5. Həqiqətlərin təhrif olunması;
Bir çoxlarının şiəliyə yönəlməsinin səbəblərindən biri də şiəliklə bağlı həqiqətlərin əhli-sünnə elm adamları tərəfindən təhrif edilməsidir. Çünki insaflı şəxslər şiələrlə qarşılaşdıqda bu həqiqətlərin təhrif olunduğunu müşahidə edir və şiəliyin haqq və məzlum olması qənaətinə gəlirlər. Onlar başa düşürlər ki, batil olmayan məzhəb həqiqətlərinin üstünün açılmasından qorxmamalı, digərlərini ittiham etməməlidirlər.
Ustad Həsən ibn Fərhan Maliki müsəlman elmi ictimaiyyəti tərəfindən tanınan parlaq simalardandır. O, diskussiyalarda insaflı mövqeyi ilə məşhur bir elm adamıdır. Səudiyyə Ərəbistanında yaşamasına baxmayaraq, onun bu mötədilliyi vəhhabilərin qəzəbinə səbəb olmuşdur. Çoxlu sayda elmi əsərlər qələmə alan Həsən ibn Fərhan Maliki (16. 11. 2000 tarixli) “əl-Məcəllə”, (say: 1082) jurnalında dərc etdirdiyi “Qiraətun fi ət-təhəvvülat əs-sünniyyə li əş-şiə” adlı məqaləsində böyük şəxsiyyətlərin şiə olması və şiəliyin yayılması haqqında yazır: “Ticani İraqa getmiş və orada şiəliklə bağlı həqiqətləri yaxından müşahidə etmişdir. O, bizim dindən çıxmaqda ittiham etdiyimiz şiələrin dinə necə bağlı olduqlarını öz gözləri ilə görmüşdür. Yalanların üzə çıxması müasir gəncliyin qarşılaşacağı ən təhlükəli və danılmaz faktdır. Biz tarixdən dərs almalı və digərlərini olduqları kimi göstərməyə çalışmalıyıq. Kim olması mühüm deyil. İstər qərbli olsun, istərsə də şərqli, biz onlar haqqında həqiqəti deməliyik. Hətta bu, xeyrimizə olmasa belə, biz müasir gənclik qarşısında özümüzü gözdən salmamalıyıq”.
O, yazır: “Doktor Ticani və digərlərinin dəyişilməsinin başlıca səbəblərdən biri yaranan yanlış mənzərədir. Hansı ki, bu gerçək olmayan mənzərəni biz özümüz yaratmışıq.
Əhli-sünnə ifratçı və radikalları şiəliyi belə təqdim edirlər: Onlar Əliyə pərəstiş edir və Cəbrailin səhv etdiyini düşünürdülər. Onların məqsədi şiəlik vasitəsi ilə İslamı məhv etməkdir. Onların Quranı Quranımızla tam fərqlidir. Onlar İslama kin bəsləyirlər. Onların nikahı zina yolu ilə gerçəkləşir və s. bu kimi ittihamlar. Hansı ki, əhli-sünnə bu ittihamlarla gənclərin şəkkini artırır. Beyni şiələrə qarşı bütün bu ittihamlarla dolu olan Doktor Ticani şiələrin ən sıx yaşadığı bölgələrə gedir və bütün bunların iftira olduğunu gördükdə öz məzhəbinin öndərlərinə olan inamını əldən verir. Gənclərimiz bu şəkildə dəyişir və onlarda məzhəbimizə qarşı şübhə yaranır. Kimsə bunun əksini gözləməsin”.
“Bəli, İmamiyyə şiələrinin arasında Quranın təhrif olunması qənaətində olanlar olmuşdur. Lakin bu, azlıq təşkil edir. Şiə alimlərinin çoxu həmin fikirdə olanları tənqid məqsədi ilə kitab yazmışlar”.
“İctihad iddiasında ifrata varılması Ticaninin əhli-sünnə məzhəbinə qarşı nifrətinə səbəb olan amillərdəndir. Çünki gördüyünüz kimi, o bizim, Müaviyənin Əli (ə) ilə döyüşməsi, səhabələri qətlə yetirməsi, Hücr ibn Ədini öldürməsi, minbərlərdə Əliyə (ə) qarşı nalayiq sözlər söylətməsi, Ziyadı irəli çəkməsi, hədislərə qarşı mübarizə aparması, Yezidin İmam Hüseyni (ə) qətlə yetirməsi, Mədinədə “Hərrə” hadisəsində hər şeyi mübah etməsi və s. haqqındakı “ictihad” fikrimizə istehza ilə yanaşır. Əslində bu fikirlər bizim əhli-sünnədən olan sələflərimizə aid deyil. Bunlar özünü əhli-sünnə kimi təqdim edən nasibilərə aiddir”.
“Əhli-sünnə mənsubları öz müasirlərinin fikrini yayındıraraq Əhli-beytdən (ə) olan imamların tərcümeyi-halını belə gizlətmişlər. Ticani təsadüfən onların keçdiyi həyat yolu ilə qarşılaşır. Bu bilgilər bizim təhsil ocaqlarımızda, hədis qaynaqlarımızda yad edilmir və onların fəziləti, elmi haqqında heç bir məlumat verilmir. Bütün bunları görən Ticani təbii ki, onlara maraq göstərir”.
Dostları ilə paylaş: |