Mənsurdan Haruna qədər
Mənsurun dövründə yenidən ələvilər təzyiqlərə məruz qalmağa başladılar. Belə ki, Süyuti yazır: “Mənsur ələvilərlə abbasilər arasında fitnə odunu yandıran ilk Abbasi xəlifəsi idi. H. c. 145-ci ildə Mənsurun hakimiyyətinin doqquzuncu ilində Abdullah ibn Həsən ibn Əli ibn Əbu Talibin övladları Məhəmməd və İbrahim Mənsur əleyhinə qiyam etdilər. Lakin onlar ikisi və onlarla birgə qiyam edən bir çox şiələr həlak oldular”.1
Məhəmməd yazır: Mənsurun hüzuruna getdim. Dərin fikrə dalmışdı. Nə üçün belə fikirli olduğunu soruşdum. O, dedi: “Fatimə (ə) övladlarından min nəfərini qətlə yetirmişəm. Lakin onların öndəri İmam Sadiq (ə) hələ də sağdır”.2
Mənsurun şiələrə qaranlıq və nəm zindanlarda, divar aralarında işgəncə verməsi tarixi qaynaqlarda öz əksini tapmışdır1.
Mənsurun əmri ilə qətlə yetirilən görkəmli şiələrdən biri də Müəlla ibn Xüneysdir. O, İmam Sadiqin (ə) yaxın səhabəsi və xəzinədarı idi. Mənsur Mədinə hakimi Davud ibn Ürvədən onun öldürülməsini tələb etdi. Davud Müəllanı hüzuruna çağırtdırıb onu ölümlə hədələdi. Ondan şiələrin adlarını deməsini istədi. Müəlla müqavimət göstərərək dedi: “Əgər onlardan birinin adı yazılmış kağız ayağımın altında olsa, heç bir zaman ayağımı qaldırmaram”. Davud onu öldürüb başını nümayiş etdirdi. O, nəhayət İmam Sadiqi (ə) də zəhərləyərək şəhid etdi2.
Həmin vəziyyət Mehdi Abbasi (h. c. 169-167) Hadi Abbasi (15 ay) və Harun ər-Rəşidin (h. c. 170-193) dövründə də davam etdi. Onlar da Mənsurun üsuli-idarəsinə sadiq qalaraq ələvilərə işgəncə verməyi davam etdirdilər. Məhəmməd ibn Əbu Ümeyr və Fəzl ibn Şazan onların əmri ilə zindanda işgəncələrə məruz qaldılar. Hişam ibn Həkəmin də tutulmasına fərman verilmişdi. Lakin o, gizlənə bilmişdi. Həmid ibn Qətəbənin Harunun əmri ilə törətdiyi cinayət də tarixin yadaşına həkk olunmuşdur.3
Dostları ilə paylaş: |