Qan dövranı və südün təşəkkülü
Bədənin qidalanmasını təmin edən əsas maddələr həzm sistemindəki kimyəvi reaksiyalar nəticəsində əmələ gəlir. Həzm olunan bu qida maddələri daha sonra bağırsaq divarından sorularaq qan dövranı sisteminə keçir. Beləliklə, bu qida maddələri qan dövranı nəticəsində müvafiq orqanlara ötürülür.
Bədənin başqa toxumaları kimi süd vəziləri də onlara qan dövranı yolu ilə gətirilən həzm olunmuş qida maddələri ilə qidalanır. Buna görə də qan qidaların yığılıb ötürülməsində çox mühüm rol oynayır. Süd də bütün bu mərhələlərdən sonra süd vəziləri tərəfindən ifraz edilir və həzm edilmiş qidanın qan dövranı ilə ötürülməsi nəticəsində əmələ gəldiyi üçün onun qidalılığı və dəyəri çox yüksəkdir. Bununla da insanların birbaşa istehlak edə bilməyəcəyi qandan və yarımçıq həzm olunmuş qidadan qidalandırıcı süd əmələ gəlir.
Südü əmələ gətirən ünsürlərin heyvan vücudunda meydana gəldiyi məqam haqqında “Qurani-Kərim”-dəki buyuruqlar müasir dövrdə elmin çatdığı nəticələrə eyniylə uyğundur.
Mövzu ilə əlaqəli “Qurani Kərim”də süd haqqında belə buyurulmuşdur:
“Şübhəsiz ki, davarda (sağmal heyvanlarda) da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içirdirik. O, içənlərin boğazından rahat keçər. (Qanın və ifrazatın dadı, qoxusu və rəngi əsla südə qarışmaz. Əksinə, südə elə bir təm verərik ki, içənlərə xoş gələr)”. (əl-Nəhl, 16/66).
“Onların (o heyvanlarda başqa-başqa) mənfəətləri və içəcəkləri (südləri) də var. Hələ də şükür etməzlərmi?” (Yasin, 36/73).
Ayələrdə haqqında bəhs edilən bağırsaq içərisi və qan ibarələri kimyanın və həzm fiziologiyasının əldə etdiyi inkişafla müasir dövrdə yeni-yeni anlaşıla bilinmişdir. Bu bilgilər Həzrəti-Peyğəmbərin (s.ə.v.) zamanında dəqiq elmin nöqteyi-nəzərində tamamilə məchul idi. Bunlar ancaq XXI əsrin ortalarında aşkarlanmışdır.
Ərəb alimi Ibni Nəfs 1242-ci ildə insan bədənindəki qan dövranı haqqında ilk dəfə düzgün olaraq ifadə edən şəxs olmuşdur. Ingilis həkim Vilyam Harveyin 1628-cı ildə elan etdiyi qan dövranı modeli isə mövzu haqqındakı məlumatların yayılmasında təsirli olmuşdur. Dolayısı ilə Quranda südün tərkibinin əsl mənbəyi əsrlərlə əvvəl ən düzgün tərzdə tərif edilmişdir. Məməlilərin həzm sistemi, qan dövranı ilə bağlı ixtisaslaşma tələb edən bu məlumatın Quranın göndərildiyi dövrdə insanlar tərəfindən bilinməsinin mümkün olmayacağı məlum məsələdir. Göründüyü kimi, “Nəhl” surəsinin 66-cı ayəsində südün bioloji proseslər nəticəsində əmələ gəlməsi ilə bağlı şərh edilənlər fiziologiya, anatomiya kimi elmlərin günümüzdə ortaya qoyduğu məlumatlara tam uyğundur.
Deməli, südün əmələ gəlməsi haqqındakı Allah kəlamı qan dövranı kəşf edilməzdən 10 əsr əvvəlki dövrə təcadüf edir. Başqa sözlə Vilyam Harvey tərəfindən 1628-ci ildə kəşf edilmiş, qan dövranı “Qurani-Kərim” nazil olandan, təxminən 10 əsr sonrakı zamana aiddir.
Bu deyilənlərə əsasən, “Qurani-Kərim”in ayələrində gözə çarpan bu elmi həqiqət özlüyündə sübut edir ki, bu elmi görüşlər heç bir vəchlə bəşəri bir qaynaqla izah edilə bilməz. Bütün bunlar bir olan Allahın izni ilə təbiətdə baş verən proseslərdəndir.
Biz hamımız süd içmişik. Bu təbii qida Allahın izni və möcüzəsi ilə təbiətin insanlara bəxş etdiyi və qadınların orqanizmindən (eləcə də sağmal heyvanların) ifraz olunan xüsusi tərkibli maddədir. Bu bir möcüzədir ki, erkək və dişi hayvanların hər ikisi eyni yemlə bəslənir, süd isə yalnız dişi heyvanların süd vəzilərində əmələ gəlir və nəslin əsas qidası üçün istifadə edilir. Hələ qədimdən vəhşi heyvanlar əhilləşdirilib onların yeni cinsləri artırılarkən, həmin heyvanlar balalarının qidasından artıq süd verməyə başladılar. Həmin süd insanlar üçün sağlam və dəyərli qida mənbəyinə çevrildi. Süd çox təmiz bir qidadır. Bu onun ağ rənginə görə bilinir. Süd eyni zamanda dişi heyvanların və qadınların orqanizmində əmələ gələn digər ifrazatlar kimi onların orqanizminə lazım olmayan bir məhsuldur.
Deməli süd sağlam ev heyvanlarının orqanizmində daima yenidən əmələ gələn məhsuldur. Lakin elm sübut etmişdir ki, süd birbaşa yemdən əmələ gəlmir. Yemin tərkibində olan qidalı maddələr (karbohidratlar, yağlar, azotlu maddələr, o cümlədən zülallar), vitaminlər, mineral maddələr və digər bioloji fəal maddələr həzm prosesi nəticəsində qana sovrulur, qan heyvan orqanizmində dövran edir və süd vəzilərindən keçərkən orada süd hasil olunur. Hasil olunan süd heyvanın süd vəzilərində (yelində) toplanır və müəyyən vaxtlarda (gündə iki dəfə - səhər və axşam, bəzən üç dəfə, günorta da) sağılır və müxtəlif qida məhsullarının hazırlanmasında istifadə olunur. Göründüyü kimi qanın heyvanın yaşaması üçün orqanizmdə dövr etməsi südün də əmələ gəlməsinə səbəb olur. Müəyyənləşdirilmişdir ki, 1 litr südün əmələ gəlməsi üçün heyvanın yelinində 2000 litr qan dövr etməlidir.
Süd nəslin artırılması və insanların qidası üçün çox vacib qidalı və pəhriz əhəmiyyətli bir qida məhsuludur.
Süd haqqında olan ibrətamiz hikmətin əsas mənası da Yaradanın hökmü ilə təbiətdə baş verən möcüzəli dəyişikliklərdir ki, bu da insanların rifahı üçün nəzərdə tutulmuşdur. Bütün bunlar Yaradanın buyuruqlarının hikmətinə işarə ilə onun mahiyyətini əks etdirir. Çünki yağış torpağa yeni həyat verdiyi kimi süd və ondan alınan məhsullar, arı balı, xurma və üzümlərdən alınan məhsullar insanların yaşaması üçün vacib hesab edilən qida məhsuludur.
Südün və süd məhsullarının qidalılıq dəyəri və pəhriz əhəmiyyəti müasir elmi tədqiqatlarla sübuta yetirilmişdir. “Qurani-Kərim”də ananın öz uşağını iki il əmizdirməsi barədə ayə nazil olmuşdur.
Dostları ilə paylaş: |