Nəcib yeməklərə izn verilir
“Ey insanlar! Yer üzündəki şeylərin təmiz, halal olanlarını yeyin. Şeytanın izi ilə getməyin! Həqiqətən, o (Şeytan) sizinlə açıq-açığına düşməndir”. (əl-Bəqərə, 2/168).
Xudavəndi-aləm insanları onlar üçün yer üzündə yaratdığı nemətlərdən istifadə etməyə və şeytana qulaq asmayıb, Onun qadağan etdiklərini yeməməyə dəvət edir.
Allah möminlərə bu sözlərlə müraciət edir: “Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin! Allaha ibadət edirsinizsə, (bu nemətlərə görə) Ona şükr edin”. (əl-Bəqərə, 2/172).
“O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir. Lakin naəlac qaldıqda (başqasının malını) zorla mənimsəmədən və həddini aşmadan (zəruri ehtiyacı ödəyənə qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!” (əl-Bəqərə, 2/173).
Yemək üçün qadağan olunan şeylər haqqında “əl-Maidə” surəsinin 3-cü ayəsində buyurulur:
“Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah demədən) kəsilmiş, boğulmuş (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş – canı çıxmamış heyvanlar müstəsnadır – dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır... Kim aclıq üzündən naçar qalarsa, (çətinliyə düşərsə) , günaha meyl etmək niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! “. (əl-Maidə, 5/3)
Habelə “əl-Ənam” surəsinin 145-ci ayəsində deyilir: (Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddini aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər (bunlardan yesə, Allah ona cəza verməz). Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir!”. ( əl-Ənam, 6/145).
Islam ölmüş heyvan ətini, qanı, donuz ətini, Allahdan başqasının adı ilə kəsilmiş heyvan ətini qadağan edir.
Dostları ilə paylaş: |