Zeytun yağı haqqında hədislər
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: “Sizə tövsiyə edirəm zeytun yağını. O, ödü açar, bəlğəmi aparar, əsəbi bərkidər, yorğunluğu aparar, xasiyyəti yaxşılaşdırar, nəfəsə xoş ətir verər, qəm-qüssəni aparar”.
Rəsuli-Əkrəm (s.ə.v.) Əliyə (ə) tövsiyə edərək buyurur: “Ya Əli, zeytun yağını yeginən və onu bədəninə sürt. Həqiqətən, kim onu yesə və bədəninə sürtsə, Şeytan ona qırx səhər yaxın düşə bilməz”.
Rəsuli-Əkrəm (s.ə.v.) buyurub: “Zeytun yağını yeyin və onu bədəninizə sürtün, çünki o, mübarək bir ağacdan hasilə gəlib”.
Burada “mübarək ağac” ifadəsilə o Cənab (s.ə.v.) “Quranı-Kərim”in iyirmi dördüncü (Nur) surəsinin otuz beşinci ayəsindəki kəlamı nəzərdə tutmuşdur.
“… O çıraq nə şərqdə, nə də qərbdə (aləmin ortasında) olan mübarək bir zeytun ağacından yandırılır. Onun (zeytun ağacının) yağı özünə od toxunmasa da, sanki (haradasa) işıq saçır. O, nur üstündə nurdur…” (ən-Nur, 24/25).
Təfsirlərdə deyilir ki, bu, yəni zeytun ağacı, yer yox, göy ağacıdır.
Peyğəmbər (s.ə.v.):
Zeytun yağı için, onu bədəninizə çəkin. O, mübarək ağacdır.
Zeytun yağı için. O, mübarək ağacdandır. Onu yavanlıq kimi də istifadə edin, yağını bədəninizə çəkin. Çünki o, mübarək bir ağacdan hasil olur.
“Sünənü-Tirmizi” - Zeyd ibn Ərqəmdən: Allahın Rəsulu (s.ə.v.) bizə ağciyərin iltihabı zamanı dəniz qustu (dənizdə bitən ot) və zeytun yağıyla müalicə olunmağımızı əmr etdi.
Zeytun yağından istifadə edin, onu için, yağını bədəninizə çəkin. O, babasil xəstəliyi zamanı faydalıdır.
Mübarək zeytun ağacının meyvəsi olan zeytunun yağından istifadə edin, onunla müalicə olunun. O, insanı babasildən qoruyur.
Zeytun yağı için, ondan bədəninizə çəkin. Onda cüzam da daxil olmaqla, yetmiş dərdin dərmanı var.
Zeytun yağı yaxşı insanların yağı, onların yavanlığıdır. Zeytun həm təzə çıxan vaxtı, həm də sovuşanda bərəkətlidir. Zeytun iki dəfə müqəddəsliyə batıb.
Imam Əli (ə): “Zeytun yağını bədəninizə çəkin, ondan yavanlıq kimi istifadə edin. Zeytun olan yerdə heç bir xəstəlik insanı yaxalamaz”.
Imam Cəfər Sadiq (ə):
Sıyığı zeytun yağı ilə yemək ət gətirir (kökəldir), sümüyü bərkidir, dərini nazikləşdirir və cinsi qabiliyyəti artırır.
Bir kişinin bədənində sızanaq və ya çiban çıxsa, onu bağlasın və zeytun yağı, ya da heyvan yağı ilə müalicə aparsın.
“Zeytun yağı pak adamların yediyi yağdır və yaxşı kəslərin təamıdır”.
Dostları ilə paylaş: |