1. Seyf ibn Ömərin zəif rəvaytətçi olması;
Seyf ibn Ömərin etibarlı rəvayətçi olduğunu bildirən Doktor Əsgəriyə cavab olaraq deməliyik ki, Seyf haqqında söhbət açan əhli-sünnə hədisşünasları və rical alimləri onun zəif rəvayətçi olduğu haqda yekdil fikir irəli sürmüşlər. Onu dəyərləndirərək zəif rəvayətçi olduğu haqda deyilən ibarələr fərqlidir. Bəziləri “Hafiz ibn Həcərin və Zəhəbinin sözlərindən onun etibarlı olduğu anlaşılır” - deyə bildirmişlər; lakin həqiqət budur ki, heç kim onun etibarlı olduğunu qeyd etməmişdir. Elm adamlarının onun haqqında qeyd etdiklərini nəzərdən keçirək:
1. Rəvayətçilərin dəyərləndirilməsi üzrə əhli-sünnədən olan böyük mütəxəssis Yəhya ibn Muin (hicri 232) onun haqqında deyir: "Bir (dəmir) pul ondan daha dəyərlidir". Digər kitabda isə deyir: "O, zəif rəvayətçidir".
2. Əbu Zurə Razi (hicri 264) deyir: "Onun nəql etdiyi hədislər zəifdir".
3. "Sünən" əsərinin müəllifi Əbu Davud (hicri 377) deyir: "O, bir şey hesab olunmur". Bu ifadə rəvayətçini etibarsız sayacaq ən güclü ifadələrdəndir.
4. Əbu Hatəm Razi (hicri 377) deyir: "O, hədisşünaslar tərəfindən tərk edilmişdir. Onun hədisləri Vaqidinin hədislərinə bənzəyir".
5. Yəqub ibn Süfyan Fəsəvi (hicri 277) Seyf haqqında yazır: "Onun hədis və rəvayətləri heç bir dəyərə malik deyil".
6. Nisai (hicri 303) "əz-Züəfa və əl-mətrukin" kitabında yazır: "O, zəif rəvayətçidir".
7. Təbəri (hicri 310) “Tarix” əsərində rəvayətçiləri dəyərləndirməməsinə, nəql etdiyi zəif rəvayətçilər haqqında heç bir eyham belə vurmamasına baxmayaraq, bir neçə yerdə Seyf ibn Ömər haqqında yazır: "Seyf yekdil rəyə qarşı getmişdir"1.
8. Əqili (hicri 322) "əz-Züəfa əl-kəbir" əsərində yazır: "Seyfin hədislərinin böyük əksəriyyətinə əhəmiyyət verilmir".
9. Əbd ər-Rəhman ibn Əbu Hatəm (hicri 327) "əl-Cərh vət-tədil" əsərində Seyf haqqında yazır: "O, mətruk əl-hədisdir".
10. İbn Səkən (hicri 353) deyir: "Seyf zəif rəvayətçidir"2.
11. İbn Hibban (hicri 354) "əl-Məcruhin" kitabında Seyfin də adını çəkərək yazır: "O, etibarlı adamlardan saxta hədislər nəql edirdi. Özündən də hədis qondardığı halda söhbət gəzir. O, kafirlikdə də ittiham olunmuşdur".
12. İbn Ədi (hicri 365) "əl-Kamil fi əz-züəfa ər-rical" kitabında Seyf haqqında yazır: "Onun bəzi hədisləri məşhur, əksər hədisləri isə münkərdir (mərduddur)".
13. Darqutni (hicri 385) "əl-İləl" kitabında Seyfin "mətruk" və zəif olduğunu qeyd edir.
14. "Müstədrək əs-səhiheyn" kitabının müəllifi Hakim Nişapuri Seyf haqqında yazır: "Seyf kafirlikdə ittiham olunur".
15. Əbd əl-Birr (hicri 463) Əbu Hatəmin Seyf haqqında söylədiklərini qeyd edərək təsdiqləmişdir.
16. Əbu əl-Cövzi (hicri 571) onun adını "əz-Züəfa" kitabında zəif rəvayətçilər sırasında qeyd etmişdir.
17. Zəhəbi (hicri 747) "əl-Kaşif" kitabında yazır: "Alimlər onu tərk etmiş və allahsızlıqda ittiham etmişlər"3.
18. İbn Həcər (hicri 852) "Təqrib ət-Təhzib" əsərində yazır: "O, hədis nəqli baxımından zəif rəvayətçidir"4.
19. Şeyx Məhəmməd Ərəbi Təbani yazır: "Seyf ibn Ömər hədis qondaran, kafirlikdə ittiham olunan rəvayətçidir. Onun yalnız kimliyi bəlli olmayan rəvayətçilərdən hədis nəql etməsi yekdil rəylə sübut olunmuşdur"5.
O, yazır: “Tənqidçilər onun yalnız kimliyi bəlli olmayan rəvayətçilərdən hədis nəql etməsi haqqında yekdil fikirdədirlər"6.
20. Müasir alimlərdən Nasir əd-Din Albani də Seyf ibn Ömərin hədislərinin zəif olduğunu qeyd etmişdir"7.
21. Müasir alimlərdən Əkrəm Əmri yazır: "Təbəri son dərəcə zəif rəvayətçilərdən hədis nəql etmişdir. Belə rəvayətçilərdən Hişam ibn Kəlbi və Seyf ibn Ömərin adını çəkmək olar.
Dostları ilə paylaş: |