Oruc tutmağın vacibliyi
Öz bəndələrinə son dərəcə mərhəmətli olan Allah onları ilin ən isti günlərində ziyafətə dəvət edir, onlara aclıq və susuzluqla qonaqlıq verir. Qonaqlığa dəvət olunanların özləri ilə Allaha gətirdikləri sovqat səbir və imanlarıdır. Orucluğa hamı dəvət olunsa da, dəvəti qonaqlığa layiq olanlar qəbul edir. Allah öz sevimli bəndələrinə “Ey iman gətirənlər!” xitabı ilə müraciət edir. Sanki onların könlünü alır və orucluğun çətin anlarını unutdurur. Onlar qorxuya düşməsinlər deyə, orucun onlardan əvvəlki ümmətlərinə vacib olduqlarına toxunur. Bu barədə “Qurani Kərim”in əl-Bəqərə surəsinin 183, 184 və 185-ci ayələrini oxumaq lazımdır.
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!”. (əl-Bəqərə, 2/183).
“(Oruc tutmaq) sayı müəyyən olunan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə, (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!”. (əl-Bəqərə, 2/184).
“Insanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadıqları günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə ona (“Allahu əkbər” deməklə) təzim və şükr edəsiniz”. (əl-Bəqərə, 2/185).
Oruc tutmaq niyyəti ilə dan yerinin ağarmasından günəş batıncaya qədər bir şey yeyib-içmək, dadına baxmaq kimi şeylərdən özünü məhrum etmək surətilə bədənlə edilən bir ibadətdir.
Yetkinlik yaşına gələn, ağıllı hər bir müsəlmanın Ramazan ayında bir ay oruc tutması fərzdir.
Oruc dəlilərə, uşaqlara fərz deyildir.
Qadınların aybaşı və zahılıq vaxtlarında oruc tutmaları haramdır. Xəstələrin, yolçuların (səfərdə olanların), əmzikli qadınların Ramazanda oruc yemələrinə izn vardır. Yedikləri günlərin oruclarını Ramazandan başqa bir zamanda tuta bilərlər.
Oruc tutmaq üçün niyyət etmək, niyyətin başlama və bitmə zamanı bilmək, dan yerinin ağarmasından günəş batıncaya qədər orucu pozan şeylərdən çəkinmək orucun fərzlərindəndir.
Ödənən Ramazan orucu ilə, diləmə və kəffarət (cəza) oruclarında günəşin batmasından dan yerinin ağarmasınadək niyyət etmək lazımdır. Niyyət qəlb ilə olur. Dillə söylənilməsi savabdır.
Orucun növləri aşağıdakılardır.
Dostları ilə paylaş: |