Zeytun yağı haqqında
Gündəlik qida rasionunda yağların xüsusi çəkisi ümumi enerji dəyərinin 30%-ə qədərini təşkil etməlidir. Qida institutları tərəfindən elmi cəhətdən işlənib tövsiyə olunmuş normaya əsasən orta yaşlı insan gündə 80-100 qr yağ istehlak etməlidir. O cümlədən kərə yağı 20 qr, bitki yağı 25 qr, heyvanat yağı 20 qr, marqarin və mətbəx yağları 30 qr təşkil etməlidir. Istehlak olunan yağın tərkibində 2-6 qr polidoymamış yağ turşuları, 5 qr fosfolipidlər və 0,3-0,6 qr xolesterin olmalıdır. Yaşlıların daha çox bitki yağlarından istifadə etmələri məsləhətdir.
İnsanlar qədimdən ən çox heyvanat mənşəli yağlardan (qoyunun quyruq yağı) daha çox istifadə etmişlər. Lakin tarixdə zeytun yağından istifadə olunmasına dair çoxlu sayda məlumatlar vardır. Zeytun yağından qida məqsədləri üçün istifadə olunması haqda “Qurani-Kərim”də buyurulan bir neçə ayələrdə və Peyğəmbərimizin (s.ə.v.) hədislərində oxuyuruq.
“(Sizin üçün həmçinin mənşə etibarilə) Sina dağından çıxan bir ağac da (yaratdıq ki), o, yeyənlər üçün zeytun və (çörəyin üstünə yaxılan, xörəyə qatılan) yağ bitirər.” (əl-Muminun, 23/20).
Zeytun yağının insan orqanizmi üçün əhəmiyyətini vurğulayan Peyğəmbərimiz (s.ə.v.) də bu xüsusda “Zeytun yağı yeyin və sağlam həyat sürün” kəlamını buyurmuşdur.
Heyvani yağlardan fərqli olaraq zeytun yağı nəinki qan-damar xəstəliklərinə səbəb olmur, hətta heyvani yağlarla qəbul olunmuş xolesterinin orqanizmdən xaric olmasına fizioloji cəhətdən səbəb olur.
Zeytun yağının tərkibində faizlə doymuş yağ turşularından palmitin-12,9; stearin-2,5 və araxin-0,35; monodoymamış yağ turşularından olein-64,9 və palmitolein-1,5; polidoymamış yağ turşularından linol-12,0; linolen-0,1 vardır. Zeytun yağında E, A, D vitaminləri və insan orqanizmi üçün faydalı olan digər bioloji fəal maddələr də vardır. Məhz buna görə zeytun yağı həyatın bütün dövrlərində sağlamlığa müsbət təsir göstərir.
Zeytun yağı ürək və qan-damar xəstəliklərinə səbəb olan xolesterini azaldaraq damarlarda tıxanmaların qarşısını alır. Zeytun yağının üstün cəhəti ondan ibarətdir ki, digər bitki yağlarından fərqli olaraq yalnız orqanizm üçün zərərli olan aşağı sıxlıqlı xolesterinin miqdarını azaldır, lakin insan orqanizmi üçün lazım olan yüksək sıxlıqlı xolesterinə toxunmur. Mədə turşuluğunu azaldaraq qastritə və mədə yarasına qarşı qoruyucu rol oynayır, öd kisəsi daşının əriməsinə xömək edir, tərkibi antioksidləşdiricilərlə zəngin olduğundan uşaqlarda və yaşlılarda beyin və sinir sisteminin inkişafı və yeniləşməsində mühüm rol oynayır, orqanizmdə 99-100% mənimsənilir. Zeytun yağından soyuq qəlyanaltıların və qızartmaların hazırlanmasında istifadə olunması sağlamlıq üçün əhəmiyyətlidir. Eyni zamanda zeytun yağından unlu şirniyyat məmulatının (keks, yağlı biskvit, peçenye və digər məhsulların) hazırlanmasında istifadə olunması məsləhət görülür. Çünki bu yağ məmulata xüsusi ləzzət verməklə yanaşı onun qurumasının qarşısını alır. Zeytun yağı həzm, qaraciyər və öd kisəsinin pozğunluğu olan insanlara yaxşı təsir göstərir. Belə xəstələrə səhər acqarnına bir qaşıq zeytun yağı içmək məsləhət görülür. Zeytun yağından aterosklerozun profilaktikasında və onun mürəkkəb formalarının qarşısının alınmasında istifadə etmək olar. Zeytun yağı dərinin qoruma funksiyasını gücləndirir, tonusu artırır, qocalmanı ləngidir və orqanizmdə kalsiumun daha yaxşı mənimsənilməsini təmin etməklə sümük toxumasının artımına və möhkəmlənməsinə kömək edir.
Son illər “Bakı Yağ zavodu”-nda “Zeytun bağları” və “Final” ticarət nişanı ilə zeytun yağı istehsal olunur. Gigiyenik normalara əməl olunaraq qabaqcıl texnologiyanın tətbiqi ilə istehsal olunan zeytun yağı 250, 500 və 750 qram kütlədə 4 qranlı şüşələrdə Riviera tipli zeytun yağı kimi istehlakçılara təqdim olunur.
Qeyd etmək lazımdır ki, zeytun yağları 3 qrupda satışa çıxarılır. Təbii zeytun yagı, Rafinə zeytun yağı və Riviera zeytun yagı. Təbii zeytun yağının canlı və kəskin qoxusunu bəyənməyənlər Riviera zeytun yağından istifadə edə bilərlər. Riviera zeytun yağı almaq üçün Rafinə zeytun yağı təbii zeytun yağı ilə qarışdırılır. Respublikada istehsal olunan zeytun yağı tələbatı ödəmədiyindən bir çox xarici ölkələrdən də zeytun yağı gətirilib istehlakçılara satılır. Zeytun yağının istehsalı müxtəlif proseslərlə başa çatdırıldığından, son məhsulun keyfiyyəti də müxtəlif olur. Xaricdə əsasən Virgen, Riviera və Pomos tipli zeytun yağı istehsal olunur. Respublikamıza əsasən zeytun yağının istehsalı ilə məşğul olan 3-cü ölkələrdən aşağı keyfiyyətli zeytun yağı daxil olur. Bunların əsasını nisbətən aşağı keyfiyyətli olan Pomos zeytun yağı təşkil edir. Lakin alıcılar zeytun yağı alarkən etiketdə olan Pomos sözünə fikir vermirlər və xaricdən alınan yağlara daha çox meyl göstərirlər. Bu yağların qiymətlərində çox fərq olmur, lakin keyfiyyətcə Riviera tipli satışa verilən zeytun yağı bütün göstəricilərinə görə Pomos zeytun yağından üstündür. Əvvəla Riviera zeytun yağı təbii və rafinə zeytun yağının qarışığıdır və ona görə də standartın bütün tələblərinə uyğundur. Lakin Pomos zeytun yağı əsas istehsal prosesi başa çatdıqdan sonra yerdə qalan jmıxdan və zeytun məhsulları istehsalının qalıqlarından hazırlanır və keyfiyyətcə Rivieradan aşağıdır.
“Bakı Yağ zavodu”-nda istehsal olunan “Final” ticarət nişanı və Riviera tipli zeytun yağının rəngi açıq yaşılımtıl çalarlı sarıdır, şəffaf və parlaqdır, dadı təmiz və neytraldır, mikrobioloji və zərərsizlik göstəriciləri Tibbi Bioloji Təlimata uyğundur. Nəmlik və uçucu maddələrin miqdarı- 0-dır (standartda 0,2%-dən çox olmaması göstərilir); xalis yağın miqdarı-100%-dir; sərbəst yağ turşularının miqdarı-0,29%-dir (standart göstərici əla sort üçün 0,75%-dir); peroksid ədədi-2,8-dir (standartına görə 15-dən çox olmaz). Xolesterinsizdir. Zeytun yağının tərkibində 72 mq/100 qram E vitamini (tokoferol) vardır ki, bunun da 90%-ni daha fəal olan α -tokoferol təşkil edir. 100 qram zeytun yağı 899 kkal enerji verir.
Dostları ilə paylaş: |