Orucu pozan şeylər Orucu batil edən hallar aşağıdakılardır:
Oruc tutan şəxs bilərəkdən bir şey yeyib-içərsə, orucu batil olar. Əgər unutqanlıq üzündən nəsə yeyərsə, orucu batil olmaz. Baş və sinəsinin bəlğəmi ağızın içinə daxil olmayıbsa, onu udmaq orucu batil etməz, daxil olduqda isə onu udmaması vacibdir. Ağız suyunu udmaq isə, istər az olsun, istərsə də çox, orucu batil etməz.
Bilərəkdən cinsi əlaqədə olmaq orucu batil edir. Unutqanlıq üzündən olduqda isə batil etmir. Əgər cinsi yaxınlıq zamanı oruc olduğu yadına düşərsə, davam etməməli və dərhal dayanmalıdır, cinsi yaxınlıq etmədən mazaqlaşmaq isə orucluq vaxtı bəyənilməyən əməllərdəndir.
Insanın ananizm ilə məşğul olması haram olmaqla yanaşı, onun orucunu da batil edir. Lakin əgər yuxuda ikən ondan sperma xaric olarsa, bu hal orucu batil etməz. Bu zaman sübh namazına qədər qüsl alınmalıdır.
Yaxşı olar ki, insan oruc tutduğu vaxtlarda buxar və tüstünün də boğazına çatmasına imkan verməsin. Bu hal qeyri-ixtiyari olaraq baş verdikdə oruc batil olmur.
Unutqanlıq və ya məcburiyyətdən başını suya batırdıqda isə orucu batil olmur. Lakin dənizdə və ya hovuzda başı suya batırmaq orucu batil edir.
Allahın, Peyğəmbərin (s.ə.v.) və Məsum Imamların (ə) adından yalan danışmaq orucu batil edir, yəni Quranda olmayan hər hansı bir ayəni Quranla əlaqələndirmək və ya Peyğəmbər (s.ə.v.) və Məsum Imamların (ə) demədikləri bir sözü onlara aid etmək orucu batil edir. Yaxşı olar ki, insan dəqiq bilmədiyi Quran ayəsini, Peyğəmbər (s.ə.v.) və Məsum Imamların (ə) hədislərini də bilmədən deməsin. Bu işi səhvən gördükdə orucu batil olmur.
Məcburiyyət və ya müalicə üzündən olsa belə, imalə orucu batil edir. Bu müddət ərzində oruc tuta bilməyən şəxslər sağaldıqdan sonra tutmadıqları günlərin müqabilində qəza orucları tutmalıdırlar.
Cənabət və ya heyz halında bilərəkdən sübh namazına qədər qüsl almamaq da orucu batil edir. Sübh azanından sonra yuxudan oyanaraq boynuna qüsl gəldiyini görən şəxslər cənabət qüslü alaraq namazlarını qılıb oruclarını davam edə bilərlər. Heyz qanı görən qadınlar eyni qaydada olaraq sübh azanına qədər qüsl alıb oruclarını davam etməlidirlər.
Orucu batil edən şeylərdən biri də qusmaqdır. Bu iş qeyri-ixtiyari olaraq baş verdikdə, orucu batil etmir.