Su və inanclar
Türkiyənin Mardin vilayətində aprel ayında yağan yağış suyunun şəfalı olduğuna inanılır. Buna bənzər bir inanc Vanda da mövcuddur. Cənubi Azərbaycanın Şəbüstər mahalında da aprel ayında yağan yağışın suyu müqəddəs sayılır. Hətta suyun müqəddəsliyi ilə bağlı hədislər də var. Deyilənə görə Muhəmməd Peyğəmbər (s.ə.v.) yağış yağanda başını açar və “sən məndən sonra gəldin, ya mübarək” - deyərmiş. Burada əski və yeni inanclarda Göy-su və müqəddəslik birləşir. Bu zaman Göy Tənqri müqəddəs Yer-subun sahibsiz qalmaması üçün xaqanı (hökmdarı) göndərməsi yada düşür.
Ağacları, qayaları, suları müqəddəs saymaq islamda Tanrıya şərik olaraq qəbul edilmiş və dinə zidd olduğu üçün də qadağan olunmuşdur. Bu cür inanclara islam ölkələrində, demək olar ki, rast gəlinmir, ancaq Altayda, Tuvada, Xakasyada, Yunanıstanda bu inanclar özünü daha çox göstərir.
Araşdırılmağa ehtiyac duyan məsələ bəlkə də «pir» anlayışının mənbəyi və ona aid edilən xüsusiyyətlərdir, məsələn, Türkiyədəki Üryan baba bir pirdir. Türbəyə sahiblik edən Üryan babadır. Üryan baba türbəsinin dilək bağlanan barmaqlıqları kimi ətrafındakı çır-çırpı və ağaclar da onun malı sayılır. Bəzi türbələrdə olduğu kimi, Üryan babanın da bir çeşməsi, ya da su quyusu ola bilərdi. Üryan baba ağaclara və ya suya mənəvi güc verən biri kimi xalq arasında da məşhurdur. Bu ağacların quru yarpaqları, ya da suyun bir neçə qurtumu inanca görə hikmətlidir.
Türkmənistanda türbələrə “qala” deyilir, məsələn, Çoban baba qalası, Çoban babanın məzarı və ona yaxın olan əraziləri əhatə edir. Bunun sahiblik sferası, mənəvi mülkiyyəti Çoban babaya aiddir. Məzar isə Babanın stalaqmitidir. Gön dəri və üzərindəki diləklər onun bayrağıdır. Ona dilək bağlayanlar, ya da uşağının olması üçün nəzir edənlər ona nəzirləyərlər, digər pirlərdə oduğu kimi onun qoruması altına girirlər.
Pirlərə aid müqəddəs hesab edilən sular olduğu kimi, pir olaraq bilinən sular da var. Bir çox müqəddəs çayın və su hövzəsinin yanında ayrıca bir məzar, ya da türbə yoxdur. Bu, “ocaq” olaraq bilinən ailələrə aid şəfa verən, problemləri həll edə bilən su mənbəyi olaraq bilinir. Burada müqəddəsliyinə inanılan suya bu keyfiyyəti verən hər hansı pirin, yiyənin olduğunu görürük. Türk xalqlarının inanclarında and içilən, yardım istənilən və sığınacaq yeri olan suyun pir olaraq təriflənməsinə tez-tez rast gəlinir.
Su mədəniyyətinin bir təzahürü olaraq suyun müqəddəs olduğu yerlərdə çirkabların su ilə paklanmadığına, suyun çirkaba qarışmasının onun müqəddəsliyi ilə düzgün gəlmədiyinə inanılır. Müqəddəs yerlərin balıqlarını da suyun müqəddəsliyinə hörmət əlaməti olaraq ovlamırlar.
Sudan şəfa və rahatlıq ala bilmək üçün onun çirkləndirilməməsi vacib sayılmışdır. Naxçıvanda, Təbrizdə, Salmasda, Qarsda, Ağrı dağında, Daşlıçayda baharda yuyunmaq üçün çaya girəndə bütün ilin sağlam və hüzurlu keçməsi üçün üç dəfə “ağırlığım-uğurluğum, kəlliyim-keçəlliyim bu suya” - deyilir.
Su ilə bağlı bir sıra dualar da var: “Ağzı dualının qarşısına pak su çıxsın”, “Allah suyunu bol eyləsin”, “Allah axar suyunu bulandırmasın”, “Allah səni sel-suların qada-bəlasından iraq eyləsin”.
Su yiyəsinə xeyir, bərəkət və sağlamlıq gətirəcəyinə və ya əksinə bulanıq suyun da uğursuzluq və zərər gətirə biləcəyinə inanılır. Suyun şəfaflığı ağ əyə, selə dönmüş halı isə torpaq əyə ilə eyniləşdirilmişdir.
Görkəmli folklorşünas Mürsəl Həkimovun araşdırmalarında su ilə bağlı bir çox diləyə – məsələ rast gəlirik: “Balan bəxt-iqbal suyundan əl-üzünü yusun”, “Suyun sulara qarışsın”, “Suyun Ayşə-Fatması balalarının pənahı olsun”, “Su ilahəsinə qurban olum” və s. M.Həkimovun tədqiqat işlərindən seçilmiş bu misallarla məzmun etibarilə Anadoludan toplanmış məsəllər arasında çox az fərq var. Anadoluda “Su kimi əziz ol”, “Su kimi aydın ol”, “Su kimi ömrün uzun olsun”, “Su verənin çox olsun”, “Verdiyin su ölənlərinin canına-ruhuna dəysin” (bu məsəl Azərbaycanın bəzi bölgələrində “Verdiyin su ölənlərinin ehsanı olsun” kimi işlənir), “Yol böyüyün, su kiçiyin” kimi bir çox məsəllər vardır.
Su ilə bağlı qarğışlar da az deyil: “Ağırlığını-uğurluğunu yumağa evində bir ovuc su tapmayasan”, “Ağzundan qara su gəlsin”, “Ağlın qar suyuna dönsün” (qar suyunun şəffaf olmadığına işarə edilir), “Allah axar suyunu qurutsun”, “Allah suyunu bulandırsın”, “Allah uğuruna su çıxarmasın”, “Allah yurduna su bağlasın”, “Atanın cənazəsini yumağa su tapmayasan”, “Balan bulaq başında boynu bükük qalsın”, “Bulaqdan yeni ildə su götürməyə qalmayasan”, “Var-dövlətin sellərə-sulara qərq olsun”, “Ilin ilk çərşəmbəsində fala baxmağa təmiz su tapmayasan”, “Su ilahəsi sənə qənim olsun” və “Suyun Ayşə-Fatması dərdinə dəva etməsin”.
Suyun təmizliyi bəzən hz.Ayişə və hz.Fatimə ilə eyniləşdirilir. Demək olar ki, dua və qarğışlar da onların adı ilə bağlıdır.
Göründüyü kimi, folklor mətnlərində suyun ruhaniliyinin və ilahi gücünün olduğuna inanılır. Suya olan inamların izahı da burada axtarılmalıdır.
Islamda su niyyətdir, bərəkətdir, həyat qaynağıdır. Onu bəşəriyyətə bəxş edən böyük qüvvə hər şeyin iradəsini əlində tutan Allahdır. Su bir vasitədir. Onu vasitəyə çevirən də Allahdır. Suda bir qüvvə aramaq Allaha şərik qoşmaqdır və bu da bağışlanılmaz günahdır.
Dostları ilə paylaş: |