Şiəlik İmam Rzanın (ə) dönəmində
Məmun Abbasi İmam Rzanı (ə) vəliəhd təyin etməsi ilə zahirdə də olsa şiə və ələvilərin diqqətini cəlb edə bildi. Demək olar ki, şiələrin hakimiyyətdə təmsil olunması İmamın (ə) vəliəhd olması ilə bağlıdır. Əlbəttə, ondan öncə də Əli ibn Yəqtin İmam Kazimin (ə) məsləhəti ilə hakimiyyətdə təmsil olunurdu.1
Bu dövrdə şiəlik zahirən siyasi rəng almağa başladı. Məmun özünü şiə kimi göstərirdi. Bir tarixi qaynaqda deyilir: “Məmun İraqa gəldikdən sonra dövlət işlərini etiqadca şiə olanlara tapşırmağa çalışdı. Digərlərinin də dövlətdə təmsil olunmalarını qəbul etdikdən sonra iki nəfərdən birini şiələrdən təyin edirdi”.2
Məmundan sonra Mötəsim Abbasi və Mütəvəkkil Abbasi bu üsuli-idarəni dəyişdi. Hədis əhlini müdafiəyə qalxıb, mötəzilə və şiələrlə mübarizəyə başladılar. Mütəvəkkil Abbasi şiə və ələvilərlə düşmənçiliyini son həddə çatdırdı. Belə ki, o, İmam Hüseynin (ə) qəbrini viran qoydu və oranın şumlanaraq əkilməsini əmr etdi.3
Lakin şiələrə qarşı bu mövqe çox da davam etmədi. Müqtədir Abbasi hakimiyyətə gəldikdən sonra Bağdad və digər bölgələrdə şiələr inkişaf etməyə başladılar. Bu dönəmdə görkəmli şiələr hakimiyyət dairələrində təmsil olunmağa başlaılar.
Şeyx Tusi yazır: Həkəm ibn Ülya deyirdi: “Mən Bəhreynin valisi idim. Orada çoxlu var-dövlət əldə etdim. Bir miqdarını yoxsullara payladım. Qalan miqdarını da torpaq sahəsi aldım. Sonra uzun müddət oranın xümsünü İmam Cavadın (ə) yanına gətirdim”.1
İmam Cavadın (ə) şiələrindən olan Hüseyn ibn Abdullah Nişapuri uzun müddət Sistan vilayətinin valisi vəzifəsində çalışdı.2
İmamiyyə şiələrinin hakimiyyət dairələrində təmsil olunması son imamların (ə) dövründə daha geniş hal aldı. On birinci imamın (ə) dönəmində çoxlu sayda şiə hakimiyyətdə mühüm vəzifələr tuturdular.
Dostları ilə paylaş: |