Yemək yeməyin ədəbləri
haqqında hədislər
Mərhum Məclisi “Məvalidus-sadiqin” kitabından rəvayət etmişdir ki, Allahın Rəsulu (s.ə.v.) hər cür yemək yeyərdi. Yemək yeyəndə ailəsi və xidmətçiləri ilə birlikdə yeyərdi. Həmçinin o həzrəti öz süfrələrinə dəvət etsəydilər, qəbul edər və onlarla birlikdə yemək yeyərdi. Yalnız evinə qonaq gəldikdə qonaqla qalar, onunla birlikdə süfrə başında oturardı. O həzrət üçün ən yaxşı yemək süfrə başında çox adamın daddığı yemək idi.
Imam Cəfər Sadiq (ə) buyurur: Allahın Rəsulu (s.ə.v.) camaatla birlikdə yemək yedikdə onlar utanmasınlar deyə, hamıdan əvvəl yeməyə əl uzadar, hamıdan sonra yeməkdən əl çəkərdi. Həmçinin imam Əlidən (ə) rəvayət edilmişdir ki, Peyğəmbər (s.ə.v.) orucluq vaxtları camaatla iftar edərkən belə buyurardı: “Oruc tutanlar sizin yanınızda iftar etdilər, yaxşı insanlar sizin yeməyinizdən yedilər, Allahın seçilmiş bəndələri sizə salam göndərirlər”.
Allahın Rəsulu (s.ə.v.) heç vaxt tənha yemək yeməzdi. Onun nəzərində ən pis adam tənha yemək yeyən, bəndələri incidən və ehsan etməyəndir. Həmçinin buyurardı: “Süfrədən çörək qırıntılarını atmayın, onları ovucunuza töküb yeyin, çünki süfrədəki çörək qırıntılarını yeməklə özünüzdən və övladlarınızdan kasıbçılıq və ehtiyacları uzaqlaşdırmış olarsınız”.
“Üsuli-kafi” kitabında nəql edilmişdir ki, Peyğəmbərin (s.ə.v.) yanında süfrə salınanda buyurardı: “Ey Allah, sən paksan, bizi sınadığın şeylər nə gözəldir, bizə verdiklərin nə çoxdur, bizə verdiyin sağlamlıq və nemətlər nə çoxdur. Ey Allah, bizim ruzimizi, həmçinin kasıb mömin kişilər, mömin qadınlar, müsəlman kişilər, müsəlman qadınların da ruzisini çoxalt”.
Şeyx Səduq “Əmali” kitabında imam Əlidən (ə) rəvayət edir ki, Allahın Rəsulu (s.ə.v.) hər dəfə təzə meyvə gördükdə onu öpər, gözünə və dodaqlarına qoyar və deyərdi: “Ey Allah bu meyvənin əvvəlində sağlam olduğumuz kimi axır vaxtında da sağlam olaq”.
Əys Ibni Qasim deyir: - Imam Cəfər Sadiqdən (ə) soruşdum ki, Peyğəmbərin (s.ə.v.) buğda çörəyini heç vaxt doyunca yemədiyi barədə olan hədis düzdürmü? Imam buyurdu: - Yox! O Həzrət ümumiyyətlə buğda çörəyi yeməmiş, arpa çörəyindən isə doyunca istifadə etməmişdir və Aişə (A.o.r.) deyirdi: - Peyğəmbər (s.ə.v.) vəfat edənədək doyunca arpa çörəyi yemədi.
Həzrət Əli (ə) “Nəhcül-bəlağə”də buyurur: - Allahın Rəsulu (s.ə.v.) hamıdan arıq idi, qarnı başqalarına nisbətən boş idi. Elə ac qarınla da dünyadan köçdü və sağlam dinlə axirətə daxil oldu.
Deyləmi yazır: - Bir gün Peyğəmbər (s.ə.v.) şiddətli aclığa məruz qaldı, belə ki, aclığın ağırlığından qarnına daş bağladı və buyurdu: - Hər şəxs öz nəfsini bəsləsə (qarınqulu olsa), zəlil olacaq və hər şəxs öz nəfsini xar edərək həva həvəsini darmadağın etsə, böyük və əzəmətli olacaqdır. Bu dünyaya bel bağlamayan şəxs qiyamət günü hər cür ilahi nemətlərdən faydalanacaqdır. Amma bu dünyada nəfs, qiymətli paltarlar geyib, dünya nemətləri içrə qərq olarsa (və bunlar tam halal yolla olmazsa), həmin adam qiyamət günündə ac və çılpaq olacaqdır.
Imam Cəfər Sadiq (ə) buyurur: - Həzrət Cəbrayıl (ə) Islam Peyğəmbərinin (s.ə.v.) yanına gəlib dedi: - “Allah-Təala sənə salam göndərdi və buyurdu: - Əgər Peyğəmbər (s.ə.v.) istəyirsə, bu Məkkə torpağı onun üçün qızıla dönsün”. Peyğəmbər (s.ə.v.) üç dəfə asimana nəzər saldı və sonra buyurdu: -“Ilahi, mən istəyirəm ki, bir gün tox olaraq sənə şükr edim və bir gün ac olaraq sənə dua edim”.
“Üsuli-kafi”də Imam Cəfər Sadiq (ə) buyurur: - Peyğəmbərin (s.ə.v.) ən çox sevdiyi yemək sirkə ilə zeytun idi, o həzrət özü buyurardı ki, bu xörək Peyğəmbərlərin xörəyidir.
Abdullah ibni Məsud deyir: - Peyğəmbər (s.ə.v.) bir qabda su içdikdə üç nəfəsə içərdi, hər dəfə Allahın adını çəkər və axırda şükr edərdi.
Isti və qaynar xörəklər soyumayınca, Allahın Rəsulu (s.ə.v.) o xörəyi yeməzdi. O Həzrət buyurmuşdur: - “Allah-Təala bizə od yedizdirməmişdir. Qaynar yeməyin bərəkəti olmaz. Buna görə də əvvəlcə xörəyi soyudun”. Yemək yeməyə başladıqda Allahın adını çəkər, yemək gətiriləndə başqalarından tez yeməyə başlamazdı. Yeməkdən bəzən üç və bəzən də dörd barmağı ilə götürər, amma heç vaxt iki barmağı ilə yemək yeməzdi və bu barədə belə buyurardı: - “Iki barmaqla xörək yemək şeytanın adətidir”.
Peyğəmbər (s.ə.v.) qarpız, üzüm və xurma yeyər, amma başqalarını narahat etməsin deyə sarımsaq, soğan və tərə yeməzdi. Heç bir xörəyi pis saymazdı, ürəyi istəsəydi yeyərdi, xoşuna gəlməsəydi yeməzdi. Amma başqalarına qadağan etməzdi. Yemək yediyi qabı barmaqları ilə təmizləyər və buyurardı: - “Xörəyin qabdakı qalıqlarının bərəkəti daha çoxdur”. Yeməkdən sonra xörəkli olan üç barmağını bir-bir ağzında pak edər, sonra isə əllərini su ilə yuyardı.
Allahın Rəsulu (s.ə.v.) su içərkən belə buyurardı: “Şükr olsun Allaha ki, insanların günahlarının çoxluğuna görə suyu acı və şor etmədi, əksinə öz neməti ilə suyu şirin və dadlı etdi”.
Bir gün Peyğəmbər (s.ə.v.) bir evin kənarından keçirdi. Bir qadının öz kənizini söydüyünü eşitdi. Qadına dedi: - Get yemək ye. Qadın dedi: - Ey Allahın peyğəmbəri, mən oruc tutmuşam. Peyğəmbər (s.ə.v.) buyurdu: - Sən necə orucsan ki, öz kənizini söyürsən? (Fürui-kafi).
Dostları ilə paylaş: |