Təbərinin və başqalarının qeyd etdiyinə görə, Osmanın xilafəti dönəmində sənalı yəhudi Abdullah ibn Səba İslamı qəbul etdi. O, öz fikirlərini İslam dünyasının müxtəlif bölgələrinə (Kufə, Şam, Misir, Bəsrə və s.) etdiyi səfərlər zamanı təbliğ edirdi. O, İslam Peyğəmbərinin (s) və həzrət İsanın (ə) yenidən yer üzünə qayıdacağına böyük inam bəsləyirdi. Onun inancına görə, hər bir peyğəmbərin canişini olduğu kimi, sonuncu ilahi elçi olan İslam Peyğəmbərinin (s) də canişini olmuşdur. Onun canişini Əlidir (ə). Osman onun haqqını qəsb və ona zülm etmişdir. Buna görə də İslam ümməti qiyam edib hakimiyyəti devirməli və Əliyə (ə) təhvil verməlidir. Həmin dövrdə Əbuzər, Əmmar, Məhəmməd ibn Əbu Hüzeyfə, Əbd ər-Rəhman ibn Məhəmməd ibn Əbu Bəsir, Səsəə ibn Suhan Əbdi, Malik Əştər və s. bu kimi səhabələr onun fikirlərinə aldanaraq təsir altına düşmüş və iman gətirmişdilər. Bu təhrikedici fikirlər nəticəsində bəziləri zamanın xəlifəsinə qarşı üsyan edib onu qətlə yetirdilər. Bu qruplaşmanın Cəməl və Siffeyn döyüşlərində də böyük təsirləri olmuşdur1.