Haram atanın sülbündə formalaşan virusdur. Onun kökü qidayla gələr və nəsillərdə özünü biruzə verər. Onun nəticəsi isə ağır olar. Haramdan özünüzü qoruyun. Haram olan bina da özünü biruzə verər.
Haram öz sahibinin arxasınca Cəhənnəmdən gələn oddur.
Haram boğazı yandırmazsa, bədəni mütləq yandırar.
Haram heyvani nəfsi alışdıran oddur.
Haram sahibinin mülkü çayda üzən buza bənzər.
Azğınlığın kökü haramdan doğar və o insanı heyvani hisslərlə yaşadıb Cəhənnəm sakini edər.
Kazino – yaşlı körpələrin oyuncaq yeri.
Başqasının halal malına göz dikənlər öz ruzilərini itirərlər və həşərata bənzərlər.
Harama haqq deyib onu zorla və ya hiylə ilə almaq Allaha, Peyğəmbərinə və Qurana qarşı çıxmaqdır.
Haramla qurulan dövlət haramla dağılar.
Bütün mülkiyyət Allahındır, onu mənimsəmək isə Ondan oğurluq etmək kimi qiymətləndirilir.
Faizli müamilə və sələm sizi qul edər və Allah tərəfindən lənətlənərsiniz.
Ey insanlar! Ikiüzlülük etməyin. Sizdən bəziləriniz özünüzü müsəlman adlandırır və yaxınlarınızı haramla yad edib onlar üçün Allahdan rəhmət, cansağlığı və gözəl gələcək diləyərək necə də çirkin və qəbuledilməz bir işə əl atırsınız. Allah haramı sevməz və qəbul etməz!
Şeytana xidmət harama sövq etməkdir.
Haram insanın əqlini aparan heyvani xislətdir.
Haramdan nicatın sənin iradən və tövbəndir.
Haram sizi imandan uzaq edər, imansızlıq isə sizi zalimlik, yaltaqlıq, qorxaqlıq, ikiüzlülük və ən alçaq işlər görməyə vadar edər, bu da sizə və nəslinizə bu dünyada rüsvayçılıq, axirətdə isə sizə əzabdan başqa bir şey verməz.
Allahı yalnız mağarda xatırlamaq, sizi imansızlığa və ikiüzlülüyə aparar. Unutmayın ki, Allahsız – yaranış, həyat, axirət və bu vaxtda görülən bütün işlər haram sayılır və sizi axirət nemətlərindən məhrum edər.