ÇULLU ALININ YERİ – Tetrisxaro rayonunun Kosalar kəndi ərazisində yer adı. Mənbələrdə Şimali-Şərqi Albaniyanın paytaxtı Çol şəhərinin və çol və ya çul türk tayfasının adı çəkilir. Hazırda Azərbaycanda, Əfqanıstanda, Türkiyədə və digər yerlərdə “çul/çol” etnonimi ilə bağlı çoxlu sayda etnotoponim formalaşmışdır. Çullu Alının yeri etnotoponimi sintaktik yolla yaranmışdır. Mənası “Çul tayfasından olan Alı adlı şəxsin yeri, məskəni” deməkdir.
DÜYƏRLİ – Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyyəsində kənd adı olub. Etnotoponim özündə oğuzların “dügər/düyər” tayfasının adını əks etdirir. Mənbələrdə qeyd edilir ki, dügərlər Səlcuq oğuzlarının yürüşlərində (XI-XII əsr) fəal iştirak etmişlər. Azərbaycanın Tərtər və Şəmkir rayonlarında Düyərli adlı yaşayış məntəqələri var. Türkiyə və Türkmənistanda da “dügər” etnonimi ilə bağlı xeyli sayda toponimlər qeydə alınmışdır.
DƏLLƏR – Dmanisi rayonunda kənd adı. Maşaver çayının sağ sahilində, rayon mərkəzindən 4 km cənub-şərqdə yerləşir. Bolnisi rayonunda da “dağ” appelyativi ilə işlənən eyniadlı etnotoponim qeydə alınmışdır. Mənbələrdə qeyd edilir ki, istər Gürcüstan, istərsə də digər ərazilərdə mövcud olan Dəllər adlı yaşayış məntəqələri VI-VII əsrlərdə yaşamış Qərbi Türk Xaqanlığının böyük tayfa birləşmələrindən biri olan “tele” tayfasının adı ilə bağlı olaraq yaranmışdır. Tarixi proses nəticəsində “tele” etnonimində t-d, e-ə, e-i səs əvəzləmələri baş vermişdir ki, bunlar da türk dillərinin dialektlərində qanunauyğun dil hadisələri hesab olunur. Azərbaycanın Ağsu, Saatlı, Şəmkir rayonlarında eyniadlı yaşayış məntəqələri mövcuddur.
DAŞLIQULLAR – Bolnisi rayonunda kənd adı. Bu yaşayış məntəqəsi Maşaver çayının sol sahilində, rayon mərkəzindən 12 km şərqdə yerləşir. Kök+şəkilçi+kök+şəkilçi modeli əsasında formalaşmış bu etnotoponim “kul/qul” tayfa adı dayanır. Qul/kul tayfası qədimdə bulqarların, peçeneqlərin və qıpçaqların tərkibində olmuşlar. Gürcüstanda Ağ Qullar, Dağıstanda Qullar, Qərbi Sibirdə (XVII əsrdə) Kullar, XVI əsrdə Qazan xanlığında Kul və başqa toponimlər də vardır. Daşlıqullar kəndinin adı XIX əsrə aid sənədlərdə Ağbabalı kimi də qeyd olunmuşdur.
DƏMİRLİ – Bolnisi rayonunda kənd adı. Gedi çayının sol sahilində, rayon mərkəzindən 20 km qərbdə yerləşir. Bu etnotoponim kök+şəkilçi modeli əsasında formalaşmışdır. “Dəmir” komponentli toponimlər istər Gürcüstan, istərsə də Azərbaycanda xeyli saydadır. Gürcüstanın Başkeçid rayonunda Böyük Dəmirçihəsənli (indi Qızılkilsə), Kiçik Dəmirçihəsənli (indi Şindilər) adlı kəndlər olmuşdur. Azərbaycanda “dəmir” komponentli 10-dan çox toponim qeydə alınmışdır.