3. Şiəliyin genişlənməsi və Ələvilərin məzlumluğu;
Şiə və Ələvilərin Abbasi xəlifələrinin zülmünə məruz qalması şiəliyin genişlənməsinin səbəblərindən biri hesab olunur. İmam Əli ibn Hüseyn (ə) uzun illər atası və Kərbəlada onunla birgə həlak olan digər şəhidlər üçün yas saxladı, göz yaşı axıtdı. Abbasilər bu məzlumluq dalğasından istifadə edib hakimiyyətlərini İmam Hüseyn (ə), məzlumcasına şəhid edilən səhabələri və Yəhya ibn Zeyd üçün axıdılan göz yaşları üzərində qurdular.
Əməvilər ən çox Kufədə, İraqda yaşayan Ələvilərə və bütün şiələrə qarşı amansız davranırdılar. Müaviyə məhkəmələrdə Əli (ə) səhabələrinin şahid qismində dinlənilməsini yasaq etmişdi1. İmam Hüseyn (ə) Müaviyəyə ünvanladığı məktubda yazırdı: “Sən İraq hakimiyyətini Ziyada verdin. Bir halda ki, o, insanların gözünü çıxarır, əl-ayağını kəsir, xurma ağaclarından asdırırdı. (Bütün bunlara rəğmən) sən ona yazdın: “Əlinin (ə) dini xətti ilə gedənləri sağ qoyma!” O da bu tapşırığı həyata keçirərək şiələri öldürür, onlara işgəncələr verirdi2.
Tarixçilərin qeyd etdiklərinə görə, Müaviyə yerlərdə Əlisevərlərə qarşı amansız davranmağı, onlara beytülmaldan pay ayırmamağı, sıxıntılı həyat tərzinə məhkum etməyi, evlərini viran qoymağı əmr etmişdi1. Onların Əhli-beyt əleyhinə düşmən mövqeləri elə bir həddə çatmışdı ki, açıqca “Əliyə lənət oxumadan qılınan namaz namaz deyil”, - deyə car çəkirdilər. Doktor Şeybi şiələrin tarix boyu zülmə məruz qalmaları haqqında yazır: “Şiə tarixi Kərbəladan başlayaraq bir sıra sıxıntı və işgəncədən ibarət olmuşdur”.2
Hücr ibn Ədi və tərəfdarlarının, Əmr ibn Həmiq Xüzainin, Meysəm Təmmar və başqalarının Ziyad tərəfindən öldürülmələri İraqda şiələrin məzlumluğunu bir adət halına gətirmişdi. İmam Baqir (ə) Əhli-beytin (ə) məzlumluğu haqqında buyurur: “Biz daim təhqir olunur, zülmə məruz qalırıq. Bizi hər şeydən uzaqlaşdırır, məhrum edir və öldürürdülər. Biz daim qorxuyla qarşı-qarşıya idik. Hətta dostlarımızın canı belə təhlükədə idi. Şiələrimizi şəhərlərdə qətlə yetirir, ən kiçik bir ehtimalla əl-ayaqlarını kəsirdilər. Bizi sevənlərdən hansının adı çəkilsəydi, zindana atılırdı, əmlakı qarət olunur, evi uçurulurdu. Bu müsibətlər Übeydullah ibn Ziyadın dönəmində artan xətt üzrə inkişafdaydı. Ondan sonra Həccac hakimiyyətə gəldi. O, şiələri qətlə yetirir, ən kiçik bir ehtimalla həbs etdirirdi. O zaman şiələrin vəziyyəti o qədər acınacaqlı idi ki, Həccac üçün kiməsə kafir, allahsız demək şiə deməkdən yaxşı idi” 3.
Şiələrin zülmə məruz qalması onların sevilməsinin ümdə səbəblərindəndir. Belə ki, Zeyd və oğlu Yəhyanın başına gələnlər Xorasanı bütünlüklə Bəni-Haşimə doğru sövq etdi. Lakin Abbasilərə meyilli olan Əbu Müslim hadisələrin axırını yanlış istiqamətə yönəldərək xilafətin həqiqi sahiblərinin, yəni Ələvilərin əlinə düşməsinə imkan vermədi.
Dostları ilə paylaş: |