BALIQLAR: orqanizminin bütün mərhələsində qəlsəmə ilə tənəffüs etmək xüsusiyyətinə malik olan çənəağızlı onurğalı su heyvanıdırlar.
Balıqların əksəriyyəti bütün ömrü boyu qəlsəmələrlə, az qismi isə həm də atmosfer havası ilə tənəffüs edir. Bəzi növlərdə əlavə tənəffüs orqanları inkişaf etmişdir. Balıqlarda hərəkətli çənələr, tək və cüt üzgəclər əmələ gəlmişdir.
Tək üzgəclərə bel, quyruq və anal üzgəcləri, cüt üzgəclərə isə döş və qarın üzgəcləri aiddir. Başın üstündə öndə bir cüt qoxu dəliyi yerləşir. Dərinin üzəri, adətən, pulcuqlarla örtülü olur. Bədən forması çox müxtəlifdir.
Kütləsi 15 qr–dan 1400 kq-dək, uzunluğu 1 sm-dən 25 m-dək olan balıqlar vardır. Köpəkbalığının uzunluğu 20 m, kütləsi 20 tona çatır. Ən kiçik balıq isə Sakit Okeanda yaşayan mistixsis adlı balıqdır. Onun uzunluğu 12-14 mm-dən çox olmur. Balıqlar saatda 2 km-dən 130 km-ə kimi (qılıncbalıq)üzə bilir. Bəzi balıqlar (qızıl balıq, çay ilanbalığı və s.) həyatında bir dəfə nəsil verir, kürü tökdükdən sonra ölür. Bəzi balıqlar isə (sultan balığı, korifen adlı balıq) ölümqabağı rəngini dəyişir.