OSMANIN SİYASİ METODU
Osmanın siyasi həyatına dəqiq nəzər salıb onu incələyən hər kəs onun xilafətə müxalif qüvvələrlə çox sərt davrandığının şahidi olar. O, müxaliflərini döydürməklə cəzalandırır və Mədinə şəhərindən çıxararaq ucqar bölgələrə sürgün etdirərdi. Belə olan halda, bir yəhudinin sərbəst şəkildə kütləni xəlifəyə qarşı təhrik etməsinə necə inanmaq olar? Bu, əsla inanılası deyil. Aşağıda Osmanın bəzi səhabələrə qarşı sərt mövqeyini nəzərdən keçirək:
1. Əbuzər Qifari;
Əbuzər beytülmalın bölgüsü zamanı qəbiləsinə qarşı ədalətsiz davranıldığına etiraz etdiyi üçün Osman onu Mədinədən Rəbəzəyə sürgün etdi.
İbn Əbd əl-Birr yazır: "Müaviyə Əbuzərdən şikayət etdiyi zaman Osman onu Mədinəyə çağırtdırıb Rəbəzəyə sürgün etdi və elə orada da dünyasını dəyişdi2.
İbn Əbu əl-Hədid yazır: "Əksər tarixçilərin yazdığına görə, Osman Əbuzəri öncə Şama, Müaviyənin şikayətindən sonra isə Mədinəyə çağırıb oradan Rəbəzəyə sürgün etdi. O, Şamdakı etirazlarını Rəbəzədə də davam etdirirdi3.
Onun bu etirazlardan, Osman əleyhinə siyasi fəaliyyətdən məqsədi insanları Əhli-beytə (ə) doğru yönəltmək idi. Halbuki bütün tarixçilər, rical alimləri Əbuzəri mədh etmiş və Peyğəmbərin (s) onu mədh edən hədislərini qeyd etmişlər.
Əbu Nəim İsfahani onun tərcümeyi-halını yazarkən belə xarakterizə edir: "O, abid, zahid, itaətkar, İslamı qəbul edən dördüncü müsəlman, şirk və küfrü İslamı qəbul etməzdən öncə tərk etmiş bir səhabədir. O, Peyğəmbəri (s) İslam dininin ona verilməsi münasibəti ilə təbrik edən ilk şəxsdir. O, haqq yolunda heç bir qınaqdan qorxmadı, hakimlərin, valilərin qəzəbindən çəkinmədi"4.
Peyğəmbər (s) onun haqqında buyurur: "Əbuzər ümmətim arasında İsa ibn Məryəmin (ə) zahidliyini xatırladır5. Büreydədən nəql edildiyinə görə, Peyğəmbər (s) buyurmuşdur: "Allah-Taala mənə özünün də sevdiyini bildirdiyi dörd nəfərə məhəbbət bəsləməyi tapşırdı. Onlar Əli, Əbuzər, Miqdad və Salman idi"6.
Dostları ilə paylaş: |