BƏYAZİDİNİN YURDU – Marneuli rayonunda etnotoponim. Sintaktik üsulla yaranmış bu etnotoponim özündə “Bəyazidli” tayfasının adını əks etdirir. Vaxtilə bəyazid tayfası bu yerdə yurd yeri saldığına görə etnotoponim belə ad almışdır.
CANDAR – Dmanisi rayonunda kənd adı. XIX əsrdə Gürcüstanda Candar adlı 2 yaşayış məntəqəsi və dəmiryol stansiyası qeydə alınmışdır. Candar qədim dövrlərdə vəzifə adını bildirmişdir. Belə ki, səlcuqlar dövründə (XI-XII əsrlər) mühüm saray vəzifələrindən biri “candar” adlanırdı. Bu sözün mənası “silah gəzdirən, keşişçi” deməkdir. Azərbaycanın Ağstafa rayonunda Candargöl adlı etnohidronim də qeydə alınmışdır. Dmanisi rayonunda qeydə alınmış Lök Candar yaşayış məntəqəsi də öz adını türkdilli “candar” etnonimindən almışdır.
CİNLİ – Zalqa rayonunda kənd adı. Bu etnonim XVIII əsrin sonlarında Qazax mahalından Gürcüstana köçmüş cinli tayfasına mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Tarix səhnəsində cinlilər III-IV əsrlərdən məlumdur. Qədim gürcü mənbələrində cinlilər Volqaboyundan gəlmiş türkdilli tayfa kimi qeyd olunub. Azərbaycanda, Ermənistanda cinli tayfası ilə əlaqədar etnotoponimlər xeyli saydadır. Mənbələrdə göstərilir ki, XIX əsrdə Cənubi Qafqazda 10-a qədər toponim vardır.
CƏFƏRLİ – Bolnisi rayonunda kənd adı. Maşaver çayının sağ sahilində, rayon mərkəzindən 7 km şərqdə yerləşir. Mənbələrdə qeyd edilir ki. Cəfərli qazax tayfasına mənsub olan ellərdən birinin adı olmuşdur. Kök+şəkilçi modeli əsasında formalaşmış bu etnotoponim izlərinə Azərbaycanın Ağsu, Qazax, İmişli, Gədəbəy, Cəlilabad rayonlarında da rast gəlirik. Cəfərli kəndinin adı hazırda gürcü dilinə tərcümə edilərək Samtredi adlanır.
ÇƏLƏBİLƏR – Tiflis quberniyasının Borçalı qəzasının Baydar nahiyəsində kənd olub. XIX əsrdə Baydar nahiyyəsinin Təkəli kəndinin bir məhəlləsi Çələbili adlanırdı. “Çələb” qədim türk sözüdür. Mənbələrdə deyilir ki, əvvəllər bu söz “allah” mənasında işlənmiş, sonra isə “yumşaq”, “incə”, “xırda” sözlərini ifadə etmişdir. Hazırda bu söz “ağa”, “ziyalı”, “hörmətli” mənalarını ifadə edən ləqəb kimi işlənir.
ÇANAXÇI – Marneuli rayonunda kənd adı. Bu etnotoponim əsasında “çanax” sözü dayanır və bu sözün mənası “ağacdan düzələn 5 kq ölçü qabı” deməkdir. Peşə və sənətkarlıqla bağlı olaraq yaranmış etnotoponimdir. XIX əsrə aid mənbələrdə Lori, Gəncə, Zəngəzur qəzalarında və İrəvan quberniyasında Çanaxçı adlı etnotoponimlər qeydə alınmışdır.
ÇAXIRLI – Tetrisxaro rayonunda kənd adı. XIX əsrə aid rus mənbələrində “çaxarlu” kimi qeydə alınmışdır. Etnotoponim çaxırlı/çəkərli tayfasının adı ilə bağlı olaraq yaranmışdır. Orta əsrlərdə çakərlilər qazax tayfa inkişafının tərkibində idi. Bu tayfanın müəyyən hissəsi orta əsrlərdə Gürcüstana gələrək burada məskunlaşmışdır.
ÇOPURALILAR – Dmanisi rayonunda kənd adı. Etnotoponim kök+kök+şəkilçi modeli əsasında formalaşmışdır. Mənbələrdə qeyd edilir ki, Çopuralılar kəndinin sakinləri XX əsrin əvvəllərində Dağ Borçalının Arıxlı kəndindən köçüb gəlmələrdir. Etnotoponimin mənası “Çopur Alı nəslindən olanlar” deməkdir. Etnotoponimin birinci komponentində işlənən “Çopur” sözü ləqəb bildirir.
ÇURTOBA – Axalsıx rayonunda kənd adı. XI yüzillikdə qıpçaq tayfalarından biri çur/djur adlanırdı. XIII yüzillikdə Gürcüstan ərazisində 350 min qıpçaq yaşamışdır ki, onların da müəyyən bir hissəsini “çur” tayfası təşkil edirdi. Mənbələrdə Adıgün rayonu ərazisində də Çortan adlı yaşayış məntəqəsi qeydə alınmışdır.