6. Yezid Fəqəsi.
Bu şəxs Abdullah ibn Səba haqqındakı hədisin sənəd silsiləsinin sonunda yer alıb. Yəni hədisin sənəd silsiləsi onun adı ilə başlayır. Lakin onun kim olduğu məlum deyil. Rical kitablarında belə bir ad qeyd edilməmişdir. Çox güman ki, o da Seyf ibn Ömərin uydurduğu əfsanəvi rəvayətçilərdəndir. Çünki Seyf şəxsiyyətindən bundan artığını gözləmək olmaz.
SEYF İBN ÖMƏRİN RƏVAYƏTİ
Əgər Seyf ibn Ömərin rəvayətini tarixi qaynaqlardan çıxarsaq, Abdullah ibn Səba və onun Osmanın qətlindəki rolu haqqında heç bir dəlil olmadığını görərik. Bəli, Abdullah ibn Səba haqqında ilk yazan Seyf ibn Ömər olmuşdur. Təbəri, İbn Əsakir və Zəhəbi də bunu Seyf ibn Ömərdən götürmüş, digər tarixçilər də onlara əsaslanmışlar. Lakin Təbəridən öncəki tarixçilər və ya onun müasirləri Seyfdən sonra yaşamalarına baxmayaraq, Abdullah ibn Səba haqqında hər hansı bir bilgi verməmişlər. Bu haqda nə Vaqidinin, nə İbn Sədin, nə Bəlazurinin, nə Yəqubinin, nə də digərlərinin kitablarında hər hansı bir bilgiyə rast gəlmirik. Çox güman ki, onlar İbn Səbanı əfsanəvi və ya dindən kənar hesab edərək onun fitnələrdəki rolunu inkar etmiş və Seyf ibn Ömərin rəvayətinin əsassız olduğunu düşünmüşlər.
Təbəridən öncə yalnız iki tarixçi Abdullah ibn Səba məsələsinə toxunmuşdur. Bunlardan biri İbn Qüteybədir. O, “Səbaiyyə” haqqında söhbət açarkən yazır: "Onlar Abdullah ibn Səbaya mənsubdurlar. O, rafizilərdən ilk kafir olan şəxsdir. O, "Əli (ə) aləmlərin rəbbidir", - deyirdi. Buna görə də Əli (ə) və səhabələri onu yandırdılar"2. Göründüyü kimi, bunun, İbn Səbanın Osmanın qətlindəki rolu ilə heç bir əlaqəsi yoxdur. Bu, eynilə Əhli-beyt (ə) yolu ilə gələn hədislərdə qeyd edilən tarixi faktdır.
Təbəridən öncə İbn Səba haqqında yazan ikinci tarixiçi Bəlazuridir. O, yalnız bir dəfə İbn əs-Səvda adını çəkir. Lakin digər hadisələr haqqında söhbət açarkən onun adını belə çəkmir.
Dostları ilə paylaş: |