ŞİƏ SÖZÜNÜN LÜĞƏT MƏNASI
Şiə sözü leksik baxımdan iki məna ifadə edir:
1. İki fərdin və ya iki qrupun, biri digərinə tabe olmadan əqidə və əməl baxımından razılaşması, uyğunlaşması.
“Lisan əl-ərəb” kitabında deyilir: “Şiə bu və ya digər məsələ haqqında razılaşma əldə edən qruplaşmaya deyilir. Deməli, bu və ya digər məsələ ətrafında birləşən insan toplumuna şiə deyilir”3. Şiə sözü həmin mənada Qurani-kərimdə də işlədilmişdir. Belə ki, həzrət İbrahimdən (ə) Nuhun (ə) şiəsi kimi söhbət açılır. وَ إِنَّ مِن شِيعَتِهِ لَابْرَاهِيم “Həqiqətən, İbrahim də onun yolu ilə gedənlərdən (onun şiələrindən) idi” (“Saffat”, 83).
Həzrət İbrahim “Ülül-əzm” peyğəmbərlərdən biri, şəriət sahibi və Nuhun (ə) davamçısıdır. Onun tövhid əqidəsi Nuhun (ə) tövhid əqidəsi ilə müvafiq olduğu üçün, o, Nuhun (ə) şiəsi adlandırılmışdır.
Bu mənanın ifadə edilməsində zaman ardıcıllığı şərt deyil. Yəni xəlifələr öz sələflərinin şiələri ola bildikləri kimi, bunun əksi, sələflərin xəlifələrin şiələri olduğunu da demək mümkündür4. Belə ki, Qurani-kərimdə oxuyuruq: وَ لَقَدْ أَهْلَكْنَا أَشْيَاعَكُمْ فَهَلْ مِن مُّدَّكِر“And olsun ki, Biz sizin şiələriniz kimiləri (çox) məhv etmişik. Amma heç ibrət alan varmı?! (“Qəmər”, 51)
Ayədə sözügedən “şiələr” ifadəsi keçmiş ümmətlərdəki müşrik və kafirlərin Peyğəmbər (s) zamanının müşrik və kafirlərinə oxşadığını ifadə edir5.
2. Digərinə itaət etmək. “Qamus əl-mühit” kitabında deyilir: “Bir şəxsin şiəsi onun tabeliyində olan tərəfdarıdır”. Digərlərinin əqidəsinə tabe olmaqda adətən həmin insanlara məhəbbətin də təsiri olur. “Şiə” sözünün bu mənasının kökündə də sevgi, məhəbbət anlayışları dayanır. Belə ki, Qurani-kərimdə həzrət Musanın (ə) tərəfdarı olan qibtli şəxs haqqında deyilir: فَاسْتَغَاثَهُ الَّذِى مِن شِيعَتِهِ عَلىَ الَّذِى مِنْ عَدُوِّه “(Musanın adamlarından olan kəs) Musanın şiəsi düşməninə qarşı ondan imdad istədi” (“Qəsəs”, 15). Qeyd olunan iki mənanın ikincisi daha işləkdir. “Şiə” sözünün birinci mənanı ifadə etdiyinə bir dəlil olmadığı zaman, daim ikinci məna başa düşülür. Lüğət və təfsir kitablarında da bu şəkildə izah edilmiş və ikinci mənaya daha çox üstünlük verilmişdir.
Dostları ilə paylaş: |