Gürcüstanın türk mənşəli etnotoponimlər lüğəti ABDALLI – Bolnisi rayonunda kənd adı. Mənbələrdə abdel/abadel/abdal kimi qeydə alınmış bu türkdilli tayfa mənşəcə hunlardan sayılır. Hun tayfalarının IV-VI əsrlərdə Gürcüstan ərazisində qüdrətli mövqeləri gürcü mənbələrində öz əksini tapmışdır. Mənbələrdə o da qeyd edilir ki, “abdal” adı “heftal, hental, eftal” etnoniminin fonetik formasıdır. Abdalların Qafqaz Albaniyasında eradan əvvəl yaşamaları ehtimal olunur. Azərbaycanda Abdal/Abdallı adlı 5, Gürcüstanda 3 etnonim qeydə alınmışdır. Ümumiyyətlə, abdal etnonimi Suriya, yunan mənbələrində abdel, aptalit, erməni mənbələrində xental, idpal, ərəb mənbələrində xaytal formalarında yazıya alınmışdır. V.V.Radlov abdal sözünü “qəhrəman, güclü adam”, N.A.Baskakov “əkinçilər tayfası, cütcülər tayfası” kimi mənalandırmışlar.