Xörək duzu haqqında
Xörək duzu yeyinti məhsulu kimi həm şəxsi istehlak üçün və həm də sənaye məqsədləri üçün geniş miqyasda istifadə olunur. Xörək duzu müxtəlif yeyinti məhsullarının konservləşdirilməsində bir konservant kimi tətbiq olunur.
Dünyada duz ehtiyatı çoxdur. Okean sularında 38 trilyon ton natrium-xlor ehtiyatı vardır. Yer altındakı daş duz ehtiyatı isə 34 trilyon tona qədərdir. Beləliklə, insanlar milyon illər bundan sonra da duzla təmin olunacaqlar.
Insan bədəninin təxminən 0,5 kq-ı natrium-xlorid duzu təşkil edir. Bu duzun orqanizmdə çatışmamazlığı nəticəsində həyati əhəmiyyəti olan bir sıra fizioloji proseslər pozula bilər. Xörək duzu qana daxil olmaqla bərabər orqanizmdə olan hüceyrə protoplazmalarında, qanda, limfalarda osmotik təzyiqin yaranmasını təmin edir. Bunun sayəsində qanın iştirakı ilə müxtəlif toxumalardan maddələr mübadiləsi normal surətdə baş verərək, hüceyrə və toxumaların həyat fəaliyyətini mühafizə edir.
Insanın mədəsinin selikli qişa vəziləri xörək duzundan mədə şirəsinə lazım olan duz turşusunu hazırlayır ki, bu həzm prosesləri üçün çox əhəmiyyətli sayılır.
Insan orqanizmi hər gün müəyyən miqdarda natrium-xlorid duzu qəbul etməlidir, çünki orqanizmdən müntəzəm olaraq natrium-xlorid xaric olunur.
Beləliklə, bütün fizioloji funksiyanın normallığını təmin etmək üçün insan hər gün bütün yeməklərlə birlikdə 10-15 q xörək duzu qəbul etməlidir. Lakin müasir təbabət gündə 7-8 qramdan çox duz qəbul etməyi məsləhət görmür. Xüsusən yaşlılar və qan-damar xəstəliklərindən əziyyət çəkənlər duz istehlakını azaltmalıdırlar.
Xörək duzu təbiətdə 2 tipdə olur:
Mədən duzu – bərk kristallı mineraldan ibarət olub, yer altında böyük yataq şəklində olur. Bu növ duza mineralogiyada qalit adı verilir. Yeyinti sənayesində və ticarətdə belə duza Daş duz deyilir.
Şora – yalnız suda həll olmuş halda göllərdə, dənizdə, hövzələrdə olur. Bunun alınma üsulları müxtəlifdir.
Duz yataqlarının xarakterindən və duzun alınması texnologiyasından asılı olaraq xörək duzu aşağıdakı növlərə ayrılır:
1. Daş duz. Bu duzu yeraltı duz yataqlarından iri parça halında çıxarıb duz dəyirmanlarında xırdalayırlar. Naxçıvan MR-da daş duz yataqları vardır.
2. Çökdürülmüş duz və ya hövzə duzu. Bu duzu süni surətdə düzəlmiş hövzələrdə, dəniz suyunu buxarlandırıb çökdürməklə əldə edirlər.
Şoran duzu və ya göl duzu. Bu duzu duzlu göllərin dibindən çıxarırlar. Abşeronda şoran duz yutaqları vardır. Masazır gölü ən böyük şoran duz mənbəyidir.
Buxarlandırılmış duz. Bu duzu yer altından çıxarılmış duzlu suyun buxarlandırılması nəticəsində əldə edirlər.
Yodlaşdırılmış duz. Bu duzu adi xörək duzuna kalium-yodat duzu qatmaqla hazırlayırlar.
“Azersun Holding” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərən “Azərbaycan Duz Istehsalat Birliyi” QSC müasir avadanlıqların köməyi ilə dünya standartlarına cavab verən texnologiyanı tətbiq etməklə yüksək keyfiyyətli duz istehsalını təşkil etmişdir.
Masazır gölündəki şoran duzunun analizləri göstərmişdir ki, bu duz tərkibinə görə MDB-nin digər bölgələrindəki şoran duzlardan çox az fərqlənir.
Zavodda müxtəlif çeşiddə xörək və süfrə duzu istehsal olunur.
Duz haqqında “Qurani-Kərim”də heç bir buyuruq yoxdur. Lakin Peyğəmbərimizin (s.ə.v.) və imamların hədislərində duz və duzun istifadəsi haqqında bir neçə kəlamlara rast gəlmək olur.
Dostları ilə paylaş: |