məntəqəsi adı yerli şivənin təsiri nəticəsində tanınmaz şəklə salınmışdır. Mürəkkəb quruluşa malik olan “Bəy” və “təkər” komponentləri əsasında yaranmış bu etnooykonimin leksik-semantik təhlili də olduqca maraqlıdır. Titul, rütbə bildirən “bəy” leksik vahidi burada “varlı, zəngin” mənasındadır. “Təkər” sözü isə tədqiqatçıların qeyd etdiyi kimi, “tökər, dügər” tayfa adı ilə daha çox səsləşir [50, s. 38]. S.Ataniyazov Türkmənistanın günbatanında yerləşən Tüver, Tüverqır yaşayış məntəqə adlarını “tüver-tüker” tayfalarının adı ilə bağlayaraq göstərir ki, “tüver” sözü M.Kaşğariyə görə, “tüqer” , Rəşidəddinə görə isə “düker” deməkdir. Onların mənası “bir yerə yığışmaq” (türkməncə “bir topara üyşemek”) deməkdir. S.Ataniyazov belə güman edir ki, Türkmənistanın Kalinin rayonundakı Tüver adlı oba (kənd) bu sözlə bağlıdır. Tüver (tüqer, düker, düyer) coğrafi adları Azərbaycanda və Türkmənistanda da vardır [197, s. 45].
Azərbaycan toponimisti Ə.İ.Əliyev Düker//Dükər//Döyər xüsusi adının yer adına qədərki inkişaf mərhələlərini aşağıdakı kimi səciyyələndirərək yazır ki, Düyər və onun semantikası üç inkişaf mərhələsi keçmişdir. Düyər əvvəl şəxs adı, sonra tayfa adı olmuş və nəhayət, toponimə çevrilmişdir. Müəllif düyərli tayfasının nümayəndələrini eyni ad altında Kəlbəcər rayonunda yaşadığını və Azərbaycanın qərb rayonlarından biri olan Şəmkir ərazisində Düyərli oykoniminin tərkibində indiyə qədər mühafizə olunduğunu da qeyd etmişdir [132, s. 29]. F.Sümərə görə, orta əsrlərdə Türkiyə ərazisində döyər/döyərli komponentli toponimlərin sayı 19 olmuşdur [118, s. 245]. Bəlkə də Gürcüstan ərazisindəki Bəytəkər etnoniminin tərkibindəki “təkər” leksemi tarixin müəyyən inkişaf mərhələlərində “dükər-düker-düyər-dügər” etnonimi müxtəlif fonetik dəyişmələrə məruz qalmış formalarıdır.
Gürcüstan ərazisində etnonimlərdən törəmiş etnooykonimlər sırasına daxil olan yer adlarından biri də Axısqadır. Gürcüstanda Axısqa rayonunun adını daşıyan bu etnonimin qədim formasını rekonstruksiya etsək, heç şübhəsiz ki, “ağ saka” alınar. Ağsakların türkdilli olmasını tarixi qaynaqlar, arxeoloji və antropoloji faktlar çoxdan sübuta yetirmişdir. R.Eyvazova yazır ki, saklar daha çox at üstündə köçəri həyat keçirdiklərindən mədəni-mənəvi eroziyaya uğramamış, adət-ənənələrinin, əxlaqi-etik prinsiplərini əsrlərlə hifz edib qoruya bilmişlər. Sakların hakimiyyəti dövründə Arsak dövlətini quran qədim oğuzlar zaman-zaman gələrək, Azərbaycan-Arran (Qarabağ) – Gürcüstan və Şərqi Anadoluya hakim oldular. Dədə Qorqud Oğuznaməsində isə arsakların miladdan əvvəl 150-ci illərdə dövlət qurduqları göstərilir [39, s. 63]. Arsaqların mənşəyindən bəhs edən M.Bayar göstərir ki, Miladdan əvvəl II əsrdə Azərbaycan-Qarabağ-Araz-Kür boylarını fəth edən arsaklar (m.əv. 250-m. 226-cı illər) Dədə Qorqud Oğuznaməsinə görə, 24 Oğuz boyunun sol qolunu təşkil edən “üç-ok”ların Göy-Alp (Göyxan) oğlu Bayandur boyundandır. Böyük arsakların üç bəyliyi sayılan kiçik arsaklar (Arşakuni) qolu isə 24 oğuz boyunun sol qoluna mənsub olan “üç-ok”ların Dağ-Alp (Dağxan) oğlu Salcur/Salvur boyundan və Qazan xan sülaləsindən hesab edilir [39, s. 63].
Axısqa – Ağsaka etnonimin semantikası haqqında türkologiyada demək olar ki, dəqiq fikirlər söylənməmişdir. Türk dillərinin qədim sözlərinə həsr edilmiş lüğətlərdə “saq” sözü “sayıq”, “oyaq”, “huşyar” mənasında izah edilir [154, s. 92]. Tarixən saqlarda Ağsaqlar və Qarasaqlar adlı iki soy birləşməsi, qəbiləbirləşməsi olmasından, onların türkdilli xalqlarla və türk mifik, ictimai-təfəkkürü ilə dual təşkilat quruluşu, əskliklərlə bağlılığını göstərən dəlillərdən bəhs edən M.Seyidov yazır ki, Azərbaycan və türkdilli xalqların soykökündə duran qəbilə birləşmələrinin bir sırası öz adlarını əksliklər, dual təşkilat quruluşunun qanunlarından çıxış edərək qoymurlar. “Ağsaq” və “Qarasaq”da belə bir qanun və təfəkkürlə bağlı qoyulmuş adlardır. “Ağ+saq” “yüksək, Ülgenə tapılan “Saq” mənasına gətirsək, onda Qarasaq şimalda yaşayan, güclü Saq” mənasındadır. Bu dəlil bir daha sübut edir ki, Saqlar türkdilli olmuş və onların təfəkkürü bir olmuşdur [117, s. 35].
Gürcüstan ərazisində müxtəlif fonetik variantlarla qeydə alınmış Axalsıx-Axalsaki-Ahılkelek etnooykonimlərinin kökündə də şübhəsiz ki, “ağsaq” etnonimi dayanır.
Gürcüstan ərazisindəki qədim türklərin və onların keçmişini aydınlaşdırmağa yardım edən etnooykonimlərdən biri də Dmanisi rayonunda mövcud olan Ormeşən – Urmeşən yaşayış məntəqə adıdır. Müxtəlif fonetik dəyişmələrə məruz qalmış bu etnotoponimin semantikasından bəhs edən prof. M.Çobanov yazır ki, bu kəndin adı türk dillərində meşə anlamında geniş yayılmış “orman” və “meşə” sözlərinin birləşməsindən əmələ gəlmişdir. Türk dillərində “orman” sözü “meşəlik, kolluq, ağaclıq, qamışlıq” mənalarını ifadə edir. “Orman” sözü etimoloji cəhətdən “or” (ağac, odun) sözü və “-man” çoxaltma çəkilçisindən ibarətdir. Göründüyü kimi, “or” və “meşə” sözləri birləşib “Ormeşən” sözünü əmələ gətirmişdir. Bu kəndin adının “orman” və “meşə” sözlərindən ibarət olmasını onun coğrafi mövqeyi və təbiəti də təsdiq edir [36, s. 52]. X.Əliyev isə bu toponimin etimologiyası ilə bağlı aşağıdakı fikirləri söyləyir: “Bu fikirlə biz də tərəfdarıq, lakin toponimlər linqvistik baxımdan araşdırılarkən paralel adları da nəzərə alınmalıdır. Qonşu kəndlərin, xüsusən də yaşlıların dilində oykonim Urumeşən variantında da səslənir. Bu variantla da bağlı ehtimal etmək olar ki, Urumeşən adındakı “urum” türklərə verilən addır. Oykonimin adı “urum eşdiyi, qazdığı yer” mənasına da uyğun gəlir. Regionda Rumoğlunun çökəyi, Rumoğlunun arxacı oronimlərin də bu mənada özünü göstərir” [50, s. 55].
Hər iki müəllifin semantik təhlilində müəyyən mülahizələr söylənilsə də, bizcə, Urumeşən toponiminin “urum, rum” və “şen” komponentlərinə ayıraraq izah etmək daha məqsədəuyğundur. Güman etmək olar ki, etnotoponimin birinci tərkibində işlənən “urum, rum” türklərin digər bir adıdır. “Urum/rum/rım” bu gün belə çağdaş-müasir türk xalqlarında işlənir. “Kazan, Koybal, Lebed dialektlərində, qırğız, Altay, teleut, şor, saqay və b. dillərdə “rum”//”rım”-ın “qabaqcadan xəbər vermək, peyğəmbərlik, qabaqcadan pis, yaxşı xəbər vermək” anlamları vardır. “Rım” kökündən “rımçı”, “rımçılıq” sözlərinin mənalarına diqqət yetirək. Anlamların hamısı “qabaqcadan xəbər vermək”lə bu və ya başqa şəkildə bağlıdır. Yaxşı xəbəri, gələn xoşbəxtliyi, pis xəbəri, gələn bədbəxtliyi xəbər vermək ozan və onların başçısı Dədə Qorqud yada salır [116, s. 31].
Urmaşen etnotoponiminin ikinci tərkibində işlənən “şen” sözünün semantikası haqqında müxtəlif mülahizələr söylənilmişdir. Şumer-türk leksik vahidlərindən söhbət açan A. Məmmədov şumer dilində “sakitləşmək, rahatlanmaq, dincəlmək” mənalarında işlənən “şum” sözünün qədim türk abidələrində “ten” variantının olduğunu söyləyir [90, s. 17]. S.E.Malovun fikrincə, “şen” sözü qədim türk dillərində “mənimsəmək, tutmaq, zəbt etmək” mənasında “sin” formasında işlənmişdir [169, s. 321]. Beləliklə, “şen” sözünün etimologiyasına geniş yer vermədən, qısaca olaraq deyə bilərik ki, Urmaşen etnotoponimi müəyyən amillərlə bağlı olaraq pərdəyə bürünməsinə, tanınmaz şəklə salınmasına baxmayaraq onu “urum+şen” formasında restavrasiya etmək daha düzgündür və bu etnotoponimin “qabaqcadan xəbər verən, peyğəmbərlik qüdrətinə malik olan rum türklərinin tutduqları torpaq, yurd yeri” anlamında yozmaq daha ağlabatandır.
Q.Məşədiyev Zaqafqaziya respublikalarının toponimik paralellərinə aid tərtib etdiyi cədvəldə Gürcüstan ərazisindəki digər toponimlərlə birlikdə Ayrum yaşayış məntəqəsi adını da qeydə almışdır [96, s. 128]. Yuxarıda “rım, rum” leksik vahidinə aydınlıq gətirdik. Bəs etnotoponimin birinci komponentində işlənən “ay” sözü hansı leksik mənaya malikdir? Prof. V.Vəliyev yazır ki, “Ayrım” sözünün “ayrılmaq” məsdəri ilə bağlı olduğu fikri bir qədər mübahisəlidir. Xalq arasında ayrılmaq, bəzi hallarda isə həm də kənar edilmək kimi izah olunur. Güman edilir ki, guya islam dinini qəbul edə bilmədiklərinə görə onlar öz icmalarından, qəbilə birləşmələrindən kənar edilmiş, müsəlman türklərindən ayrılmışlar. İslam dininin qanunlarını qəbul etmədiklərinə görə “ayrılmaq” ağlabatan deyil. Qəbilənin adı “ayrılmaqla” bağlıdırsa, onun səbəbinin islamiyyətdən əvvəlki hadisələrdə axtarmaq daha düzgün olardı. Başqa bir mülahizədə “ayrılmaq” köçməklə, yer-yurd dəyişmə kimi izah edilir. Guya bu qəbilə rumlardan ayrıldığına görə “Ayrum” adlanmışdır.
Qeyd etdiklərimizdən başqa, “ayrım” sözünün mənşəyinin Aya sitayişlə əlaqədar olduğunu güman edənlər, eyni zamanda vaxtilə Azərbaycanda Aybasar (ayı basar) qəbiləsinin olmasını əsas tutaraq “ayını ram etmək” kimi izah etmək meyli də vardır [126, s. 6].
Bizcə, ümum türk dilli olan “ay” sözü Ayrum etnotoponiminə mifik təfəkkürlə bağlı olaraq çox qədim dövrlərdən artırılmışdır. Qədim dövrlərdən üzü bəri “ay” sözü türkdilli xalqlarda (saqlarda, oğuzlarda – azərbaycanlılarda, yaqutlarda, özbəklərdə, saqaylarda, şorlarda, türklərdə, xaqaslarda, türkmənlərdə və b.) “yaradıcı”, “başlanğıc”, “müqəddəs”, “yaradıcı ruh”, “tanrı” anlamları kəsb etdiyi kimi, “gözəllik”, “gözəl” mənasını da bildirmişdir. Deməli türk dillərində eynişəkilli sözün müxtəlif leksik vahidlərlə birləşərək müxtəlif mənalı xüsusi adlar əmələ gətirməsi qanunauyğun bir hal olmuşdur. Ayrum-Ayrım etnotoponimi də heç şebhəsiz ki, belə qanunauyğunluqlar nəticəsində meydana çıxmışdır. Bütün bu qısa təhlilləri nəzərə alaraq Gürcüstan ərazisində mövcud olan bu etnotoponimi “gözəl, göyçək (özü də “ay” kimi) rumların məskəni, yurdu” anlamında qəbul etmək olar. Qeyd edək ki, müasir dövrdə də “ay” sözü ilə bağlı yaranmış şəxs adlarına azərbaycanlı ailələrində adqoyma mərasimində daha çox üstünlük verilir və Aybəniz, Aydəmir, Aytən, Aysu, Aysel, Aynur, Aygün və s. kimi antroponimlərlə Ayrum-Ayrım etnotoponimi arasında semantik, fonetik və mifik yaxınlıq vardır.
Qədim “onoq” etnonimi əsasında yaranmış etnotoponimə Gürcüstanın qərb hissəsində yerləşən onoğris yaşayış məntəqə adında rast gəlirik. İ.Kazımov qeyd edir ki, onoğurlar Gürcüstanın Kartli hissəsinə V-VI yüzilliklərdə gəlmişlər [78, s. 28]. Ağafi Axısqa türklərinin dilində dərc edilən “Vətən eşqi” qəzetindəki bir məqaləsində göstərir ki, “Onoğris” Qərbi Gürcüstanda etnotoponimdir. (xalq adından düzəldilmiş yer adı): bu yer adını qədimdə alıb, o vaxt, çox güman ki, onoğur adlanan hunlar elə bu yerdə kolxlarla vuruşub məğlub olmuş, bu adı abidə və döyüş qəniməti kimi yadellilər vermişlər. Məqalə müəllifinin ifadə etmək istədiyi fikirdəki dolaşıqlıq göz önündədir. Müəllif belə hesab edir ki, “onoğur” sözü “hun” etnonimindən törəmişdir. Əslində isə bu sözün ilkin forması “onoq” (On+oq) olmuşdur, yəni on ədəd yay və ox. Məlumdur ki, Azərbaycan xalqının soykökündə iştirak edən qəbiləbirləşmələri Qasoq (Qas+oq), Bozoq (Boz+oq), Uçoq (Uç+oq), onoq (On+oq) adlarını özlərinə qoymuşlar. Qədim saq xalqında “oq-ox” müstəqillik, qüvvət və gücün simvolu olmuşdur. M.Seyidov da doğru olaraq yazır ki, türkdilli Saqlar özlərinə “Saq/sa+q” – “yay+ox(q) adı qoyarkən, şübhəsiz ki, “sa//ya//yay”-ın “qüvvət”, “güc”, “müstəqillik” mənalarını nəzərə almışlar. Saqlar dünyanın dörd yanında özlərinin vasalları olduğunu bildirmək üçün rəsmi papaqlarına dörd qızıl ox taxarmışlar. Aparılan araşdırma aydınlaşdırmışdır ki, “yay//ya//ça//sa”, “ox//uq” inamların və dövlət quruluşunda bir sıra anlamların bəlgəsi-rəmzi olmuşdur [117, s.86] Onu da qeyd etməliyik ki, Onoğris etnotoponiminin sonunda işlənən “rus” hissəciyi gürcü dilində tonoformant bildirən leksik vahidlərdən biri olub, “onoq-onoğ tayfasına mənsub yer, məkan” mənasını ifadə edir.
Marneuli rayonunun qədim tarixə malik olan kəndlərindən biri Sarvan adlanır. Qədim Borçalının da adı uzun müddət Sarvan adlandırılmışdır. Sarvan yaşayış məntəqəsi Alget çayının sol sahilində, dəniz səviyyəsindən 470 metr yüksəklikdə, Qazax-Qırmızı körpü-Sarvan-Arıxlı-Bolulus-Darvaz-Qarabulaq (Başkeçid nahiyəsi)-Karvansaray-Pərvanə-Qars ticarət yolunun üstündə yerləşir. Peşə və məşğuliyyətlə bağlı olaraq yaranmış bu etnooykonim qədim “sarvan” tayfasının adını əks etdirir. Sarvan qıpçaqlara məxsus kəngərli tayfasının bir qolu hesab olunur. Azərbaycan türklərinin etnogenezində mühüm rol oynayan bu tayfanın Gürcüstan ərazisində məskunlaşma tarixi dəqiq məlum olmasa da, onların bu bölgədə yurd salmaları orta əsrlərin erkən dövrlərinə gedib çıxır. Sarvan tayfası qədim dövrlərdən köçəri həyat sürmüş və dəvəçiliklə məşğul olmuşdur. “XVIII əsrin birinci rübündə, xüsusilə 1721-ci ildə hazırlanmış “Dəstüril-əməl” dəftərində və həmin dövrü əks etdirən gürcü mənbələrində qeyd olunduğu kimi Borçalıda oturaq həyat sürən Sarvan tayfası Aran Borçalıda eyniadlı kənd salmışlar. “Dəstüril-əməl” dəftərində Sarvan kəndinin 99 evdən ibarət iki tayfa olduğu qeyd edilmişdir. “Tiflis əyalətinin müfəssəl dəftəri”ndə isə qeyd edilir ki, 1728-ci ildə Sarvan camaatı 69 evdən ibarət olmuşdur. Güman etmək olar ki, 1721-1728-ci illər arasında Sarvan tayfasının bir hissəsi, yaxud 30 tüstüdən (evdən) ibarət bir qolu Borçalının dağlıq bölgəsinə köçmüş və orada məskən salmışlar. Burada məskunlaşmış tayfa yaşadıqları əraziyə Dağ Sarvanı adını vermişlər” [36, s. 226].
Sarvan etnooykoniminin mənası “karvanaların və sarvanların düşərgəsi, dayanacaq yeri” deməkdir.
Gürcüstanın Axalsıx rayonunda “incə”(andja) tayfasının adını əks etdirən Edinca və İncebla etnonimləri qeydə alınmışdır. Gürcüstanın Bolnisi rayonunda da bu etnooykonimə “İncəoğlu” formasında rast gəlirik. Cənubi Rusiya çöllərində və Şimali Qafqazda yaşamış qədim qıpçaq tayfalarından olan “əncə” tayfasının adını əks etdirən Edinca və İncebla etnotoponimlərinin bu formalara düşmə səbəbləri heç şübhəsiz ki, gürcü dilinin təsiri nəticəsində baş vermişdir. İstər qədim, istərsə də müasir məxəz və mənbələrdə “əncə” etnonimin semantik şərhinə rats gəlmək olur. R.Əliyev yazır ki, əncə/öncə/encə fonetik variantlarında müxtəlif mənbələrdə qeyd alınan bu tayfa adı “gəncək/gəncə” sözləri ilə yaxından səsləşir. Belə güman etmək olar ki, qədim “gəncək” sözünün əvvəlindəki “g” və sonundakı “k” samitləri düşmüş və beləliklə də “əncə” onimi yaranmışdır. Məlum olduğu kimi, qıpçaq qrupu dillərindən fərqli olaraq, oğuz qrupu dillərində bir çox hallarda söz əvvəlində “g” səsinin və söz sonunda “k” samitinin düşməsi hadisəsi qanunauyğun hesab edilir. Bunları nəzərə alaraq belə ehtimal etmək olar ki, “əncə/incə/encə” fonetik variantlarında hal-hazırda mövcud olan bu etnonim “Gəncə” toponiminin təhrif olunmuş formasıdır [52].
Bizcə, bu araşdırıcının “İncə” və “Gəncə” toponimlərini qarşılaşdıraraq təhlil etməsi özünü doğrultmur. Birincisi ona görə ki, “incə/anca” tayfası qıpçaqların, “gəncə/qonja” tayfası isə oğuzların törəmələridirlər. İkincisi hər iki etnonim müxtəlif semantikaya malikdir. E.Mehrəliyevin izahına görə “gəncə” – gümrah, bolluq, “gənci” isə dəfinə, sərvət mənalarındadır [87, s. 50]. Gəncə adının semantikasını təhlil edən Q.Məşədiyev yazır ki, İ. Şopen bu adın “qandz” kökündən olub fars dilində xəzinə mənalı daşıdığı fikrini irəli sürür. Lakin sözün bu cür izahı onun mənşəyinin hansı dilə məxsus olduğu barədə məlumat almağa imkan vermir. Belə bir izahda müəllifin hansı dilə istinad etdiyini də görmək olmur. Bir çox mütəxəssislər, o cümlədən Sen-Martin, Erbels, İ.Markvart, N.Marr, K.Patkanov, Q.Xalatyan və başqaları Gəncə sözünü pəhləvi (İran) mənşəli hesab edir və onun xəzinə mənası daşıdığını göstərirlər. Bu mənanın təsəvvür edilməsi isə əslində təsadüfi xarakter daşıyır. Məsələn, İ.Markvartın təhlil etdiyinə görə, Şərq ölkələrinin əsas xəzinələri buraya toplanıbmış. Elə buna görə də şəhərə xəzinə mənası verən Gəncə adı qoyulubmuş. Başqa bir tarixçi – Həndullayev Qəzvin də ərəb tarixçilərinə istinad edərək şəhərin adının xəzinə mənasından götürüldüyünü yazır. Gəncə adının fars mənşəli söz kimi izahına müasir tədqiqatlarda da rast gəlmək olur [96, s. 67]. M.Kaşğari Gensek/gencek sözünü “türklərdən bir bölük” kimi izah etmişdir [75, s. 480]. R.Eyvazova Gəncə toponimini “qan” və “çoy” komponentlərinə ayıraraq təhlil etmiş və belə bir nəticəyə gəlmişdir ki, sözün birinci komponentindəki “qan” sözü “kanlı/kanqlı” etnonimindən törəmişdir. Gəncə toponiminin ikinci komponentində işlənən -cə elementi “çoy” sözünün fonetik variantıdır. R.Eyvazova Çin ərazisindəki “Kançoy” yer adı ilə Azərbaycandakı Gəncə coğrafi adında eynilik görmüş və bu toponimləri eyni mənşəli hesab etmiş, çinlərdəki “çjo” sözünün “böyük hərbi rütbə” mənası daşıdığını göstərmişdir [40, s. 237-238]. Bu fikirlərlə biz də razıyıq. Çünki qədim türklər çinlilərdə “Çjo” formasında işlədilən bu sözü rütbə anlamında “çor” şəklində ifadə edirdilər [111]. Qeyd etməliyik ki, Gürcüstanın Cavaxeti ərazisinin Boqdanovka rayonunda qeydə alınmış Qandza etnonimi “böyük, ali hərbi rütbəyə malik “qanq/gəng” tayfalarının yurdu, məskəni” anlamındadır.
Əncə/İncə tayfa adının semantikasına gəldikdə isə deyə bilərik ki, bu etnonim “ər” və “incə” komponentlərindən ibarət olub, Azərbaycan ərazisində 10-dan çox, Ermənistanda 6-ya qədər, Gürcüstanda 4-ə qədər yer-yurd adlarında izlər buraxmışdır. Əslində bu söz “ərəncə, əröncə, ərincə” şəklində olmalıdır. Etnonimin birinci komponentindəki “ər” sözü düşmüş, ikinci komponentdə isə “ö”, “i” sait əvəzlənməsi baş vermişdir. Beləliklə, etnoniminin tərkibindəki birinci komponent türk dillərində “insan, kişi, igid, cəsur, mərd” mənalarında işlənən “ər” sözünün fonetik variantıdır. Gürcüstanın Axalsıx rayonunda qeydə alınmış İncebla etnonimi gürcüləşdirilsə də, bu xüsusi ad “incə” və “bel” komponentlərindən ibarət olub, “incə tayfasından olan ərlərin, igidlərin, insanların dağətəyi ərazidə məskunlaşdıqları yer” mənasındadır. Metaforik səciyyəli “bel” coğrafi terminini ayrı-ayrı türk dilli xalqların dillərindəki məna çalarlarından bəhs edən E.M.Murzayev qeyd edir ki, bu termin Qazaxstanda “dağ tirəsi”, Qırğızıstanda “alçaq”, “geniş dağ aşırımı” Monqolustanda “dağ ətəyi”, “maili düzənlik” və başqa mənalarda işlənir [175, s. 46].
Gürcüstanın türk mənşəli etnotoponimləri arasında maraq doğuran yer adlarından biri də Göyçəli etnooykonimidir. XIX əsrdə bu yaşayış məntəqəsi Tiflis və indiki Rustavi şəhərlərinin arasında, düzənlik bir ərazidə yerləşirmiş. XIX əsrin ortalarında Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində yaşayan göyçəlilərin bir hissəsi erməni təcavüzü nəticəsində öz dədə-baba yurdları olan Göyçə mahalından köçməyə məcbur olmuşdur. Bu köçmə nəticəsində əhalinin bir hissəsi Qazax mahalında, bir hissəsi isə Gürcüstan ərazisində məskunlaşmış və həmin əhali yeni saldıqları yaşayış məntəqələrinə keçmiş yurdlarına adını vermişlər. Göyçəli etnotoponiminin ümumi mənası “Göyçədən olanlar, Göyçədən gələnlərin yaşayış yeri” deməkdir.
Beləliklə, Gürcüstan ərazisindəki etnonimlər əsasında yaranmış etnooykonimlərin semantikası müxtəlif və rəngarəngdir. Tayfa adlarından törəmiş etnooykonimlərin leksik-semantik xüsusiyyətlərinin öyrənilməsi, türk tayfalarının yayılma ərazilərinin dəqiqləşdirilməsi, onların etimoloji aspektdə tədqiqi Azərbaycan xalqının zəngin mədəniyyət və qədim etnik tarixinin bəzi qaranlıq qalmış problemlərinin həlli üçün olduqca vacibdir.
Dostları ilə paylaş: |